Noyabrın 17-də Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Malayziyanın MARA Texnologiya Universiteti (UiTM) və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə ilk onlayn tanışlıq görüşü keçirilib.
Görüşdə Azərbaycan tərəfindən ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq, Elm, ali və orta ixtisas təhsili şöbələrinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Bakı Dövlət Universitetinin müvafiq sahə üzrə prorektorları, Malayziya tərəfindən isə UiTM-in vitse-kansleri, professor Hajah Roziah Mohd Janor, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hajah Zainab Haji Mohd Noor, dekanlar və digər əməkdaşlar iştirak ediblər.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli onlayn görüşdə çıxış edərək əvvəlcə rəhbəri olduğu ali tibb müəssisəsi haqqında qısa məlumat verib. Əsası 1930-cu ildə qoyulan Azərbaycan Tibb Universitetinin 90 illik tarixi ərzində Azərbaycanı və yaxın region ölkələrini yüksək profilli həkimlərlə təmin etdiyini vurğulayan rektor hazırda universitetin 5 fakültəsində 7 ixtisas üzrə mütəxəssislər hazırlandığını bildirib. Xatırladıb ki, uzun illərdir Tibb, Stomatologiya, Əczaçılıq, İctimai səhiyyə və Hərbi həkim ixtisasları üzrə peşəkar kadrlar hazırlanır. Tibb bacılığı və fizioterapist ixtisasları, həmçinin kliniki psixologiya və tibbi menecment üzrə master proqramları isə son 2 ildə təşkil olunub.
Rektor hər il ATU-dan təxminən min nəfər məzun olduğunu diqqətə çatdıraraq qeyd edib ki, universitetdə təhsil alan 7000-ə yaxın tələbədən 2300-ə qədəri əcnəbi vətəndaşlardır: “Bu əcnəbi vətəndaşlar dünyanın 39 ölkəsini təmsil edirlər. Universitetimizin fəaliyyətində prioritet istiqamətlərdən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir. Təsadüfi deyil ki, hazırda dünyanın 90-a yaxın elm və təhsil qurumu ilə müxtəlif xarakterli əməkdaşlıq müqavilələrimiz mövcuddur”.
Professor G.Gəraybəyli Malayziyanın ən böyük ali təhsil müəssisəsi olan UiTM ilə belə bir görüşdə iştirakdan və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunmasından məmnunluğunu dilə gətirib: “Tərəfimizdən aparılan qısa araşdırma zamanı gördük ki, MARA Texnologiya Universiteti 60 illik zəngin bir təcrübəyə malikdir və hazırda universitetdə səhiyyə və rifah üzrə 1000-dən çox tədris proqramları təklif olunur. Təbii ki, bu fakt bizdə böyük entuziazm yaratdı. Hesab edirəm ki, ATU-da yeni yaradılan Tibb bacılığı, fizioterapist, kliniki psixologiya və tibbi menecment ixtisasları ilə bağlı təhsilin bütün pillələri üzrə MARA Texnologiya Universitetinin zəngin təcrübəsindən istifadə edilə bilər. Xüsusilə bu istiqamətdə müəllim və tələbələrin qısa və uzun müddətli mübadilə proqramlarının faydalı olacağı qənaətindəyəm”.
Professor G.Gəraybəyli Malayziyadan olan həmkarlarının gələcəkdə Azərbaycan Tibb Universitetində yaradılması nəzərdə tutulan nutrisiologiya ixtisası, eləcə də Genetik araşdırmalar və kök hüceyrə araşdırmaları laboratoriyalarına dair fikirlərinin önəmli olduğunu da deyib.
Onlayn görüş zamanı ikili diplom proqramlarının təsis edilməsi imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Eyni zamanda Azərbaycan vətəndaşları üçün UiTM-də xüsusi təqaüdün ayrılması, tələbə və müəllim mübadilə proqramları, bərpa olunan enerji, hüquq və digər ixtisaslar üzrə mümkün əməkdaşlıq imkanları, birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak edib.