Uşaqların koronavirusdan qorunması strateji məsələdir

Könül Cəfərova: “Adətən uşaqlarda yoluxma böyüklərdən fərqli şəkildə gedir və heç bir simptomla özünü göstərmir”

 

2019-cu ildə ilk dəfə Çində aşkar olunan COVID- 19 virusu tezliklə bütün dünyanı ağuşuna aldı. Bu virusla əlaqədar olaraq 2021-ci ildə pandemiya elan edildi. Artıq xeyli vaxtdır ki, bu infeksiyaya nəinki böyüklər, uşaqlar da yoluxurlar. 

“Aparılan tədqiqatlardan məlum olmuşdur ki, istənilən yaşda olan uşaqlar COVID- 19-a yoluxa bilər. Uşaqların əksəriyyətində yoluxma böyüklərdən fərqli şəkildə gedir və heç bir simptomla özünü göstərmir. Uşaqlar böyüklər kimi yoluxa bilsələr də, onlarda yoluxma tezliyi daha aşağıdır. Çünki uşaqlarda infeksiya nəticəsində letallığın aşağı olduğu məlumdur”. Bu fikirləri ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova söyləyib.

O, bildirib ki, araşdırmalara əsasən uşaqlar arasında da yoluxma tezliyi eyni səviyyədə ola bilər, lakin təzahür halları olmadığı və ya çox zəif olduğu üçün aşkar edilmir. Lakin uşaqların virusun ötürülməsində rolu hələ də sona qədər müəyyən olunmayıb: “Amerika Pediatriya Akademiyası və Uşaq Xəstəxanaları Birliyinin araşdırmasına görə, ABŞ-da bütün yoluxmaların 13%-i uşaqların payına düşür. 10 yaşdan 14 yaşa qədər olan uşaqların 20 yaş və yuxarı insanlara nisbətən COVID-19 virusuna yoluxma ehtimalı daha aşağıdır. Bir yaşa qədər yenidoğulmuşlar arasında yoluxma riski isə, əksinə, daha yüksəkdir. Bu onların immun sisteminin hələ zəif olması və tənəffüs yollarının kiçik ölçüləri ilə izah edilir. Nəticədə respirator virus infeksiyası zamanı tənəffüs problemləri daha qabarıq olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsinə görə, nəfəs almalarına yardım göstərilməsi məqsədilə uşaqlar da xəstəxanaya yerləşdirilməli, reanimasiyada müalicə olunmalı və lazım olduqda, ağciyərlərin süni ventilyasiyası tətbiq edilməlidir”.

Bu infeksiyanın uşaqlar arasında yayılmasının xarakterik xüsusiyyətlərindən bəhs edən K.Cəfərova vurğulayıb ki, respirator simptomlar olmadan, mədə-bağırsaq simptomları şəklində özünü göstərə bilər: “Uşaqlarda daha çox qeydə alınan ishal və ürəkbulanmadır. Uşaqlar və yeniyetmələrdə xolestaz, pankreatit və hepatit halları da öz əksini tapıb. Uşaqların əksəriyyəti yoluxmadan sonra 4 həftə ərzində sağalırlar. Davamlı simptomlar arasında baş ağrıları, yuxunun pozulması, əzələ və oynaqlarda ağrılar, ürək döyüntüsünün sürətlənməsi, iybilmə və dadbilmənin pozulması hallarını göstərmək olar. COVID-19 üzrə testlərin meyarları çoğrafi şəraitdən asılı olaraq dəyişir”.

Həkim qeyd edib ki, bu virus zamanı infeksion ishalın davametmə müddəti daha uzun, aparılan müalicəyə reaksiya isə zəif olub: “İshal aradan qaldırıldıqdan sonra uşaqlarda iştahın itməsi, yeməkdən sonra diskomfort, ürəkbulanma, meteorizm uzun müddət davam edir. Nəticədə ferment əsaslı preparatların təyin edilməsinə tələbat yaranır. Qastrointestinal simptomlar uşaqlarda multisistem iltihabi sindromun əsas təzahür hallarından biri kimi qiymətləndirilir. Buraya qarında ağrılar, ürəkbulanma, ishal, odinofagiya (döş qəfəsi arxasında və udqunduqda ağrılar) daxildir. Xəstəliyin klinik mənzərəsi qastroenteritlər ilə eyniyyət təşkil edir. SARS-CoV-2 virusu ilə hospitallaşdırılan uşaqların 64%-də ishal, 57%-də andominal ağrı sindromu, 67%-də isə mədə-bağırsaq traktı disfunksiyası qeydə alınıb. Əsas müalicə kursuna kəskin bağırsaq infeksiyası əleyhinə müalicə də əlavə edildikdə, simptomatika aradan qaldırılır”.

Virusun yayılmasına qarşı tədbirlərdən də danışan K.Cəfərova söyləyib ki, uşaqların virusdan qorunması həm ailələr, həm tədris-tərbiyə müəssisələri, həm də təlim-əyləncə mərkəzləri tərəfindən ümdə məsələ kimi qəbul olunmalıdır. Ona görə də bütün qaydalara bu müəssisələrdə birmənalı və ən yüksək səviyyədə əməl edilməlidir: “Uşaqlar bizim gələcəyimizdir. Bu ağır pandemiya dövründə isə gələcəyimizin sağlam və gümrah yetişdirilməsi həm biz həkimlərin, həm də valideyn və müəllimlərin əsas borcudur”.