Müharibənin ağrısı, Qələbənin sevinci

ATU-nun Hərbi tibb fakültəsi Vətən müharibəsi günlərində ön və arxa cəbhədə
müstəsna fəaliyyət göstərib


Qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi
möhtəşəm qələbə tariximizə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin, qazilərimizin
şücaətləri barədə əsərlər yazılır, filmlər çəkilir, mahnılar bəstələnir. Amma onların
keçdiyi bu şərəfli yol barədə hər şeyi qələmə almaq mümkün olmayacaq, yenə də
deyilməmiş, yazılmamış məqamlar, xatirələr qalacaq.
Tarixi qələbəmizdə Azərbaycan Tibb Universitetinin əməkdaşlarının, məzunlarının
da xüsusi payı oldu. Ümumiyyətlə, xalqımızın ən çətin, ağır anlarında - istər 20
Yanvar hadisələri zamanı, istərsə də birinci Qarabağ müharibəsi dövründə
ağxalatlı həkimlərimiz həmişə ön cərgədə olub, vətənin müdafiəsinə qalxanlara
zəruri yardım göstəriblər. Bu dəfə də elə oldu. Vətən müharibəsi zamanı
universitetimizin əməkdaşları, o cümlədən Hərbi tibb fakültəsinin şəxsi heyəti,
müəllimləri, rezidentləri, kursant və feldşerləri qələbənin qazanılması üçün ön və
arxa cəbhədə var gücləri ilə çalışdılar.
Fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov Vətən müharibəsi
dövründə fakültə əməkdaşlarının fəaliyyəti haqda danışır:
- Ötən il sentyabrın 27-də yüksək komandanlıq tərəfindən döyüşə hazırlıq siqnalı
aldıq. Qısa müddətə şəxsi heyətimiz toplandı. Səhər tezdən hərbi həkimlər,
komandir heyəti, rezidentlərimiz, kursantlar, feldşerlər əvvəlcədən təyin olunmuş
dislokasiya yerlərinə çıxışa göndərildi. Demək olar ki, fakültənin bütün
əməkdaşları ön və arxa cəbhədə müharibə başlayandan qurtaranadək cəsarətlə,
böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərdilər. Şəxsi heyət bilavasitə döyüş
əməliyyatlarında iştirak etdi. Rezidentlərimiz fədakarlıqları ilə yadda qaldı. Onlar
hərbi-səhra hospitallarında - Ağdam, Şəmkir, Füzuli və s. hospitallarda praktik
fəaliyyət göstərdilər. Aparılan əməliyyatlarda assistent, cərrah, travmatoloq kimi
iştirak etməklə xeyli yaralının həyatını xilas elədilər. Komandir heyətimiz isə
ixtisaslarına uyğun olaraq müxtəlif hərbi hissələrdə artilleriya, kəşfiyyat, motoatıcı
bölmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdilər. Professor-müəllim
heyəti də ön və arxa cəbhədə öz bacarığını əsirgəmədi. Həm ön cəbhədə yerləşmiş
hospitallarda, həm də arxa cəbhədə - Mərkəzi Hərbi Klinik Hospitalda var gücləri
ilə yaralılarımızın həyatının xilas edilməsi üçün çalışdılar. Müharibədə komandir
heyətindən 24 zabit, o cümlədən 6 gizir, 77 rezident, 150 kursant, 20 feldşerimiz
iştirak etdi. Deyərdim ki, qələbəmizdə - istər ön cəbhə olsun, istər arxa cəbhə - hər
kəsin xüsusi payı oldu. Gecə-gündüz yorulmadan, ruh yüksəkliyi ilə həm çalışdıq,
həm də vuruşduq.
Ali Baş Komandan tərəfindən müharibədə iştirak etmiş şəxsi heyət xidmətlərinə
layiq təltif olundu. Onların arasında Cəbrayılın, Füzulinin, Ağdamın azad
olunmasına görə, “Vətən uğrunda”, “Xidmətdə fərqlənməyə görə” və digər orden
və medallarla mükafatlandırılanlar var.
Təəssüf ki, müharibə zamanı şəhidlərimiz də oldu. Məzunlarımızdan 14-ü şəhidlik
zirvəsinə yüksəldi. Hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Onların

