Cərrah Taryel Ömərov mədəkiçiltmə əməliyyatı ilə bağlı uğurlu təcrübəsini bölüşüb
Bu günlərdə Türkiyənin Antalya şəhərində VII Milli və 6-cı Aralıq dənizi Metabolik Xəstəliklər Konqresi (7th National and 6th Mediterranean Metabolic Diseases Congress) baş tutub. Dünyanın 20-dən çox ölkəsindən gələn 500-dən çox iştirakçı və 100-dən çox mühazirəçi arasında Azərbaycan Tibb Universitetinin təmsilçiləri də olub.
Bu mötəbər tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Taryel Ömərov da iştirak edib. O, eyni zamanda 2-ci Milli Metabolik və Bariatrik Cərrahiyyə Dietologiya Konqresində (National Metabolic and Bariatric Surgery Dietetics Congress) və Oksford Universitetinin nəzdində formalaşmış 41-ci Beynəlxalq Bariatrik Klub (41 st İnternational Bariatric Club) simpoziumuna qatılaraq geniş auditoriya qarşısında çıxış edib. T.Ömərov konqresin beynəlxalq işlər üzrə katibi seçilib.
Tanınmış cərrah Taryel Ömərovun sözlərinə görə, belə nüfuzlu toplantıda məhz ATU təmsilçisinin katib seçilməsi qürurverici haldır. Tədbir zamanı Azərbaycanda yalnız bariatriya sahəsində əməliyyatlar haqqında yox, eyni zamanda elmi işlər barəsində də çıxışlar olub.
Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən bu konqresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində tanınmış 100-dən artıq mütəxəssis çıxış edib. Milli dərnəyin nümayəndələri konfransda dünya şöhrətli professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olmaqla yanaşı, həm də milli təcrübəni təqdim ediblər. T.Ömərov bildirir ki, azərbaycanlı həkimlərin çıxışları da maraqla qarşılanıb. Onun sözlərinə görə, artıq 7 ildir üzərində işlədiyi Mədənin boylama rezeksiyası (mədə kiçiltmə– Sleeve gastrectomy) əməliyyatın xüsusi modifikasiyasına dair çıxış edib, həm də “Re-Sleeve qastrektomiya – 38 xəstədən öyrəndiklərimiz” mövzusunda video çarxı nümayiş etdirib.
“Xəzərətrafı dövlətlər arasında – xüsusilə də İran, Rusiya kimi dövlətlərlə müqayisədə gənc olmağımıza baxmayaraq, son illərdə apardığımız işlər təqdirəlayiqdir. Bu tip əməliyyatlarda cərrahi ağırlaşmalarının qarşısının alınmasına dair dünyada çoxsaylı araşdırmalar var. Lakin konqresin akademik gündəliyinə bizim çıxışların seçilməsi bizim işlərə yüksək dərəcədə maraq olmasına dəlalət edir”.
T.Ömərov qeyd edir ki, bariatrik-metabolik cərrahiyyə yalnız bir əməliyyat növündən ibarət deyil. Burada uğurlu nəticə əldə etmək üçün pasiyentə fərdi şəkildə yanaşmaq lazımdır: “Mədənin Boylama Rezeksiyası (Sleeve gastrectomy) əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən çətinlikləri var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr etdiyimiz elmi işimizin əsas məğzində duran yeniliklərdən bəhs edən çıxışımız diqqətsiz qala bilməzdi. Sevindirici haldır ki, MDB məkanına daxil olan Xəzəryanı dövlətlərdə, Qafqazda və Orta Asiya dövlətləri arasında ilk olaraq Azərbaycanda Bariatrik-Metabolik Cərrahlar Dərnəyi yaradılıb. Beş illik uğurlu fəaliyyətimizin bariz nümunəsi olaraq bu il respublikamızda 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin Konqresinin keçirilməsini vurğulaya bilərik. Biz həm də beynəlxalq konqreslərdə iştirak edərək Azərbaycanın uğurlarını bölüşürük”.
Komitə sədri bildirir ki, dünyada 2018-2019-cu illərdə təxminən 834000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb. Bunlardan 390 mini (47%) mədənin boylama rezeksiyası (Sleeve gastrectomy) əməliyyatıdır. Ölkəmizdə də son 8 ildə 4000-ə yaxın belə əməliyyat aparılıb ki, bunlardan təxminən 80-85% mədənin boylama rezeksiyası (Sleeveg gastrectomy) əməliyyatıdır.
Qeyd edək ki, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. T.Ömərov konqresdə təşkil olunmuş 41-cu Beynəlxalq Bariatrik Club Simpoziumunda da ekspert panelində çıxış edib. T.Ömərov 2016-cı ildən rəsmi olaraq Oksford Universitetinin nəzdində yaradılan bu dərnəyin elmi panellər üzrə ekspertləri sırasına daxildir.
Konqresdə eyni zamanda ATU-nun Tədris Terapevtik Klinikasının endokrinoloqu professor V.Mirzəzadə, ATU-nun II cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. Elçin Abdinov , ATU-nun III cərrahi xəstəliklər kafedrasının əməkdaşı Aslan Abdullayev çıxış ediblər.