ATU-da “Zəfər Tibb Simpoziumu” fəaliyyətə başlayıb

Professor Gəray Gəraybəyli: “Vətən müharibəsində əldə edilən qələbənin kulminasiya nöqtəsi Şuşa zəfəri idi”

Oktyabrın 29-da Azərbaycan Tibb Universitetində “Zəfər Tibb Simpoziumu”nun açılış mərasimi olub. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumu ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq qonaqları və iştirakçıları salamlayıb.

Rektor bu tədbirin mənəvi dəyərinin xalqımız və tibb ictimaiyyəti üçün çox yüksək olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın idi ki, işğal olunmuşdu: “Çox hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı ordumuz 44 günlük müharibəni qələbə ilə başa vurdu, torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün taleyüklü olan bu müharibədə əldə edilən qələbənin kulminasiya nöqtəsi Şuşa zəfəri idi. Belə ki, Şuşa daim Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın döyünən ürəyi olub. Ona görə də II Qarabağ müharibəsində işğaldan azad olunan Şuşa sonradan ölkəmizin mədəniyyət paytaxtı elan edildi”.

Rektor çıxışının davamında Şuşa zəfərinə həsr olunmuş belə bir simpoziumun təşkil edilməsinin hamımız üçün qürurverici hadisə olduğunu bildirib. Nevrologiya sahəsinə dair mövzularda çıxış etmək üçün Almaniyadan gəlmiş mütəxəssislərin yerli həkimlərlə öz təcrübələrini bölüşəcəklərini vurğulayan professor Gəray Gəraybəyli, tədbirin iştirakçılar üçün faydalı olacağına əminliyini qeyd edib.

Sonra səhiyyə nazirinin müavini Rahim Əliyev çıxış edib. Bildirib ki, 30 ildir səngiməyən erməni təcavüzünə bir il əvvəl Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz layiqli cavab verib: “Xalqımız həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsində də cənab Prezidentin “dəmir yumruğu” ətrafında birləşdi, xaricdə yaşayan azərbaycanlılar da bu həmrəyliyə qoşuldular. Qələbəni təkcə döyüş meydanında deyil, sərhədsiz sosial mediada, siyasi arenada və diplomatik sahədə də qazandıq. Düşmən layiqincə cavabını aldı. 30 illik Vətən həsrətinə son qoyuldu. Hazırda Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə konfransı ərsəyə gətirdik. Tədbir əsasən nevrologiya, radiologiya, onkologiya və COVID-19-un aktual problemlərinə həsr olunub”. 

Nazir müavini 2016-cı ildən etibarən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin ölkəmizdə bir sıra simpoziumlar, konfranslar keçirdiyini, bu tədbirin Zəfər gününə həsr edilməsinin təqdirəlayiq olduğunu bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov çıxışında 44 günlük Vətən müharibəsi dövründə komitənin xaricdəki təşkilatlarının fəaliyyətindən, soydaşlarımızla birlikdə müxtəlif tədbirlərin keçirilməsindən, xüsusilə təbliğat işlərinin aparılmasından, müharibə barədə həqiqətlərin dünyaya çatdırılması sahəsində görülən işlərdən danışıb: “Sevindirici haldır ki, “Zəfər Tibb Simpoziumu”nda bizim diaspor nümayəndələri də iştirak edir. Təbii ki, diasporumuz birdən-birə bu günkü səviyyəyə çatmayıb. Aparılan diaspor siyasəti, ölkə rəhbərliyi tərəfindən müvafiq tövsiyə və tapşırıqların verilməsi və neft kapitalının insan kapitalına çevrilməsi sahəsində həyata keçirdiyimiz işlər bu günkü mənzərəni ortaya qoyur. Ölkə başçısının xüsusi bir tapşırığı var ki, bu da xaricdə yaşayan soydaşlarımızın, təhsil alan tələbələrimizin bir qüvvə, güc olaraq birləşdirilməsi və onların doğma vətənləri ilə əlaqələrinin sıx və genişşaxəli olmasıdır. Bizim bir sıra layihələrimiz var və onlar hazırda reallaşır. 10-dan çox ölkədə 13 “Azərbaycan evi” açılıb. Televiziyamız mövcuddur, diaspor radiosu fəaliyyət göstərir. Bütün informasiya və təbliğat sahələri üzrə Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif layihələr həyata keçirir. Xüsusilə də tələbə və elm sahəsində olan soydaşlarımızın layihələrinə diqqət yetiririk. Hazırda bizim xaricdə yaşayan soydaşlarımız müxtəlif sahələrdə nailiyyətlər əldə ediblər. Çox xoş olardı ki, onlar nailiyyətlərini öz Vətənləri ilə paylaşıb təcrübə mübadiləsi aparsınlar”.

