Psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir

 

Professor Fuad İsmayılov: “20-30 il əvvəl axşamlar xəbərlərə qulaq asar, gün ərzində 1-2 saat qəzet oxuyardıq. İndi hər dəqiqə çox fərqli informasiyalar alırıq”

Müsahibimiz ATU-nun Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovdur.

– Fuad doktor, insanın psixi sağlamlığı deyəndə, öncə ağlımıza nə gəlməlidir? Hansı psixi xəstəliklər daha geniş yayılıb?

– Əvvəla onu deyim ki, psixi sağlamlıq və psixi pozuntu başqa-başqa anlayışlardır. Psixi sağlamlıq insanın həyat keyfiyyətinin yüksək, davranış formalarının effektiv, sosial rifahının yaxşı olmasını şərtləndirir. İnsanın öz resurslarını, potensialını realizə etmək bacarığı, ətraf mühitlə və digər insanlarla normal münasibət qurması psixi sağlamlıqdır.

İnsanın normal yaşaya bilməməsi, başqaları ilə normal münasibətlər qurmaması və normal işləməməsi isə psixi pozuntu kimi qiymətləndirilir. Psixi pozuntuların yüngül, keçici və ağır formaları var ki, bu sıralamada depressiyalar, təşviş və adaptasiya pozuntuları, həmçinin əlilliyə gətirib çıxaran şizofreniya, şəxsiyyət pozuntusu və digər xəstəliklər xüsusi yer tutur.

– Rəhbərlik etdiyiniz Psixi Sağlamlıq Mərkəzi insanlara hansı problemlər üzrə və nə cür köməklik göstərir?

– Bizim mərkəz Səhiyyə Nazirliyinin qəbul etdiyi tibbi sağlamlıq üzrə Milli strategiyanın tərkib hissəsi olaraq 2012-ci ildə yaradılıb. Mərkəz öz fəaliyyətini iki əsas istiqamət üzərində qurur. Birinci istiqamət odur ki, biz ölkə səviyyəsində bütün statistikanı aparır, psixi sağlamlıq üzrə müxtəlif proqramlar işləyib hazırlayırıq. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində psixi sağlamlıq sahəsində olan resursları, o cümlədən insan resurslarını inkişaf etdirməyə çalışırıq.

İkinci istiqamətimiz isə psixi sağlamlıq üzrə bütün dünyada mövcud olan icma əsaslı xidmətlərdir. Mərkəzimizdə bu xidmətlər ayrı-ayrı şöbələr vasitəsilə həyata keçirilir. Krizis şöbəsində daha çox II Qarabağ müharibəsi zamanı travmatik şok keçirən, zərər çəkən qazilərimizə psixoloji, bəzən də psixiatrik xidmətlər göstərilir. Reabilitasiya şöbəsinin başlıca prioriteti isə insanın adaptasiyasını yüksəltməkdir. Burada psixoloqlar, sosial işçilər, reabilitasiya üzrə mütəxəssislər və əmək terapevtləri bütöv bir komanda olaraq çalışırlar. Bir məqama da toxunum. Məlumdur ki, psixiatriya xəstəxanasında müalicə alanların qohumları, tanışları əksər hallarda onlardan uzaqlaşdığından, həmin xəstələrin psixi durumu daha da pisləşir. Bu baxımdan mərkəzimizdə adi stasionarın alternativi olan gündüz stasionarının fəaliyyət göstərməsi də müsbət nümunədir. Çünki stasionarda aldğı xidmətin eynisini ambulator şəkildə alan xəstələr gündüz saat 2-3-dən sonra evlərinə gedir, əlavə kompleks yaşamırlar.

– Mərkəzə son zamanlar ən çox hansı problemlərlə bağlı müraciət edirlər?

– Son bir ili nəzərə almasaq, deyərdim ki, bütün problemlərlə bağlı müraciətlər olur. Mərkəzimizə təkcə zəruri reabilitasiyaya ehtiyacı olan psixi xəstələr deyil, sırf psixioloji problemlərlə üzləşən şəxslər, normal yola gedə bilməyən ər-arvadlar, həmçinin uşaqlar da gələrək ailə psixoloqlarımıza müraciət edirlər. Amma son vaxtlarda ən çox müraciət edənlər müharibədən sonra posttravmatik stress pozuntusu yaşayan qazilərimizdir. Mərkəzimizə hər gün ən azı 7-8 qazi müraciət edir. Onlara orta krizis şöbəsində köməklik göstəririk. Belə bir qayda da yaratmışıq. Eyni gündə müalicəvi konsultativ və krizis şöbələrinə müraciət edənlərin yerlərini növbəti günlərdə dəyişirik.

