Professor Sabir Əliyev: Tədris prosesinin pandemiya şərtləri daxilində optimal təşkili üçün bütün tədbirlər görülür
Bu tədris ilində ölkəmizin bütün ali və orta ixtisas məktəblərində olduğu kimi, Azərbaycan Tibb Universitetində də dərslərin ənənəvi qaydada keçirilməsi bərpa olunub. Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, universitetdə tədris prosesi üçün yaradılan şərait, o cümlədən bir sıra mühüm yeniliklər barədə məlumat almaq üçün ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevə üz tutduq.
Prorektor bildirdi ki, dərslər başlamazdan öncə Rektoryanı Şurada yeni tədris ili ilə bağlı müxtəlif məsələlər müzakirə olunub, əməkdaşlara lazımi tapşırıqlar verilib. Həmçinin bütün kafedralarda geniş dezinfeksiya işləri aparılıb, universitetin mühafizə işi gücləndirilib, vaksinasiya olunmayan əməkdaşların və tələbələrin universitet şəhərciyinə daxil olmasının qarşısı alınıb. Bütün bunlarla yanaşı, üç əsas qaydaya – tibbi maska, dezinfeksiya və ara məsafəsinə əməl olunmasına ciddi nəzarət edilir: “Əvvəllər bu sahədə bəzi humanitar meyarlara yer verilirdi. İndi isə dərslər ənənəvi qaydada başlayıb, yaş məhdudiyyəti yoxdur, bütün müəllim-tələbə heyəti vaksinasiyadan keçib. Bildiyiniz kimi, əvvəllər yaşı və səhhəti nəzərə alınaraq 65 yaşdan yuxarı əməkdaşlara müəyyən güzəştlər edilirdi, onların mümkün qədər az işə gəlmələri tövsiyə olunurdu. Lakin indi universitetin hər bir pedaqoji işçisi tədris ilinin başlanmasında fəal iştirak edir. Müşahidələr də göstərir ki, yoluxma sayı azaldıqca, ölkəmizdə bir sıra məhdudiyyətlər get-gedə aradan qaldırılır”.
Pandemiya ilə bağlı universitetdə tətbiq olunan qaydaları diqqətə çatdıran professor S.Əliyev vurğuladı ki, mühazirələr zamanı auditoriya zallarının tutumuna uyğun olaraq say tərkibi 70% ə qədər azaldılıb: “Tutaq ki, mühazirə zalı 100 nəfərlikdirsə, orada 70 tələbənin iştirakına icazə verilir. Bəzən kafedralardan bizə müraciətlər olur ki, ara məsafələri azdır. O zaman məcburuq ki, həmin qruplarda növbəli sistemdə tədris aparaq. Amma saatların itirilməməsi şərtilə. Bir məsələ də var ki, hələlik 18 yaşdan yuxarı olanlar üçün peyvənd tələbi var. Lakin gələcəkdə daha aşağı yaşlıların vaksinasiyası aparılsa, bizdə də yaşı 18-dən kiçik olan tələbələrin peyvənd olunması gündəmə gələcək.
Hazırda bəzi auditoriyalarımızın kiçik olması işimizi çətinləşdirir. Lakin çalışırıq ki, müəllimə lazım olan saatı saxlamaqla və əlavə saat vermədən tələbələrin bölünməsini təşkil edək. Hələlik ciddi bir problemimiz yoxdur. İstər tələbələrin dərsliklərlə təmin olunmasında, istərsə də dərs yükü ağırlığının aradan qaldırılmasında münasib üsullardan istifadə edirik. Universitetimizin rektorunun tövsiyə və göstərişlərinə uyğun olaraq, həm kitabxananın oxu zallarında, həm də auditoriyalarda sıxlıq yaranmaması üçün gələcəkdə də lazımi tədbirlər görüləcək”.
ATU ailəsinə yeni qatılan tələbələr haqqında da məlumat verən S.Əliyevin sözlərinə görə, universitetimizə bu il 1281 nəfər qəbul olunub. Onların 871-i Azərbaycan bölməsinə, 370-i xarici bölməyə, 40 nəfər tələbə isə hərbi feldşerliyə daxil olub: “Bu il ali məktəblərə keçirilən imtahanlarda 391 nəfər yüksək nəticələr göstərərək 600-dən yuxarı bal toplayıb və universitetimizin tələbəsi adını qazanıb. Prezident təqaüdçüsü adına layiq görülən 25 tələbə hər il olduğu kimi, bu il də bizim universiteti seçib. Bu artıq bir ənənə halını alıb. ATU bu il də öz yüksək reytinqini qoruyub saxlaya bilib”.
Prorektor onu da qeyd etdi ki, bu il universitetimizə vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın da övladları qəbul olunub: “Bu günlərdə rektor, professor Gəray Gəraybəyli həmin tələbələrlə görüşdü və onların universitetin əməkdaşları, eləcə də rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunacağını söylədi”.
Artıq yeni tədris ili başlasa da, universitetimizdə təhsil alan əcnəbi tələbələrin hələlik tam heyətlə dərslərdə iştirak edə bilmədiyini nəzərə çatdıran müsahibimiz, onların gecikməsi ilə bağlı rəhbərlik tərəfindən Operativ Qərargaha müraciət olunduğunu dedi: “Məlum vəziyyətlə əlaqədar olaraq, xarici tələbələrin dərsə gecikməsinin müəyyən səbəbləri var, amma ümidvaram ki, bu problem də tezliklə aradan qalxacaq”.
Professor Sabir Əliyev sonda əlavə etdi ki, universitet rəhbərliyi həmişə olduğu kimi, bu çətin dövrdə də tədris prosesini tam nəzarətdə saxlayır: “Hazırda pandemiya səbəbindən tələbələrin istək və arzularına cavab verən bəzi mədəni-kütləvi tədbirlər təxirə salınıb. Məqsəd tələbələrimizi və əməkdaşlarımızı yoluxmadan mümkün qədər qorumaqdır”.