"Tədris prosesinin keyfiyyətini tezliklə pandemiyadan əvvəlki səviyyəyə çatdırmalıyıq”

ATU-nun Böyük Elmi Şurasında rektor Gəray Gəraybəyli kafedra müdirləri qarşısında ciddi tələblər qoydu

 

Pandemiya səbəbindən uzun bir fasilədən sonra oktyabrın 27-də ATU-nun Böyük Elmi  Şurası ənənəvi qaydada 2021/2022-ci tədris ilinin ilk yığıncağını keçirdi. 

Toplantını açan universitetin rektoru, professor Gəray Gəraybəyli əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə şura üzvlərini təbrik etdi. Gündəliyə keçməzdən öncə Ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırovanı yubileyi münasibəti ilə təbrik edən rektor onu da bildirdi ki, bu günlərdə səhiyyə nazirinin səlahiyyətlərini həyata keçirən, səhiyyə nazirinin 1-ci müavini Teymur Musayevin əmri ilə universitetin ümumi işlər üzrə prorektoru Tahir Vəliyev işdən kənarlaşdırılıb və bu vəzifəyə Nizam Adilov təyin edilib.

Sonra universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev “ATU-da 2020/2021-ci tədris ilinin yekunları və 2021/2022-ci tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi ilə çıxış etdi.

Məruzəçi diqqətə çatdırdı ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 29-dan əyani formada təşkil edilib. O bildirdi ki, daha öncə Rektoryanı Şurada yeni tədris ili ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlara lazımi tapşırıqlar verilib. Bütün kafedralarda geniş dezinfeksiya işləri aparılıb, universitetin mühafizə işi gücləndirilib, vaksinasiya olunmayan əməkdaşların və tələbələrin universitet şəhərciyinə daxil olmasının qarşısı alınıb.

Sözünə davam edən prorektor söylədi ki, bu il universitetimizə qəbul olunan tələbələr arasında Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımzın övladları da var: “Hörmətli rektorumuz həmin tələbələrlə görüşüb, tələbə biletlərini təqdim edib və təhsillərinin universitet rəhbərliyinin diqqət mərkəzində olacağını vurğulayıb”.

2021/2022-ci tədris ilində I kursa Hərbi tibb fakültəsi istisna olmaqla, 827 tələbənin qəbul olunduğunu deyən prorektor qeyd etdi ki, qəbul imtahanlarının nəticələrinə görə 705 nəfər dövlət hesabına, 166 nəfər isə ödənişli əsasla təhsil alacaq: “Bu il ölkə üzrə imtahanlarda yüksək nəticələr göstərən 871 tələbənin 391 nəfəri 600-dən yuxarı bal toplayaraq universitetimizə daxil olmuşdur. Onlar əlaçı tələbələr hesab edilir. Eləcə də Prezident İlham Əliyevin müküfatlandırdığı 102 Prezident təqaüdçüsünün 25 nəfəri bizi seçmişdir ki, bu da universitetimizin yüksək reytinqini neçə ildir qoruyub saxladığını göstərir”.

Sessiya imtahanlarının rektorun müvafiq əmrinə əsasən aparıldığını xatırladan S.Əliyev 2020/2021-ci tədris ilinin imtahan sessiyalarının nəticələri üzərində xüsusi dayandı: “Payız semestrinin imtahan sessiyasının nəticələri Elmi Şurada geniş müzakirə olunduğundan, universitet üzrə yaz semestrinin imtahan sessiyasının nəticələri üzərində dayanmaq istəyirəm. Bu imtahan sessiyasının başlanğıcından 8 nəfər akademik məzuniyyətdə olmuş, 11 tələbə isə semestr ərzində öz ərizələri əsasında universitetdən xaric edilmişdir. Beləliklə, 275 nəfər istisna olmaqla, 6591 tələbə imtahanda iştirak etmiş, onlardan 6453 nəfər bütün imtahanlarda müvəffəq qiymətlər alaraq sessiyanı başa vurmuşdur. 1810 nəfər imtahan sessiyasını «əla», 3663 «əla» və «yaxşı» və 980 nəfər qarışıq, 138 nəfər isə  «qeyri-kafi» qiymətlərlə bitirmişdir ki, bunlardan da 112 nəfərin yalnız bir fəndən, 23 nəfərin 2 fəndən, 3 nəfərin isə 3 və daha artıq fəndən akademik borcu qalmışdır. Ümumiyyətlə, universitet üzrə kəmiyyət göstəricisi 97,9%, keyfiyyət göstəricisi isə 83,03% olmuşdur”.