Daha sonra Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsaris çıxış edib. O, keçirilən tədbirin elmin son nailiyyətlərinin müzakirəsində və təcrübə mübadiləsində rolundan danışıb.

“Zəfər Tibb Simpoziumu”nda Almaniya modeli nümunəsində müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən bəhs edilib. Tədbirdə Almaniyadan gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev də çıxış edərək deyib ki, son illərin əsas müzakirə mövzularından biri yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə xəstələrə göstərilən xidmətlərin müəyyən səviyyədə çətinləşməsidir. Almaniyada aparılan statistikaya əsasən, pandemiya dövründə xəstələrə göstərilən xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə eyni olsa da, xəstələrin virusdan qorxaraq həkimə müraciət etməmələri insultdan illik ölüm faizinin artmasına səbəb olub. Ona görə də təkcə virusun özü deyil, yaratdığı bu cür vəziyyətlər də tibbi xidmətlərin təşkilində müəyyən problemlər ortaya çıxarır: “Azərbaycanda olan insult xəstələri ilə bağlı elmi araşdırmaların istinad edilən elmi ədəbiyyatlara daxil edilməsi vacibdir. Bunun üçün ən vacib faktorlardan biri də həmin xəstələrə standartlaşdırılmış şəkildə tibbi xidmətlərin göstərilməsidir. 2016-cı ildən bəri bu tibbi xidmətlərlə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb və müvafiq qurumlarla bir sıra müzakirələr aparılıb. Danışıqların nəticəsində Azərbaycanda insult mərkəzlərinin qurulması pilot layihə kimi artıq ön plana çıxıb və mərkəzlərin fəaliyyətinin təşkili üçün işə başlanılıb. Azərbaycanda insult mərkəzlərinin təşkili xəstələrlə bağlı daha dəqiq statistika aparmağa imkan yaradacaq”.

Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsinin müdiri Cavid Əhmədov isə insult keçirən xəstələrə necə ilkin tibbi yardım göstərilməsindən, ölkəmizdə bu sahədə olan vəziyyətdən söhbət açıb. O, ÜST-ün açıqlamasına əsasən, insult mərkəzlərinin olmasına baxmayaraq, ölüm faizinə görə Gürcüstanın 6-cı, Azərbaycanın isə belə mərkəzlərin olmamasına baxmayaraq, 66-cı yerdə qərarlaşdığını deyib. C.Əhmədov ölkəmizdə insult mərkəzinin açılmasının vacibliyini vurğulayaraq, artıq pilot layihənin Nəsimi və Nərimanov rayonları ərazisində həyata keçirildiyini, Bakı Sağlamlıq Mərkəzinin bu layihəyə qoşulduğunu və insult xəstələrinin mərkəzdə müayinə və müalicə olunduğunu bildirib.

Qeyd edək ki, simpozium iki gün davam edəcək. İştirakçılar Gəncə və Göygöl şəhərlərində də olacaqlar. Onlar Göygöldə yerləşən “Müqəddəs İohann kilsəsi” ilə tanış olacaq, Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bombalanmış əraziləri, dağıdılmış evləri ziyarət edəcəklər.