Payızın dərsləri: şagird və tələbələr üçün zəruri məsləhətlər

 

İbrahim Əhmədov: Səhər yeməyində yağ-pendir, yumurtadan daha vacib olan isti sıyıqlardır

Şəhla Balayeva: Tənəffüslərin müddəti artırılmalı, məktəbli çantasının çəkisi azaldılmalıdır

Artıq payız fəslidir. Eyni zamanda, yeni tədris ilinə start verilib. Uşaqlar hər tezdən təhsil aldıqları orta məktəbə, tələbələr isə ali məktəblərə tələsirlər. Amma bəzən şagirdlər və tələbələr öz sağlamlıqları üçün vacib olan amillərə və qaydalara riayət etmirlər. Bu da onların immunitetlərinin aşağı düşməsinə, xəstələnmələrinə səbəb olur. Bunun baş verməməsi üçün onlar nələrə fikir verməli, nələrə riayət etməlidirlər? Gəlin, mütəxəssisləri dinləyək.

Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İbrahim Əhmədovun fikirləri olduqca maraqlıdır: “İnsanın yaşaması, öz sağlamlığını qoruması və möhkəmləndirməsi üçün sağlam qidalanmanın çox böyük əhəmiyyəti var. Amma qidanın hazırlanması, saxlanması, istehlakı qaydalarına riayət olunmalıdır ki, ondan istifadə etdikdə orqanizmə faydası olsun. Artıq payız mövsümü başlayıb. Soyuq hava şəraiti xroniki xəstəlikləri, müqaviməti zəif olan insanlara mənfi təsir göstərir. Bu fəsildə yuxarı tənəffüs orqanlarının iltihabi xəstəlikləri kifayət qədər artır, epidemiya şəklini ala bilir. Xəstəliklərdən uzaq olmaq üçün geyimimizə və sağlam qidalanmamıza fikir verməliyik ki, orqanizmimizin müqavimətini artıra və onu qoruyub saxlaya bilək”.

Kafedra müdiri qidalanma zamanı rejimin gözlənilməsini vacib amillərdən biri kimi diqqətimizə çatdırdı. Bildirdi ki, hər kəs şəraitə uyğun qidalanma vərdişlərinə əməl etməlidir. İstər işə gedən, istər təhsil alan - evdən çıxmamış, mütləq qidalanmalıdır.

Qaydalara görə, insan çəkisindən, fiziki işin ağırlığından asılı olaraq, gün ərzində 3-4 dəfə yemək yeməlidir. Normadan artıq və az qidalanma insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Normadan az qidalanma qastrit, mədə xorası ilə nəticələnir, onikibarmaq bağırsaqda problemlər yaradır. Normadan çox qidalanma isə bədəndə çəkinin artmasına, piylənmə, şəkərli diabet, arterial

hipertoniya, ürəyin və beynin qan dövranının pozulmasına və s. xəstəliklərin yaranmasına səbəb olur.

İ.Əhmədovun sözlərinə görə, bəzən insanlar elə bilirlər ki, ağır işdə işləyənlər gün ərzində 4 dəfə, zehni işlə məşğul olanlar isə 3 dəfə qidalanmalıdır: “Amma əksinədir. Zehni işdə işləyənlər çox vaxt oturaq həyat tərzi keçirdiyindən, onlarda fiziki işlərdə çalışanlara nisbətən həzm prosesi, maddələr mübadiləsi ləng gedir. Ona görə onlara az olmaq şərti ilə gündə 4 dəfə, fiziki işlə məşğul olanlar isə 3 dəfə qidalanmalıdır. Qidalanmalar hər gün eyni vaxtda olmalıdır ki, rejimə düşsün.

Səhər tezdən əksər hallarda süfrəmizdə çay, yağ-pendir, yumurta və ya bal olur. Bu yeməklərlə kifayətlənirik. Əslində fizioloji sağlam qidalanmaya görə, səhər mütləq isti yeməklər yeyilməlidir. Səhər yediklərimizin yanında sıyıqlar olmalı, orqanizm kalorili yeməklərlə zənginləşməlidir. Nahar vaxtı da süfrəmiz zəngin olmalı, meyvə-tərəvəz salatlarına yer verilməlidir. Axşam isə yüngül yeməklər üstünlük təşkil etməli, ağartı məhsulları yeyilməlidir”.

Kafedra müdiri tələbələrimizin payız mövsümünə uyğun geyimlərindən də söhbət açdı. Bildirdi ki, bəzən gənclərimiz belə düşünürlər ki, orqanizmləri möhkəmdir, ona görə də xəstələnə bilməzlər: “Nəticədə, adətən tələbələr mövsümə uyğun olmayan nazik paltarlar geyinirlər. Onlara tərkibində yun və pambıq olan geyimlərə üstünlük vermələrini, qalın geyinmələrini tövsiyə edirəm”.

ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Şəhla Balayeva qeyd etdi ki, uşaqların sağlamlığı onların düşdüyü mühitdən, aldığı tərbiyədən çox asılıdır: “Bu məsələdə əsas yük uşaqların valideynlərinin və onların tərbiyə aldığı təhsil müəssisəsinin öhdəsinə düşür. Dövlətimiz uşaqların sağlamlığının qorunması üçün lazımi proqramlar həyata keçirir. Onların sağlam böyüməsi üçün dispanserizasiyalarına fikir verilir. Mütəmadi olaraq tibbi yoxlamalardan keçirilirlər. Bu, onlarda mümkün patoloji dəyişiklikləri, xəstəlikləri aşkar etməyə kömək edir və gələcəkdə yarana biləcək xəstəliklərin qarşısının vaxtında alınmasına yardımçı olur. Hər məktəbdə tibb işçisi fəaliyyət göstərir. Onlar uşaqların dispanserizasiyası ilə məşğul olurlar”.

Ş.Balayeva deyir ki, normaya görə sinif otağında bir şagirdə 2.5 kv.m sahə düşür. Uşaqların sayı isə 24-dən çox olmamalıdır: “Amma pandemiya dövründə bu göstəricilər yarıyadək azaldıldı. Hazırki tədris ilində isə sinif otağının doldurulması 70 faizdən çox olmamalıdır. Artıq doldurularsa, sağlamlığa mənfi təsir göstərə bilər. Uşaqlarda gigiyenik vərdişlər tərbiyə edilməlidir. Xüsusilə əllərin yuyulmasına diqqət artırılmalıdır. Onlar səhər oyandıqdan, heyvanlarla təmasda olduqdan, müxtəlif oyunlardan və yeməkdən əvvəl, sonra mütləq əllərini yumalıdır”.

Müsahibimiz şagirdlərin məktəblərdə qidalanması məsələsinə də toxundu: “Dövlət tərəfindən məktəblərdə satışına icazə verilən məhsulların siyahısı tərtib olunub. Eləcə də şirəli və qazlı içkilər də daxil olmaqla, insan orqanizminə zərərli qidalar göstərilib. Elə məktəblərimiz var ki, dietoloqlarımız tərəfindən tərtib olunmuş

menyuya əsasən, dadlı və keyfiyyətli yeməklər hazırlanır. Uşaq 6-7 saat məktəbdə qalırsa, mütləq ona isti yemək verilməsi məsləhətdir. Xüsusilə soyuq aylarda səhər isti yemək yeyib məktəbə getmək vacibdir. Kiçik yaşlı məktəblilər 2-ci, böyük yaşlı məktəblilər 3-cü dərsdən sonra qidalanmalıdır. Yaxşı qidalanma olmadıqda, onların dərsi mənimsəmə qabiliyyəti aşağı düşür. Səhər yeməyi yeməyən, günorta qidalanmayan uşaqların fiziki inkişafında problem yaranır. Məktəblərdə ən az tənəffüs vaxtı 10, böyük tənəffüs vaxtı isə 20-30 dəqiqə olmalıdır. Amma bizdə tənəffüs müddətləri azdır. Bu da şagirdlərin normal qidalanmasına və uzun müddətli oturaq vəziyyətdən yaranan statik gərginliklərini atmasına mane olur. Hətta bəzi məktəblərdə nəzərdə tutulan tənəffüsü də uşaqlara çox görürlər. Müəllimlər onlara sinif otaqlarından çıxmağa icazə vermirlər. Təsəvvür edin, uşaq məktəbdə səhər saat 8-dən 2-dək oturaq vəziyyətdə qalır, yerindən tərpənmir. Bu, uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır və onların sağlamlıqlarına, normal inkişafına olduqca mənfi təsir göstərir”.

Ş.Balayeva bəzi təkliflər də irəli sürdü: “Vaxtilə müəllim hazırlığı proqramına “Məktəb gigiyenası” fənni də salınmışdı. Universitetlərdə gələcək müəllimlərə tədris zamanı uşaqlara mənfi təsir göstərən amillər və onlardan qorunma yolları ilə bağlı məlumat verilirdi. Çox təəssüf ki, həmin fənn tədrisdən çıxarılıb. Ona görə də yeni müəllimlər uşaqların sağlamlığının necə qorunması ilə bağlı məlumatsızdırlar. Həmin fəndə tədrisin, tənəffüslərin düzgün təşkili, siniflərin komplektləşdirilməsi, uşaqların qidalanması, fiziki tərbiyəsi, inkişafı və s. barədə mühüm məlumatlar verilirdi. Çox istərdim ki, həmin fənn proqrama yenidən salınsın. Məsələn, valideynlər həmişə çantaların ağırlığından şikayət edirlər. Haqlıdırlar. Mütəxəssislərin fikrincə, şagirdin götürdüyü yük onun çəkisinin 10-15 faizindən artıq olmamalıdır. Amma bu şərt çox vaxt pozulur. Biz yükün, dərsliklərin kütləsinin azaldılması üçün Təhsil Nazirliyi qarşısında təkliflərlə çıxış etmişik. Məktəblərdə aparılan araşdırmalar ürəkaçan deyil. Orta məktəbi bitirənlərin 45 faizinin qamətində əyrilik, 50 faizinin görmə qabiliyyətində problemlər yaranıb”.