İclasda çıxış edən professor Səfixan Həsənov və dosent Cəlal İsayev hesabatı müsbət qiymətləndirdilər. Eyni zamanda, onlar rəhbərlik etdikləri kafedralarda tədris prosesi ilə bağlı mövcud problemlərə toxunaraq öz təklif və rəylərini irəli sürdülər.

Sonra Apellyasiya Komissiyasının sədri, professor Eldar Qasımov çıxış edərək aparılan araşdırmaların nəticələri haqqında şura üzvlərinə məlumat verdi və narahatlıq doğuran bəzi məqamlara aydınlıq gətirdi.

Çıxışları yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli bildirdi ki, artıq ənənəvi qaydada dərslərin başlanmasından dörd həftə ötür: “İlk məsələ pandemiya şəraitində sanitar-gigiyenik normalara düzgün riayət olunmasıdır. Vaksinasiya bütün kollektivi əhatə etməlidir. Çünki pandemiyanın nə qədər davam edəcəyi bilinmir. Hər hansı səbəbdən peyvənd olunmayan əməkdaş və yaxud tələbə akademik məzuniyyət götürməlidir. Qaydalara əsasən kafedralarda dərs zamanı məsafə saxlanmalı, hər kəs maska taxmalı, korpuslarda növbətçilər fəaliyyət göstərməlidir”.

Rektor təhsilin keyfiyyətinin prioritet məsələ olduğunu vurğuladı: “Uzun fasilədən sonra ənənəvi qaydada təşkil olunan tədrisin keyfiyyətini bərpa etmək elə də asan deyil. Mən prorektorlara, dekanlara və kafedra müdirlərinə səslənirəm - hər birimizin borcudur ki, tədris prosesinin keyfiyyətini tez bir zamanda əvvəlki səviyyəyə çatdıraq. Mən tədris prosesi başlayandan bəri tələbələrlə istər kafedralarda, istər rektorluqda görüşüb söhbət apardığım zaman bəzi məsələlər üzə çıxıb. Mən həmin məlumatların araşdırılması üçün lazımi göstərişlər vermişəm. Testləri həddən artıq mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Nəzəri kafedralardan fərli olaraq, kliniki kafedralarda testlərin keyfiyyəti məsələsində problemlər var. Bundan sonra hər hansı kafedra müdirinin öz vəzifəsində qalıb-qalmayacağı onun işinin keyfiyyətindən asılı olacaq. Ola bilər ki, kiminsə hardasa yaxşı xidmətləri var, amma kafedra müdirliyi üçün tələblər başqadır. Ona görə də hələlik kafedra müdirlərinin seçkisi ləngiyir”.

Universitetdaxili nizam-intizamdan danışan professor G.Gəraybəyli daha sonra bildirdi ki, bəzi kafedralarda tələbələrə əsassız tapşırıqlar verilir: “Tapşırırlar ki, yalnız filan ədəbiyyatdan istifadə edin. Bu, cəfəngiyyatdır. Əksinə, tələbə bacardığı qədər geniş ədəbiyyatdan istifadə etməlidir. İndi yeni ixtisaslar açılıb və bu baxımdan zal çatışmazlığı yaranıb. Biz çalışırıq ki, auditoriyaları bir qədər genişləndirək. Bəzi kafedralarda özbaşına təmir işləri aparılır. Bu yolverilməzdir. Bundan başqa, bir-birinə paralel kafedralarımız var. Bəzən görürik ki, onlardan birində test hazırlanıb İmtahan Mərkəzinə verilib, digərində isə hələ yoxdur. Nəticədə tələbə və rezidentlər problemlə üzləşir. Ona görə də biz bu kafedraları birləşdirmək məcburiyyətindəyik”.

Universitetin rəhbəri çıxışının sonunda bəzi məsələlərə dair fikirlərini də şura üzvləri ilə bölüşdü. Onun I kurs tələbəsi, Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovaya universitet hesabına əlavə təqaüdün verilməsi və qazi övladı Miriyeva Ləman Miryusif qızının etdiyi müraciətə əsasən təhsil haqqının ödənilməsində ona güzəşt olunması təklifi dəstəkləndi.

Bir sıra müxtəlif məsələlərə də münasibət bildirən Böyük Elmi Şura elmlər doktorluğu işlərinin mövzusunu, həmçinin dərslik və dərs vəsaitlərinin təsdiqini, müsabiqə məsələlərini də həll etməklə öz işini başa çatdırdı.