Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Kiçik çanaqda maye” mövzusunda seminar keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə klinikanın həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru, doset Səbinə Məşədiyeva-Bayramova çıxış edərək xəstəlik və müasir müalicə metodları barədə ətraflı məlumat verib. Bildirib ki, kiçik çanaqda maye-gizli hipotireozun maskalarından biridir.
Onun sözlərinə görə, hipotireoz – tiroksinin çatmazlığı ilə gedən və sonraki dövrlərdə triyodtironinin orqanizmin hüceyrələrində təsirinin azalması ilə səciyyələnən kliniki sindromdur. Bunlar metabolik proseslərin total ləngiməsinə və fibronektin ilə birgə hidrofil qlikozaminqlikanların dərialtı piy təbəqəsində, əzələlərdə, başqa toxumalarda çökməsi nəticəsində interstisial ödemin əmələ gəlməsinə gətirib çıxarır: "Hipotireoz, qalxanvari vəzin funksiyasının azalması əslində geniş yayılmış xəstəliklərdən biridir. Amma çox vaxt müxtəlif ixtisaslı həkimlər onun maskalanmış formalarına rast gəlirlər".
Xəstəliyin subklinik formasının tez-tez diaqnostikadan yayındığını və yaxud təsadüfən ümumi müayinələr zamanı aşkarlandığını deyən S.Məşədiyeva-Bayramova bildirib ki, xəstəliyin manifest forması da bəzən zəif klinik simptomlara malik olur. Müəyyən hallarda isə hipotireozun simptomları başqa xəstəliklərin simptomları ilə oxşar olur. Bütün bunlar isə, xəstəliyin aşkarlanmasında əlavə çətinliklər yaradır.
Məruzəçi qeyd edib ki, subklinik hipotireoz zamanı tipik simptomlar olmur. Bəzi hallarda əhval-ruhiyyənin düşkün olması, depressiya, ümumi xolesterinin, aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsinin artması müşahidə edilir.
"Manifest formada xəstəliyin klinik əlamətləri daha parlaq olur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq mübadilə-hipotermik sindromu, miksedematoz ödemi, sinir, ürək-damar, ifrazat, dayaq-hərəkət, həzm sistemlərinin zədələnmələrini qeyd etmək olar. Bundan başqa, anemik sindromu, hiperprolaktinemik hipoqonadizmi, ektodermal pozğunluqları qeyd etmək vacibdir. Xəstəliyin orta ağırlıq gedişatı zamanı və ağır formalarında perikardda və plevral boşluqlarda maye toplanmasına, poliserozitlərə və assitə rast gəlmək olar. Hipotireozun ağır fəsadlarına ürək çatışmazlığı, ağır depressiya, ürək komasına gətirən ürək vurğularının azalması, hipotireoid koma, Alsheymer xəstəliyi aiddir", - deyə o, bildirib.
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.