Zülfüqar Musabəyov: “Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi”
Azərbaycan Tibb Universitetində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş ATU məzunlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbiri açan universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov bildirib ki, biz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilini başa vurmaqdayıq: “Hamımız qürur dolu bir il keçirmişik. Bir il əvvəl Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi. Bu savaşdakı qələbə bütün dünyaya göstərdi ki, Azərbaycan öz haqqı uğrunda mübarizə aparmağa qadir olan güclü bir dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə olunan şanlı qələbə bizi döyüş meydanında qalib dövlət kimi bütün dünyaya təqdim etdi”.
Prorektor qeyd edib ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri olub: “Tibb xidməti işçiləri arasında ilk şəhid olan isə, qəhrəmanlığı ilə dastan yazan tibb xidməti leytenantı, universitetimizin məzunu Turqut Xəlilbəylidir. O, yaralı əsgərin düşmən hədəfində olduğunu görərək özünü onun üzərinə atıb. Əsgərin həyatını xilas etsə də, özü şəhid olub. İndi ATU-nun Hərbi tibb fakültəsinin kitabxanasına Turqutun adı verilib. Turqut Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib. Kitabxanada, həmçinin şəhid məzunlarımıza həsr olunmuş guşələr yaradılıb. Qeyd edim ki, Hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib.
Onun sözlərinə görə, müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifə yaralanan hərbi qulluqçulara tibbi yardım göstərmək, onları müalicə etmək idi. Amma həkimlərin digər bir vəzifəsi də vardı ki, onlar bu tapşırığın da öhdəsindən layiqincə gəldilər: “Bu da müharibə ilə yanaşı, COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, onun şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarət idi. Məhz bu fəaliyyət nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması halı qeydə alınmadı”.
Z.Musabəyov bildirib ki, hər kəsin vətən fədaisinə çevrildiyi müharibə günlərində Azərbaycan Tibb Universiteti də aktiv fəaliyyət göstərib. Məlum olduğu kimi, hələ 2020-ci ilin aprelindən etibarən ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikaları koronavirus xəstələrinin müalicəsi üçün bağlanmışdı: “Bu klinikalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm rol oynayıb. Klinikalarımızda minlərlə xəstə müalicə alıb. Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamız daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də gücləndirilmiş iş rejiminə keçdi. Klinikalarımızda yüksək ixtisaslı həkimlərimiz və orta tibb personalımız gecə-gündüz yorulmadan gətirilən yaralıları qəbul edirdilər. Onlara ixtisaslı cərrahi yardım göstərilirdi. Bu fəaliyyət nəticəsində yüzlərlə əsgər və zabitimiz uğurla müalicə olunaraq öz sağlamlıqlarına qovuşdular. Qeyd edim ki, universitetin və klinikanın əməkdaşları həm də könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstərirdilər”.
Prorektor xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq müharibənin başlandığı tarix - sentyabr ayının 27-si Anım Günü kimi qeyd olunur.
Hərbi tibb fakültəsinin rəisi, polkovnik Çingiz Əlləzov yada salıb ki, ermənilər torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlayırdılar. Və bu illər ərzində aparılan bütün danışıqlara baxmayaraq, heç bir güzəştə getmir, torpaqları sülh yolu ilə azad etməyə razılaşmırdılar: “Azərbaycan sülhpərvər olduğunu bütün dünyaya göstərməklə yanaşı, müharibəyə də hazırlaşırdı. Çünki bizim əzəli torpaqlarımızdan heç bir halda əl çəkmək fikrimiz yox idi. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun peşəkarlığının artırılması, müasir silah-sursatlarla təchiz olunması sahəsində məqsədyönlü və ardıcıl işlər aparılırdı. Bu fəaliyyət hərbi təbabət sahəsini də əhatə edirdi. Son illər istər Bakıda, istərsə də rayonlarda, o cümlədən keçmiş cəbhə xəttinə yaxın ərazilərdə yerləşən xəstəxanalar, hospitallar ən müasir avadanlıqlarla təchiz edilmişdi. Müharibə zamanı bunun çox köməyi oldu”.
Ç.Əlləzov qeyd edib ki, müharibədə hərbçilərin fəaliyyəti nə qədər önəmli və eyni zamanda ağır idisə, onların tibbi təminatı heç də bundan az əmək tələb etmirdi.
"Təbib" idman klubunun sədri Qələndər Aslanov döyüşlər zamanı hərbçilərimizdəki ruh yüksəkliyi, onların hazırlıqlı olmasında bədən tərbiyəsi və idmanın rolundan danışıb: “Biz 44 günlük Vətən müharibəsində həm döyüşərək, həm də yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərərək qəhrəmancasına şəhid olmuş məzun tələbələrimizin anım gününə toplaşmışıq. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ruhlarını şad etmək hər birimizin burcudur.
Şəhidlər xalqımızın yaddaşında əbədi iz qoyub gedirlər. Vətən təkcə torpaq deyil, Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə, sabahına hamımız cavadehik. Bizim qəhrəman məzunlarımız da Vətəni dünənə kimi öz bilikləri, bacarıqları ilə təbliğ edirdilərsə, orduda xidmətləri ilə də bayrağımızı ucaltdılar. Büründükləri üçrəngli bayrağımızın və torpağımızın müqəddəsliyini bir daha hamıya anlatmış oldular.
Məzunlarımızın döyüş ruhunun yüksək olmasında əsas faktor fiziki və psixoloji hazırlıqlı olmalarıdır. Ümumilikdə ordumuzun da qüdrətli olması zabitin, əsgərin fiziki hazırlığından asılıdır. Fiziki hazırlıq cəsurluğun, sağlamlığın təminatıdır. Diqqət etsək görərik ki, ordu sıralarına çağırılanadək gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olublar. Hətta aralarında beynǝlxalq və respublika səviyyəli yarışların iştirakçıları və qalibləri də var. Ümumilikdə 44 günlük Vətən müharibəsində müxtəlif idman növləri ilǝ məşğul olan minə yaxın peşəkar idmançımız iştirak edib, onlardan 320 nəfəri şəhid olub”.
44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin həkimi olmuş qazimiz, baş leytenant Namiq Seyfəddinli döyüş xatirələrini iştirakçılarla bölüşdükdən sonra anım mərasimi ATU-nun tələbələrinin ifasında ədəbi-bədii hissə ilə davam edib.
Tədbirin sonunda nümayiş olunan Ali Baş Komandan İlham Əliyevin şüara çevrilmiş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” videoçarxı alqışlarla qarşılanıb.