ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Günel Əyyubova ABŞ-ın Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun əməkdaşlığı ilə həyata keçirilən Fulbright qrantının Azərbaycan üzrə qalibi olub. O, Fulbright scholar proqramı çərçivəsində ABŞ-ın Texas A&M Universitetinin Regenerativ Təbabət İnstitutu, Hüceyrəvi və Molekulyar Təbabət kafedrasında elmi tədqiqat işi aparıb.
G.Əyyubova kök hüceyrələrinin yetişdirilməsi, onlardan ekzosomların əldə edilməsi və Nanosight üsulu ilə təhlili, beyin orqanoidlərinin yetişdirilməsi, plazmidlərin tətbiqi ilə gen ekspressiyasına təsir üsulları, müasir genetik və molekulyar analizlər, konfokal mikroskopiya və s. kimi tibb elmi sahəsinin müasir metodlarını da ətraflı öyrənib və tətbiq edib.
O, həmçinin olduğu universitetdə tibb təhsili, istifadə olunan proqram və kurrikulum modelləri ilə də yaxından tanış olub. “Neuroscience and Experimental Therapeutics” kafedrasının professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirib, bir neçə mühazirə və laborator dərslərdə məruzələrlə çıxış edib.
G.Əyyubova proqram müddətində bir çox beynəlxalq tədbir və konfranslarda çıxış etməklə yanaşı, Azərbaycan mətbəxinə aid ləziz yeməklərdən bir neçəsi haqda Amerikada dərc olunan jurnalda məlumatlar verib.
G.Əyyubova bildirib ki, tədqiqatın məqsədi Alzheymer xəstəliyinin, o cümlədən yaddaş pozğunluğu ilə müşahidə edilən digər xəstəliklərin müalicəsində kök hüceyrə mənşəli ekzosomların effektliyinin öyrənilməsidir. Bununla yanaşı, G.Əyyubova tibb sahəsinin bir çox müasir tədqiqat metodlarını da öyrəndiyini və tətbiq etdiyini vurğulayıb.
Yaddaş pozuntuları ilə müşahidə edilən neyrodegenerativ xəstəliklərin günü-gündən artmaqda davam etdiyini söyləyən mütəxəssis, apardığı tədqiqat işinin effektiv müalicə üsullarının tapılmasına kömək olacağına, həmçinin Azərbaycanda bu növ xəstəliklərin tədqiqi üçün zəmin yaradacağına inandığını deyib: "Gələcək namizədlərə isə özlərinə inamlı olmağı, qarşıya qoyduqları məqsədlərə doğru irəlilədikdə maneələri dəf etməyi bacarmağı, təhsil və bacarıqlarını daim inkişaf etdirməyi, istər ölkəmiz, istərsə də dünya üçün faydalı işlər görməyə çalışmalarını tövsiyə edirəm".