Azərbaycan Tibb Universitetində (ATU) Vətən Müharibəsinin 18 həkim şəhidinin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, ATU və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Toplantının əvvəlində ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edərək 44 günlük Vətən müharibəsinin başlandığı gün ölkədə yaranmış ab-havanı xatırladıb. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. Silahlı qüvvələrimizin hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin, torpağımızın hər qarışının düşməndən təmizlənməsi uğrunda rəşadətlə vuruşduğunu qürurla xatırladıb, tarixi bir qələbəyə imza atdığını deyib: “Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və Müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı”.
Xalqımızın uzun illər boyu bu tarixi ədalətin təntənəsini gözlədiyini söyləyən rektor bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya göstərdi: “Bu inamlı tarixi qələbə xalqımızın əzəli arzusunu – dədə-baba yurdlarının azad edilməsini təxminən 30 ildən sonra reallaşdırdı. Bu tarixi qələbə 10 milyondan çox Azərbaycan vətəndaşının Vətən həsrətinə son qoydu”. Öz çıxışında Ali Baş Komandan İlham Əliyevin “Bu qələbənin baş qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” fikrini sitat gətirən natiq II Qarabağ müharibəsinin tarixdə əbədi qalacağını diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bugünkü qələbəmiz üçün zəmin yaratdığını vurğulayan professor G.Gəraybəyli, ümummilli liderimizin Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakültəsinin yaradılması haqqında 25 may 2000-ci il tarixli sərəncamını bu uzaqgörənliyin bariz nümunəsi kimi dəyərləndirib: "Hərbi Tibb Fakültəsinin vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 18-i həkimdir. Çox qürurla qeyd etmək istəyirəm ki, həmin hərbi həkimlər universitetimizin yetirmələridir. Onlar qorxmadan əsgərlərimizin, hərbçilərimizin yanında olaraq həkimlik adını daha da ucalara qaldırmışlar".
Professor G.Gəraybəyli güllə yağışı altında öz vəzifəsini yerinə yetirməkdən çəkinməyən qəhrəman həkimlərimizin adlarını qürurla çəkərək sonsuz ehtiramını ifadə edib. “Yükünüz yükümüzdür, acınız acımızdır, dərdiniz dərdimizdir. Oğullarınızın qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq” – deyə şəhid ailələrinə Allahdan səbr diləyib.
Sonra ATU-nun Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov da 44 günlük Vətən müharibəsi dövründə fədakarlıq göstərmiş Azərbaycan ordusunun tarixi qələbəsindən danışıb.
Digər çıxışçılar da 44 günlük Vətən müharibəsi zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış həkimlərimizin əziz xatirəsinin daim ehtiramla anılacağını, örnək olaraq yeni nəsillərə çatdırılacağını vurğulayıblar.
Tədbirdə müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış tarixi kadrlar, eləcə də möhtəşəm qələbəyə aparan şərəfli yolun öz əksini tapdığı videoçarx nümayiş etdirilib.
Toplantının bədii hissəsində Səbail rayon Badamdar qəsəbə mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova, rejissor Suqra Lütfəliyeva, ATU-nun tələbəsi Aytac Yüzbəyova və Hərbi Tibb Fakültəsinin kursantı Nicat Nəsibli qələbə ovqatlı şeirlər səsləndiriblər. Tədbir iştirakçıları Bayrağımıza ithaf olunmuş şeiri ayaq üstə dinləyiblər. Sonda tanınmış müğənnilərin ifasında vətənpərvər mahnılar səsləndirilib.