– Müasir dövrümüzdə psixi xidmətlərdən biri də art-terapiyadır. Bu müalicə üsulu özünü doğruldurmu?

– Bizdə bu xidmət əla səviyyədədir. Yaxşı bir art-terapevtimiz var. Mehriban Şəmşəddinskaya. Peşəkar rəssamdır. O, İngiltərədə, digər ölkələrdə art-terapiya üzrə təhsil alıb. Reabilitasiya şöbəsinin xüsusi otaqlarında həm uşaqlarla, həm də böyüklərlə art terapiyası aparır. Burada xəstələr də nəsə düzəldirlər. Mərkəzin foyesində, mənim kabinetimdə, ayrı-ayrı otaqlarda gördüyünüz rəsmlər də pasiyentlərimizin, əsasən də uşaqların əl işləridir. Bu iş əvvəllər qrup şəklində aparılırdı. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq fərdi qaydada aparmağa məcbur olduq. Çünki bir otaqda 10 nəfərdən çox adamın qalmasına icazə verilmir.

– Terapiyada və cərrahiyyədə dəqiq diaqnoz qoymaq üçün tibbi avadanlıqlar həkimin işini xeyli asanlaşdırır. Psixi xəstəliklər sahəsində isə vəziyyət fərqlidir.

– Psixiatriya başqa tibb sahələrindən o qədər də fərqli deyil. Çünki ürək də orqandır, beyin də. Düzdür, ürək həkimlərinin kardioqrafiya, exokardioqramma avadanlıqlarından və cürbəcür analizlərdən, hansısa müasir üsullardan istifadə etmək imkanları daha böyükdür. Bizdə təbabətin bütün sahələrində geniş tətbiq edilən maqnit rezonans tomoqrafiyası olmasa da, elektroensefaloqramma və digər aparatlar var. Ümumiyyətlə, bütün həkimlər, o cümlədən terapevt də, psixiatr da savadlı olmalıdır. Bəzi adamlar psixiatrı psixoloqla qarışdırır. Onlar elə fikirləşirlər ki, psixi xəstəliklər başqa, somatik xəstəliklər tam başqadır. Əslində isə belə deyil. Deyə bilərəm ki, bir çox fiziki xəstəliklər psixi pozuntular əmələ gətirir. Məsələn, fiziki endokrin xəstəlik olan şəkərli diabet. Bu xəstəlik zamanı insanlarda ən azı depressiya olur. Bronxial astma xəstələrində tez-tez panik ataklar, təşviş pozuntuları baş verir. İnfarkt, insult keçirən insanlarda da belə hallarla rastlaşırıq. Unutmamalıyıq ki, insan orqanizmi bütövdür, tamdır. Müasir psixi sağlamlıqda da, psixiatriyada da biopsixi sosial yanaşma mövcuddur. Yəni hər bir xəstəliyin bioloji faktorları var. Depressiyanı götürsək, serotoninin, noradrenalinin azalması bioloji faktorlardır. Ancaq psixi pozuntuların əmələ gəlməsində genetik, psixioloji, həmçinin sosial faktorların da rolu danılmazdır. Misal üçün, psixioloji travmalar, stres, insanın necə yaşaması, işləyib-işləməməsi, maddi gəlirinin miqdarı ailədaxili münasibətlərin pozulmasına təsir göstərən amillərdir. Bir sözlə, bütün psixi pozuntular kompleks şəkildə öyrənilməlidir. Hansısa yeganə bir səbəb yoxdur.

– Mərkəzin beynəlxalq əlaqələri hansı səviyyədədir?

– Bu mərkəz yaranandan sonra bizdən 8 nəfər sağlamlıq mütəxəssisi, həmçinin Maştağa xəstəxanasının mütəxəssisləri Litvanın Vilnüs şəhərinə göndərildi. Çünki orada yaxşı inkişaf etmiş reabilitasiya xidmətləri var idi. Çalışdıq ki, mütəxəssislərimiz müəyyən təcrübə qazansınlar. Elə həmin il Litvadakı mütəxəssisləri mərkəzimizə dəvət etdik. Onlar düz bir ay bizim mütəxəssislərlə bir yerdə işlədilər, təcrübə mübadiləsi apardıar. Bir də Türkiyənin TİKA (Türkiyə İşbirliyi və Koordinasiya Ajansı) agentliyi ilə işgüzar əlaqələr qurduq. Buradan 20 nəfəri eyni vaxtda Türkiyəyə göndərdik.Onlar türk mütəxəssisləri ilə birgə işləyib böyük təcrübə topladılar. Sonra mən şəxsi əlaqələrimdən də istifadə edərək əməkdaşlarımızı İngiltərəyə, Fransaya, Hollandiyaya, Cənubi Koreyaya və digər inkişaf etmiş ölkələrə göndərməyə başladım. Minnətdarlıq hissi ilə bildirim ki, bu məsələdə Səhiyyə Nazirliyi maddi və resurs köməyini bizdən əsirgəmədi.

