ANA SÜDÜ QƏBUL ETMƏK HƏR BİR UŞAĞIN HAQQIDIR

Oktyabrın 5-6-da Azərbaycan Tibb Universitetinin və UNİCEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ana südü ilə qidalanmaya doğru 10 addım” mövzusunda Terapevtik və pediatrik propedevtika, I və II Uşaq xəstəlikləri, I və II Mamalıq və ginekologiya kafedralarının rezidentləri və İctimai səhiyyə fakültəsinin ali tibb bacısı ixtisası üzrə təhsil alan tələbələri üçün təlimlərə start verilib.
İlk öncə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev çıxış edərək təlimdə iştirak edənləri salamladı. O, keçirilən təlimin əhəmiyyətinə diqqət çəkərək, səhiyyəmizdə ana südü, körpələrin qidalandırılması məsələsinə hər zaman önəm verildiyini vurğuladı. Professor ana südü ilə qidalandırmanın alternativi olmadığını və təlimçilərin bu məsələ ilə bağlı vacib və maraqlı məlumatlar verəcəklərinə əminliyini ifadə etdi.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin Sağlamlıq və qidalanma proqramının konsultantı Vəfa Ağayeva öz çıxışında yenidoğulmuş uşaqların qidalanmasında ana südünün rolundan geniş söhbət açdı. Bildirdi ki, ana südü olduğu halda, körpələrin onun alternativi kimi reklam edilən qatqılarla qidalandırılması yolverilməzdi: “Aparılan araşdırmalar göstərir ki, ana südü ilə qidalananlarda immunitet yüksək olur və xəstələnmə hallarına digərləri ilə müqayisədə daha az rast gəlinir. İlk 6 ay ərzində yalnız ana südü qidalandırılmayan uşaqlarda qidalandırılanlarla müqayisədə ishaldan dünyasını dəyişmə halları 25 dəfə çoxdur”.
Körpələri ana südü ilə qidalandırmağın anaların sağlamlığına da müsbət təsir göstərdiyin qeyd edən məruzəçi, misal olaraq, ana südü ilə qidalandıran qadınlarda süd vəzi və yumurtalıq xərçənginə daha az rast gəlindiyini vurğuladı.
Ana südü ilə qidalanmada 10 addıma riayət etməyin vacibliyinə diqqət çəkən V.Ağayeva əksər doğum evlərində buna əməl olunmadığından təəssüfləndiyini bildirdi: “Tibb müəssisələrinin müvafiq siyasəti olmalı, tibbi heyətin bilik və bacarıqları tələblərə cavab verməli, antenatal qayğı, doğuşdan dərhal sonra qayğı, əmizdirmədə analara dəstək, süni qidalardan uzaq olma, palatada ananın köpə ilə birgə qalmasına şərait yaradılması təmin edilməli, əmzikli şüşə və əmziklərin ziyanı, evə yazılma zamanı nəyə əməl olunması barədə doğum evlərinin tibbi heyəti tərəfindən analara ətraflı məlumat verilməlidir".
Digər təlimçi, ATU-nun Tədris Terapevtik Klinikasının pediatr-neanotoloqu Nurəngiz Hacıyeva Körpə Dostu Klinikası strategiyası üzərində UNİCEF-in Səhiyyə Nazirliyi, TƏBİB ilə birgə işləməsinin gələcəkdə müsbət nəticələr verəcəyinə inandığını bildirdi. Qeyd etdi ki, Körpə Dostu Klinikası anlayışı 1990-cı illərdə formalaşmağa başlayıb: “Həkimlər və neanotoloqlar klinikalara daxil olaraq onların bu strategiyaya cavab verib-verməməsini qiymətləndiriblər. Qiymətləndirmə isə çox sadədir: klinikada heç bir əmzik, şüşə butulka, süni vasitə, süni qida olmamalıdır. Təlimçi qeyd edib ki, ana südü ilə qidalandırmaya əks göstəriş siyahısı son illər olduqca qısalıb. Əgər ana fövqəladə bir vəziyyətə düşübsə, o, QİÇS xəstəsi olsa belə, uşağın həyatı süddən asılıdırsa, onu südlə bəsləyə bilər. Odur ki, ana südü qəbul etmək hər bir uşağın haqqıdır. Biz bunun davamlı təminatını dəstəkləməliyik”.
Təlim keçən tələbə və rezidentlər 7-8 oktyabrda Bakı üzrə 8 qadın məsləhətxanasında hamilə qadınlara ana südü qidalandırmanın faydaları, əmizdirmə pozaları, süni qida və əmziklərdən istifadədən uzaq olmağın faydaları və s. haqqında məlumat verib, maarifləndirmə məqsədilə buklet və broşurlar paylanılıb.