ATU-nun Tədris Cərrahiyyə Klinikasında professor Vəfa Pənahianın rəhbərliyi altında mürəkkəb əməliyyatlar həyata keçirilir
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq təbabətin müxtəlif sahələrini əhatə edən unikal əməliyyatlar aparılır. Bu əməliyyatların böyük əksəriyyətini ayrı-ayrı kafedraların həm tədrislə, həm də praktiki həkimliklə məşğul olan əməkdaşları həyata keçirirlər. Biz də imkan daxilində icra edilən əməliyyatlar barədə ictimaiyyəti məlumatlandırmağa çalışırıq.
Elə bu məqsədlə bu dəfə ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasına üz tutduq. Bələdçimiz isə kafedranın müdiri, professor, Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Vəfa Pənahian oldu: “Kafedramızda 3-ü professor, 6-sı dosent, 9-u assistent və 2-si laborant olmaqla 20 əməkdaş çalışır. Ən çətin burun, qulaq, boğaz və qırtlaq əməliyyatlarını uğurla icra edir, anadangəlmə qüsurları cərrahi müdaxilə ilə aradan qaldırırıq.
COVID-19 pandemiyası zamanı Tədris Cərrahiyyə Klinikası öz profilini müvəqqəti dəyişərək koronaviruslu xəstələri qəbul etməyə başladı. Kafedramızın assistenti Rüfət Qurbanov da koronaviruslu xəstələrlə işlədi. Daha sonra klinika Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizin müalicəsinə cəlb olundu. Bu zaman da kafedramızın əməkdaşlarından dosentlər C.Cəlilov, R.Talışınski, Ş.Quvalov, assistent A.Şadlinskaya və başqaları yaralı hərbçilərimizə yüksək səviyyədə tibbi xidmət göstərdilər.
Klinikaya əsasən qəlpə yaraları olan xəstələr gətirilirdi. Təxminən 100 xəstə akustik travma zamanı qulağın təbil pərdəsinin travmatik perforasiyası diaqnozu ilə müalicə alırdı. Qulaq, burun, boğaz orqanlarında olan qəlpələr çıxarılmış, yanıqlar və ağır zədələr zamanı isə əməliyyatlar həyata keçirilmişdir. Bəzi ağır əməliyyatları üz-çənə cərrahları ilə birgə aparırdıq. Xəstələrin böyük əksəriyyəti ümumi cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilmişdi”.
Klinikanın daha sonra öz profili üzrə işləməyə başladığını deyən professor V.Pənahian bildirdi ki, bununla yanaşı, ilk dəfə əməliyyat etdikləri yaralı əsgər və zabitlərin üzərində əməliyyatların 2-ci, 3-cü mərhələsini indiyə qədər də aparırlar.
Həkim-cərrah bu yaxınlarda icra olunmuş radikal əməliyyatlar haqqında da bizə məlumat verdi. Əməliyyatların gedişini videogörüntü və professorun izahı ilə birgə izlədik: "Bu əməliyyatlardan ikisi anadangəlmə xolesteatomanın, yəni davamlı böyüyən şişin xaric edilməsi idi. Xolesteatoma konservativ müalicəyə tabe olmur, ona görə də cərrahi müdaxilə yeganə seçimdir. Hər iki pasiyent uşaqlıqdan bu xəstəliyin daşıyıcısı idi. Onlar klinikaya son etapda müraciət etdikləri üçün biz təcili əməliyyat etməyə məcbur olduq.
Digər xəstəmizdə də anadangəlmə xolesteatoma illər boyunca inkişaf edərək xarici qulaq keçəcəyini tam bağlamışdı. Xəstə bir ildir ki, klinikaya gəlib-getsə də, əməliyyata razılıq vermirdi. Axır ki, onu əməliyyatın vacibliyinə inandıra bildik. Bəzi çətinliklərə baxmayaraq, əməliyyat uğurla nəticələndi və əməliyyatdan sonra fəsadlar müşahidə olunmadı.
Başqa bir xəstəmiz isə anadangəlmə xoanal atreziya diaqnozu ilə klinikamıza gətirilən 18 yaşlı gənc qızdır. Burnunun bir tərəfində sümüklü hissə anadangəlmə ayrılmayıb və uşaq 18 yaşına qədər birtərəfli nəfəs alıb. Bu, xəstəliyin sindromlu forması idi. Onu da bildirim ki, xəstə 4 il əvvəl ürəyindən də əməliyyat olunub. Buna baxmayaraq, anadangəlmə sindromu uğurla əməliyyat etdik.
Bundan əlavə, qırtlaq polipləri əməliyyatlarını göstərə bilərəm. Əməliyyatdan qabaq sol tərəfdə səs telində poliplər vardı. Əməliyyatdan sonra səs telləri normaldır. Bu cür əməliyyatları daha çox endoskopik üsulla aparırıq. Burunətrafı ciblərdə olan bütün polipləri də əməliyyat vasitəsilə çıxarırıq”.
Həmsöhbətimiz son zamanlar plastik əməliyyatlarla bağlı daha çox müraciətlərin olduğunu söylədi. Və yenə nümunə üzərində sözünə davam etdi: "Gördüyünüz bu əməliyyat rekonstruktiv əməliyyatdır. Pasiyent 30 yaşlı bir xanımdır. Uşaqlıqda burun travması almışdır. Xəstədə rinoplastika və septoplastika əməliyyatı bir yerdə icra olunub”.
Kafedra əməkdaşlarının çoxlu sayda konservativ müalicələr də apardığını bildirən professor, yay fəslində otomikozların, yəni xarici qulaq keçəcəyi dərisinin göbələk xəstəliklərinin xüsusilə inkişaf etdiyini diqqətimizə çatdırdı. Qeyd etdi ki, bu xəstəlik zamanı xarici qulaq keçəcəyinin dərisi həm qızarır, həm də şişkin olur. Bu, əməliyyatsız, amma uzun kurs müalicə tələb edən xəstəlikdir.
Kafedra müdiri klinikada böyük audioloji bölümün fəaliyyət göstərdiyini xatırlatdı: "Burada bütün müayinələr aparılır. BERA testi, yəni təbii və ya sedasyon yuxu şəraitində aparılan obyektiv müayinə metodu vasitəsilə bütün anadangəlmə lal-karlığın, ağır eşitmənin diaqnozunu qoyuruq". V.Pənahian təbil pərdəsinin travmalarına da çox rast gəlindiyini, təbil pərdəsində olan dəliyi cərrahi müalicə ilə tam bərpa etdiklərini söylədi.
Professor yuxarı malyar dişə plomb materialı qoyulandan sonra haymor boşluğunda əmələ gələn diş mənşəli qüsurları üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları ilə birgə əməliyyat etdiklərini nəzərimizə çatdırdı. Qeyd etdi ki, rezidentlər də əməliyyatlara cəlb olunur. Yeri gəlmişkən, ATU-nun rezidenturasını bitirən Bəhruz Əhmədovun öz diplomunu Türkiyədə tanıtdırmasını təkcə kafedranın deyil, universitetin uğuru kimi dəyərləndirdi. Xatırladaq ki, B.Əhmədov əlavə imtahan vermədən diplomunu xaricdə təsdiqlədən ilk Qulaq-Burun-Boğaz xəstəlikləri mütəxəssisidir.