xatirəsini əbədiləşdirmək üçün Fakültə Elmi Şurasının qərarı olub. Xüsusi
təyinatlılarımızla birgə döyüşə girərək şəhid olan 5 həkim və feldşerimizin adları
kitabxanamıza, mühazirə, brifinq zallarına verilib. Bundan sonra da şəhidlərimizin
xatirəsini daim yad edib, əbədiləşdirməyə çalışacağıq.
Sonra isə xidməti fəaliyyətinin 24 ilini sərt iqlim şəraitində - Murovdağ,
Daşkəsən, Gədəbəy ərazilərində keçirən müharibə veteranı, fakültənin Tibb
xidmətinin təşkili kafedrasının rəisi, tibb xidməti polkovniki Akif Əhmədov öz
düşüncələrini bizimlə bölüşdü:
- 30 ildir ki, ərazilərimizin işğalı ilə bağlı matəm günləri keçirirdik. Bu çox
ürəkağrıdan idi. Bu dəfəki müharibədə düşmən müasir hərbi texnika ilə
silahlanmış, yüksək döyüş hazırlığı görmüş ordu ilə qarşılaşdı. Ali Baş
Komandanın qətiyyəti və gənclərimizin vətənpərvərlik ruhunun yüksəkliyi düşmən
üzərində qələbə qazanmağımızı təmin etdi. Bu qələbədə Hərbi tibb fakültəsinin
şəxsi heyətinin, professor-müəllimlərinin, məzunlarının, kursantlarının müstəsna
xidmətləri oldu. Mənim rəhbərlik etdiyim kafedra kursantlarımıza tibb xidmətini
necə təşkil etməyi öyrədir. Bizim hərbi həkimlərimiz yaralılara birbaşa ilkin tibbi
yardım etmək üçün döyüş meydanlarına atıldılar. Onlar xidmətləri ilə şərəfli bir
tarix yazdılar. Qaydalara görə, hərbi həkimlər döyüş gedən ərazidə işarələnmiş
yerlərdə yaralıları qəbul etməli, ilkin tibbi yardım göstərildikdən sonra onlar
çeşidlənərək lazımi yerlərə təxliyə olunmalıdır. Yaralıları döyüş meydanından
taborun tibb xidmətinin işçiləri çıxarmalıdır. Amma həkimlərimiz döyüş
meydanında birbaşa iştirak etməklə çoxsaylı yaralılara vaxtında yardım göstərdi,
peşəkar müdaxilə nəticəsində neçə-neçə insan həyatı xilas edildi.
Qələbə qazanmağımızda hər kəsin öz rolu oldu. Artıq işğal edilmiş ərazilərimizin
anım günlərinin qeyd olunması tarixə qovuşub. Kədərli günlərimiz Zəfər bayramı
ilə əvəzlənib.
Birbaşa döyüş meydanlarında yaralılara ilkin tibbi xidmət göstərən Hərbi
cərrahiyyə kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı
Ramin Əliyevin fikirləri də maraqlıdır:
- Müharibə başlayanda iki gün Mərkəzi Hərbi Klinik Hospitalda cərrahi
əməliyyatlarda oldum. Sentyabrın 29-dan etibarən isə Füzuli, Cəbrayıl, Qubadlı
istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Döyüşdə yaralananların 90 faizi
qəlpə yarası alanlar idi. Tabeliyimdə olanlarla yaralılara ilk tibbi yardım göstərir,
hospitallara təxliyə olunmalarını təşkil edirdim. Hesab edirəm ki, təcrübəli və
bacarıqlı cərrahlar müharibə dövründə döyüşlərdə olmalıdırlar. Çünki ilk tibbi
yardımdan çox şey asılıdır. Əgər yaralı ilk tibbi yardımı lazımi şəkildə alırsa, onun
sağlamlığının reabilitasiyası da asan və keyfiyyətli olur. Etdiyim lazımi tibbi
müdaxilələrdən sonra qazilərimizin həyata qayıtması mənə daxilən bir rahatlıq
gətirirdi.
Müharibədən sonra 2 ay da Qubadlıda qalıb, xidmət etməli oldum. Xidmətlərim
nəzərə alınıb. Cəbrayılın, Qubadlının işğaldan azad edilməsinə, “Hərbi xidmətdə
fərqlənməyə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşam. Torpaqlarımızın azad
olunmasında iştirak etməyimdən qürur duyuram. Hər zaman Vətənimə xidmət
etməyə hazıram.