Sonra daha böyük layihələrə imza atdıq. İlk belə böyük layihəmizi psixiatriya üzrə Cenevrə Təşəbbüsü beynəlxalq təşkilatı ilə birgə həyata keçirdik. Onlarla iş birliyi nəticəsində 4 il müddətində Azərbaycanın 5 regionunda xidmət alan insanların motivasiyasına nail olduq. Bu layihə çərçivəsində keçirilən müxtəlif treninqlərə jurnalistlər də qoşuldular. Kolumbiya və Harvard universitetləri ilə də uğurlu layihələr həyata keçirmişik. Mərkəzimizin 3 əməkdaşı Harvard Universitetində 6 ay və 8 ay müddətində təcrübə keçiblər, indi burada çalışırlar.
Hələlik sonuncu ən böyük layihəmiz Çikaqo Universiteti ilə birgə hazırladığımız uşaq psixi sağlamlığı üzrə 5 illik layihədir.

– Pandemiyanın və müharibənin insanların psixioloji durumuna təsirini necə qiymətləndirərdiniz?

- Aydındır ki, müharibənin qələbə ilə bitməsi bütün insanlarımızı sevindirən bir haldır. Amma bu da reallıqdır ki, müharibə zamanı kifayət qədər gənclərimiz zərər çəkiblər. Bizim əsas məqsədimiz onların psixi sağlamlığını qorumaqdır. COVİD-in psixoloji duruma təsiri də bir başqadır. Çoxlu sayda həkimlərimiz COVİD-ə ayrılmış klinikalarda sutkalarla işləyiblər. Bu, onların psixi durumuna istər-istəməz mənfi təsir edib. Xeyli insan dünyasını dəyişib. Cəmiyyətdə fiziki, emosional yüklənmələrin artması insanlarda tükənmə sindromu yaradıb. Öz yaxınlarını itirənlər, vaksinasiyadan qorxanlar depressiyaya düşə bilirlər.

Tutaq ki, hansısa rayonda ağır bir psixi xəstə yaşayıb. Əvvəllər onu Bakıya gətiriblər, psixiatr vaxtlı-vaxtında yoxlayıb, dərmanlar yazıb. İndi isə mövcud vəziyyətə görə Bakıya rahat gələ bilmir, regionlarda da dərmanlar yoxdur. Bütün bunlar insanın psixikasında xoşagəlməz izlər buraxır. Onkoloji, astma xəstələrinin, digər xroniki xəstəliklərdən əziyyət çəkən insanların vəziyyəti daha pisdir. İnsanların normal həyat tərzi, münasibətlər sistemi dəyişib. Yaxın qohumlar biri-birindən uzaq düşüblər. Xaricdə oxuyan tələbələrin öz valideynlərini görmək, doğmaları ilə ünsiyyət imkanları da məhdudlaşıb. Əyani dərslərin onlayn dərslərlə əvəzlənməsi, sadaladığım və sadalamadığım digər faktorlar psixoloji duruma mənfi təsir göstərən amillərdir.

– Nazirlər Kabinetinin hərbçilərə və şəhid ailələrinə psixioloji yardımla bağlı qərarı mərkəzinizdə necə həyata keçirilir?

