Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasında seminar keçirilib. Seminarı klinikanın direktoru Mahir Səfərov açıb. O, Ankara Universitetinin Stomatologiya fakültəsinin dekanı, professor. dr. Kaan Orhanın ölkəmizdə işgüzar səfərdə olduğunu bildirib. Onun klinikanın həkimləri, tələbə və rezidentləri üçün “Stomatologiya və təhsildə süni intellekt – virtual reallıq simulyasiya texnologiyaları” mövzusunda çıxış edəcəyini qeyd edib.
Professor K.Orhan “süni intellekt” ifadəsinin yaranma və onun müasir dövrümüzdə tətbiqindən söhbət açıb. Modern kompüterlərin atası sayılan Alan Turinqin süni intellekt mövzusuna ilk dəfə 1950-ci ildə qələmə aldığı "Hesablama maşınları və şüur" məqaləsində toxunduğunu bildirib: “Alan Turinq “Mind” jurnalında dərc etdirdiyi həmin məqalədə insan ilə kompüterin arasında gedən testdən danışıb. Bu testdə bir hakim olur və insanla kompüter arasında sual-cavab baş verir. Hakim nə həmin adamı, nə də kompüteri görə bilir. Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola bilər ki, hakimi çaşdırsın və hakim onunla adamın, yoxsa kompüterin danışdığını seçə bilməsin”.
Bu testin “Turinq testi” adlandırıldığını bildirən K.Orhan, həmçinin süni intellektin tətbiqi ilə kompüter sistemlərinin və digər süni cihazların köməyi ilə ağlabatan düşüncə və hərəkətin yaradıldığını qeyd edib. Virtual sahədə reallıqlardan, simulyasiya texnologiyalarından söhbət açıb, monitorda nümunələr göstərib. Bir çox sahələrdə olduğu kimi, tibb sahəsində, o cümlədən radioloji və stomatoloji sahələrdə də tətbiq edildiyini bildirib. Gələcəkdə bu sahənin inkişafında təxmin edilmiş fərziyyələri, müayinələr zamanı bir çox xəstəliklərin aşkar edilməsində effektiv vasitə olduğunu diqqətə çatdırıb.
Seminar sual-cavab əsnasında başa çatıb.