Bu günlərdə Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Zəfər Gününə həsr olunmuş veb-konfransı keçirilib. Konfransda 130-a yaxın şəxs iştirak edib. Tədbirə universitetimizin tələbə, müəllim-professor heyəti ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universitetinin müəllim-professor, tələbə heyəti, Türkiyə və Almaniyada təhsilini davam etdirən məzunlarımız da aktiv şəkildə qatılıblar.
Tədbirin əvvəlində 44 günlük müharibəyə aid videoçarx nümayiş etdirilib. Sonra Əczaçılıq fakültəsi TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova çıxış edib. O, Zəfər bayramının tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, şanlı qələbəmiz müzəffər Azərbaycan Ordusunun gücü, ölkəmizdə yaşayan bütün millətlərin birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi nəticəsində əldə olunub. N.Məmmədova kofransı açıq elan etdikdən sonra Dövlət Himnimiz səsləndirilib. Sonra Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
N.Məmmədova iştirakçılara fakültə TEC-in iş mexanizmi haqqında məlumat verib: “2 ilə yaxın davam edən pandemiya dövründə fakültəmizdə bu sahədə iş demək olar ki, dondurulub. Aşağı kursların tələbələrinin Cəmiyətin işi haqqında məlumatı olmadığı üçün bu tədbirimizdə TEC-in fəaliyyəti, elmi işin tələbə üçün əhəmiyyəti, bu sahədə tələbələri aktivləşdirmək üçün görülən tədbirlər haqqında çixışlar olacaq”.
Daha sonra çıxış edən Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov Zəfər Günü haqqında geniş məlumat verib. O, universitet rəhbərliyinin tələbələrin elmi işlərə cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirdiyini, bunun üçün tələbələrə lazımi şərait yaradıldığını qeyd edib.
ATU TEC-in rəhbəri, tibb elmləri doktoru Müşviq Həsənov isə keçirilən tədbirin məhz belə bir əlamətdar günə həsr edilməsinin böyük əhəmiyyətindən danışıb. O, TEC-in son illərdə qazandığı naliyyətlər, beynəlxalq əlaqələrindən söhbət açıb. Əczaçılıq fakültəsi TEC-in bu sahədə öndə gedənlərin siyahısında olduğunu qeyd edib. M.Həsənov son 3 ildə Əczaçılıq fakültəsi TEC-in sədri olan Qəmər Məmmədbəylinin fəaliyyətini yüksək qiymətləndirib və onun kimi tələbələrdən universitetimizdə daha çox olmasını arzulayıb.
Qəmər Məmmədbəyli də konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Əczaçılıq fakültəsi TEC-in son illərdə göstərdiyi fəaliyyətdən danışıb və buna aid hazırladığı videoçarxı nümayiş etdirib.
Konfransın panel sessiyasında ATU-nun Əczaçılıq fakültəsinin məzunları, Bakı Dövlət Universitetinin "Sənaye Kimyası" tədqiqat laboratoriyasının doktorantı, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi Sərvinaz Hacıyeva, Almaniyanın Darmştadt Texnik Universitetinin Organik Kimya və Biokimya İnstitutunun doktorantı Fərid Əhmədov, ATU-nun Əczaçılıq kimyası kafedrasının doktorantı, baş laborant Aytəkin Qəribli çıxış ediblər. Onlar öz çıxışlarında tələbəlik dövründə elmi-tədqiqat və ictimai fəaliyyətin gələcək karyeradakı rolu haqqında danışıb və tələbələrə bu sahədə uğurlar qazanmaq üçün tövsiyələrini veriblər.
Daha sonra 5 tələbənin elmi-tədqiqat işləri təqdim olunub. Tələbələrdən Lamiyə Yusifovanın “Epidemiya və pandemiyaların yaranma tarixinin öyrənilməsi”, Nurstan Talib Srrmrinin “Nucleic acids, drugs based on them and application in medicine”, Günel Məmmədəliyevanın “Proteolitik təsirli ferment preparatları”, Gülmaya Əsgərovanın “Количественное фотометрическое определение метоклопрамида гидрохлорида в препарате “Церулин””, magistirlərdən Ayan Abasova, Musəvin Babayeva, Fatimə Hacıyevanın “Əczaçılıqda elmi-tədqiqat aparılmasının mərhələləri, ədəbiyyat axtarışının əhəmiyyəti” mövzusunda etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Veb-konfrans sual-cavab əsnasında öz işini başa çatdırıb.