2020-ci ilin 8 və 10 noyabr günləri. Həmin günlər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, iftixar və qürur mənbəyimizə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya öz gücünü və mübarizliyini göstərdi. “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz, hər zaman olduğu kimi, bu dəfə də sözünə əməl etdi.
Tarixdən bəllidir ki, həlledici qələbələrdə xalq və onun ordusu ilə yanaşı, sərkərdənin də çox böyük rolu var. Azərbaycan xalqı Vətən müharibəsində buna bir daha əmin oldu, bütün dünya da bu faktı gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də uğurlu fəaliyyət nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi müdrik siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu öz missiyasını inamla, uğurla yerinə yetirməyə başladı. Ermənistanın işğal dövründə yaratdığı mürəkkəb müdafiə mövqeləri hərbçilərimizin peşəkarlığı və yenilməzliyi nəticəsində qısa müddətdə darmadağın edildi, işğal altındakı rayon və şəhərlərimiz, kənd və qəsəbələrimiz bir-birinin ardınca azad olundu.
44 gündə Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla və sarsılmaz inamla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə həyata keçiriblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycanın haqlı mübarizədə qalibiyyətinin təntənəsi, Ermənistanın isə 30 illik işğalçılıq siyasətində məğlub olmasının etirafı – kapitulyasiya aktı idi.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır. Vətən müharibəsində döyüşlər iki cəbhədə gedirdi. Biri ön cəbhədə - düşmənlə üz-üzə, ikincisi isə, yaralıların həyatını xilas etmək uğrunda həkimlərin apardığı döyüş. Bu döyüş də çox ağır keçirdi. Həkimlərimiz bu müharibənin cəsarətli döyüşçüləri oldular. Onlar əllərinə silah almadan savaşırdılar.
Hər birimiz həkimliyin nə qədər ağır və şərəfli bir peşə olduğunu bilirik. Hərbi həkimlik isə qat-qat artıq şərəflidir. Çünki müharibədə yaralılarımızın köməyinə ilk olaraq onlar çatırdılar.
Ümumilikdə müharibə zamanı 159 tibb işçisi yaralanıb, 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi idi. Vətən müharibəsində hərbi tibb personalı öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri idi.
Müharibə günlərində universitetimiz ön cəbhə ilə yanaşı, arxa cəbhədə də aktiv fəaliyyət göstərirdi. Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarımız gücləndirilmiş iş rejiminə keçirilmişdi. Yüksək ixtisaslı həkimlərimiz və orta tibb personalımız gecə-gündüz yaralıların qulluğunda idi. Bu fəaliyyətin nəticəsində yüzlərlə əsgər və zabitimizin həyatı xilas edildi. Bununla yanaşı, əməkdaşlarımız həm də könüllü olaraq cəbhə bölgəsinə gedir, yaralılara yerindəcə zəruri tibbi yardım göstərirdilər.
Bir sözlə, həkimlərimiz, məzunlarımız, eləcə də digər əməkdaşlarımız Azərbaycanın müstəqillik həyatında ən möhtəşəm, ən əlamətdar hadisə olan Vətən müharibəsində də özlərini bir nümunə olaraq təqdim etməyi bacardılar.
Ötən ilin bu günlərində Azərbaycanın 3 minə yaxın igid oğlu torpaqlarımızın azadlığı, 30 illik ədalətsizliyin aradan qaldırılması uğrunda döyüşlərdə canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbçimiz yaralandı. Şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Biz bu gün – möhtəşəm Zəfərin ildönümündə bir daha deyirik: Qarabağ Azərbaycandır! Və özü də yalnız sözdə deyil!
Qarabağ əbədi Azərbaycan olacaq! Tariximizin ən şanlı səhifələrindən biri – 44 günlük Vətən müharibəsi Azərbaycan durduqca qürurla xatırlanacaq, 8 Noyabr - Zəfər Günü böyük coşğuyla qeyd ediləcək.
Gəray Gəraybəyli.
ATU-nun rektoru, professor.