“Hər bir universitetin akkreditasiyası mühüm məsələ olub, təhsilin yüksək keyfiyyətini təmin etmək məqsədi daşıyır. Akkreditasiya universitetin fəaliyyətinə verilən qiymətlə yanaşı, həm də onun gələcək inkişafı üçün zəmin yaradır”. Bu fikirləri Azərbaycan Tibb Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov "Ali təhsilin keyfiyyətinin təmin olunması: dünya tendensiyaları və regional aspektlər" mövzusunda 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumunun onlayn tədbirində iştirakı zamanı bildirib.
Prorektor Z.Musabəyov toplantıda “Azərbaycan Tibb Universitetinin tədrisində dünya tendensiyalarının regional aspektləri” mövzusunda çıxış edib. Qeyd edib ki, müasir dünyada iş axtaranların yaxşı iş tapmasında onların bitirdiyi universitetin reytinqi, nüfuzu və rəqabətə davamlılığı xüsusi önəm kəsb edir: “Ali məktəbin tanınmasında isə beynəlxalq akkreditasiya mühüm rol oynayır. Bu proseduru ali məktəblərin öz proqramlarını təkmilləşdirməsi üçün adekvat qiymətləndirmə kimi qəbul etmək olar. Beynəlxalq akkreditasiya könüllü olsa da, dünya bazarında mövqelərini möhkəmlətməyə, öz işinə kənardan baxmağa imkan yaradır”.
Z.Musabəyov forum iştirakçılarına universitetin tarixi, fəaliyyəti, strukturu və idarəetmə qaydaları haqqında məlumat verib. Həmçinin Azərbaycanda qəbul imtahanları, ATU-ya qəbul qaydaları, xarici tələbələrin qəbul prosedurundakı yeniliklər və digər maraqlı məqamları da diqqətə çatdırıb. Bildirib ki, ATU-da təhsil bakalavriat, magistratura, rezidentura və doktorantura səviyyəsində aparılır. Üç dildə təhsil verən Tibb Universitetində hazırda 7 minə yaxın tələbə təhsil alır ki, onların da 2200-dən çoxu xaricilərdir. Z.Musabəyov ATU-nun nəzdində fəaliyyət göstərən klinikalar, kitabxana və oxu zalları, o cümlədən tələbə yataqxanaları və s. haqqında da danışıb.
Prorektor çıxışında universitetin beynəlxalq əlaqələrinə xüsusi yer ayırıb: “Universitetimiz Azərbaycandakı xarici diplomatik nümayəndəliklərlə əlaqələr qurmaq və inkişaf etdirmək siyasəti yürüdür. ATU tibb təhsili sahəsində aparıcı universitet və təhsil müəssisələri ilə həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr bağlayır, beynəlxalq konfranslar, simpoziumlar və seminarlar təşkil edir. Son üç ildə biz 35 beynəlxalq saziş imzalamışıq. Tərəfdaşlarımız arasında Türkiyə, Rusiya, Portuqaliya, Moldova, Almaniya, Çin, İsrail, Ukrayna, Qazaxıstan, Belarus və digər ölkələrin aparıcı tibb məktəbləri, klinikalar, laboratoriyalar, elmi araşdırma mərkəzləri var”.
Dosent Zülfüqar Musabəyov çıxışının sonunda təmsil etdiyi ali məktəbin qarşısında duran hədəflərdən söz açıb. Bildirib ki, əsas məqsəd yalnız Azərbaycanda deyil, həm də xaricdə tanınmış yüksək ixtisaslı kadrlar yetişdirməkdir. “Əminəm ki, sıx əməkdaşlıq universitetimizin yeni bir təhsil platformasına uğurla keçməsinə kömək edəcək” – deyən Z.Musabəyov forum iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, "Ali təhsilin keyfiyyətinin təmin olunması: dünya tendensiyaları və regional aspektlər" mövzusunda 5-ci Mərkəzi Asiya Beynəlxalq Forumu Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 10 illiyinə həsr olunub.