– Yanvarın 13-də qəbul olunan 8 saylı qərar əsasında Azərbaycanın 7 böyük şəhərində qazilər üçün psixoloji yardım mərkəzləri yaradılıb. Bu mərkəzlərin koordinasiya edilməsi bizə tapşırılıb. TƏBİB nümayəndələri, sığorta şirkətləri, Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri də bu prosesdə fəal iştirak edirlər. Biz 2 ay ərzində Mingəçevirdə, Şirvanda psixoloqları tapmaqda çətinlik çəksək də, üzərimizə düşən vəzifəni yerinə yetirməyi bacardıq. Mərkəzlər artıq mart ayından uğurlu fəaliyyət göstərir. Qazilərə lazım olan xüsusi dərmanlar psixiatrik xəstəxanalara gəlsə də, onlara verilmirdi. Çünki bunlarda tamam başqa problemlərdir. Antidepessantlara üstünlük verilir. Nazirliyin adıçəkilən qərarı çərçivəsində qazilərimiz həmin dərmanları indi imtiyazlı apteklərdən alırlar. Bildirim ki, qazilərə qısa müddətli, orta müddətli və uzun müddətli yardımlar edilir. Qısa müddətli yardım 2-3 ay, orta müddətli yardım təxminən bir ilə qədərdir. Daha böyük travma alanlar - ayağını, əlini itirənlər çox çətinliklərdən keçiblər, psixoz olublar. Onlara göstərilən yardım müddətsizdir. Söhbət psixi sosial reabilitasiyadan gedir. İndi bu sistemi yaratmağa çalışırıq.

– Son dövrlərdə depressiyaların artmasının səbəbləri nədir?

– Burada bir yox, bir çox faktorlar var. İlk növbədə informasiya bolluğudur. İyirmi, otuz il əvvəl axşamlar hansısa xəbərlərə qulaq asar, gün ərzində 1-2 saat da qəzet oxuyardıq. İndi hər dəqiqə çox fərqli informasiyalar alırıq. Bu informasiyalar maraqlı olduğu qədər də böyük yüklənmədir. Əvvəllər yaxın bir neçə ildə hansı işləri görə biləcəyimizi təxmin edirdik. İndi bu cür planlaşdırma mümkünsüzdür. Ali məktəbi bitirəndə aldığımız biliklərin cüzi təkmilləşdirmələrlə 10, 15 il kifayət edəcəyinə əmin idik. Hal-hazırda inkişaf o qədər sürətlə gedir ki, qazandığımız yeni biliklər bir neçə ildən sonra aktuallığını itirir. Sosial rəqabət artır, tələbatlar çoxalır, fundamental dəyərlər və prinsiplər dəyişir, istəklər imkanlarla üst-üstə düşmür.
Ötən əsrin 90-cı illərində dünya bankının bir hesabatı çıxmışdı. Orada yazılmışdı ki, XXI əsr depressiya və intiharlar əsri olacaq. Mən də gülmüşdüm ki, bu necə ola bilər. Çünki institutu təzəcə bitirmişdim. Bizə öyrətmişdilər ki, depressiya 30 yaşdan sonra ola bilər, daha çox yaşlı insanlara aiddir. Bu gün depressiyalar nəinki gənclərdə, hətta uşaqlarda və yeniyetmələrdə də baş verir.

– Depressiyanı mərhələlərə bölmək olarmı? Əgər olarsa, ən pis, sonuncu mərhələni intihar hesab etmək mümkündürmü? İntiharların qarşısı necə alınmalıdır?

– Depressiyanın 4 mərhələsi var: yüngül depressiya, orta depressiya, psixiatrik əlamətlərsiz ağır depressiya və psixiatrik əlamətlərlə ağır depressiya. Amma indi hətta orta depressiya zamanı da intihar hallarına rast gəlinir. İntihar, əlbəttə ki, depressiyanın nəticəsidir, lakin intihar üçün insanın həyatında mütləq krizis olmalıdır. Krizis insanların psixoloji resurslarının tükənməsidir, situasiyadan çıxa bilməməsidir.

"İntihar pis şeydir, sən özünü öldürmə" deməklə problem öz həllini tapmır. İntiharın qarşısını almaq üçün yaxşı inkişaf etmiş psixoloji xidmət mərkəzləri ilə yanaşı, peşəkar mütəxəssislərə də ehtiyac duyulur. Təəssüflər olsun ki, bizdə belə mərkəzlər və mütəxəssislər yalnız Bakıda cəmlənib. Regionlarda belə mərkəzlər ya yoxdur, ya da çox azdır. Mütəxəssislər də çatışmır. Müvafiq qurumlarla birgə müharibədən sonra özünü daha qabarıq göstərən bu problem üzərində işləyirik.

Son olaraq demək istərdim ki, psixi sağlamlıq fiziki sağlamlıq qədər dəyərlidir. Yəni normal harmoniyada yaşamaq, normal münasibətlər qurmaq, normal işləmək, həyatdan zövq almaq çox vacib şərtlərdir. Bizə insanlar çox vaxt son mərhələdə müraciət edirlər. Halbuki, bundan əvvəlki mərhələlərdə özlərini və yaxın ətraflarını daha yaxşı qoruya bilərlər.