Hərbi səhra cərrahiyyə kafedrasının müəllimi, tibb xidməti kapitanı Sevinc
Orucovanın özünəməxsus təəssüratları var. O vaxtilə dərs dediyi şəhid
həkimlərdən söhbət düşəndə, kövrəldi də:
- Mən sentyabrın 26-da əmr aldım. 27-si səhər tezdən Mərkəzi Hərbi Klinik
Hospitalda fəaliyyətə başladım. Hospitala daxil olan yaralılara xidmət göstərirdim.
Fəaliyyətimiz müharibə bitəndən sonra da davam etdi. Hazırda da orada
fəaliyyətdəyəm. Mən orada oğullarımızın şücaətinin, qorxmazlığının,
döyüşkənliyinin şahidi oldum. Ağır yaralıları müalicə edirdik, bir az sağalan kimi,
müharibəyə getmək haqqında fikirləşirdilər. İlk 3 həftə hospitala ağır yaralılar
daxil oldu. Həmin ərəfədə çox ağır rejimdə işlədik. Demək olar ki, fasilə, istirahət
etmədən çalışırdıq. Bəzən başımız elə qarışırdı ki, nahar etmək yadımızdan çıxır,
axşamın necə düşdüyündən, səhərin necə açıldığından xəbərimiz olmurdu.
Tələbələrimdən də yaralananlar olmuşdu. Onların bəziləri ilə hospitalda rastlaşdım.
Onları yaralı vəziyyətdə görmək mənim üçün ağır idi. Müalicədən sonra təkrar
döyüş bölgəsinə qayıdanlar da oldu. Tələbələrimin vətənpərvər hərəkətlərini
görüb-eşidəndə qürur hissi keçirir, onlara nəsə öyrədə bildiyimə sevinirdim. Şəhid
olan məzunlarımızın hər biri gözlərim önündən keçir, xəyalımda onların nurlu
simalarını canlandırırdım. Şəhidimiz Turqut Xəlilbəylinin sanitar-sürücüsü
hospitalımızda müalicə alırdı. Turqut onun həyatını xilas edəndə şəhid olmuşdu.
Sürücü biləndə ki Turqutun müəllimi olmuşam, mənə onun haqqında danışdı.
Xahiş etdi ki, onun valideynləri ilə görüşdürüm. Turqutun onda əmanətinin - qol
saatının olduğunu bildirdi. Sən demə, o, ağır yaralananda qolundakı saatı qardaşına
çatdırmağı vəsiyyət edibmiş. Sürücünün Turqutun valideynləri ilə görüşməsinə
yardımçı oldum.
Hospitalda çox cəsarətli, qəhrəman övladlarımızla tanış oldum. Belə gənclərdən
biri də “Zəfər” ordenli Rəşad Atakişiyev idi. Düşmənlə ölüm-dirim savaşında ağır
yaralanmışdı. 3 həftə koma vəziyyətində qulluğunda durduq. 3 həftədən sonra
ayıldı. Adını deyəndən sonra ilk sözü bu oldu: “Həkim, haramı kəsirsiniz-kəsin,
ancaq gözlərimə dəyməyin”. Özüm ixtisasca oftalmoloqam. Bu sözdən çox
təsirləndim. Gözlərinin sarğısını açdım. Sifətinə işıq saldım. Soruşdum ki, işığı
görürsənmi? Təsdiqlədi. Barmaqlarımın sayını görə bildiyini deyəndə isə, bəlkə də
onun özündən çox sevinən mən oldum. Gözdən əlil olmaq istəmirdi. Olmadı da.
Bir şeyi də deyim. Müharibə günlərində elə olurdu ki, gecəni hospitalda qalırdıq. 8
yaşlı qızım Nailədən nigaran idim. Amma o... Heç vaxt yadımdan çıxmaz, deyirdi
ki, ana, məndən narahat olma, əsgərlərimizə qulluq et ki, qələbə bizim olsun. Belə
övladlarımız az deyil. Qazandığımız qələbədə də onların öz payı var.
Rezident, tibb xidməti baş leytenantı Araz Əliyev də müharibənin ilk
günlərindən Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində, sonradan Cəbrayılda
və Xocavənd rayonun Hadrut qəsəbəsində yerləşən hospitallarda yaralıların
xidmətində dayanıb:
- Sağlam, gənc insanların yaralanması, əlil olması mənə pis təsir edirdi. Amma
buna baxmayaraq, yaralılarımıza lazımi tibbi yardımı göstərirdim. Müharibə
dövründə kifayət qədər təcrübə toplaya bildim. İndinin özündə də o günlər bir kino
lenti kimi gözlərimin önündə canlanır. Torpaqlarımız azad olunduqca sevinirdik.
Qardaşım, dayım oğlanları da vuruşurdu. Dayım oğlanlarından biri - Xuduş

Kazımov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid oldu. Dostlarımdan da
şəhid olanlar var. Amma qələbə xəbəri kədərimizə bir məlhəm oldu. Bu xəbər həm
də şəhidlərimizin ruhuna rahatlıq gətirdi. Müharibə davam edəndə səhərə qədər
yaralıların xidmətində dayanır, yatmaq haqqında düşünmürdük. Qələbə xəbərini
eşidəndə, bu dəfə sevincimizdən yata bilmədik. Bu sevinci bizə yaşadanlara sonsuz
təşəkkürümü bildirir, şəhidlərimizə rəhmət diləyirik!