Azərbaycanda səhiyyə sistemi dövlətin daima diqqət və qayğısında olan sahələrdən biridir. Tibb xidmətləri bazarının təkmilləşdirilməsi üçün ən mühüm addımlardan biri dərman istehsalı üzrə müəssisələrin yaradılmasının stimullaşdırılması ola bilər. Bu haqda bizə müsahibəsində Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova bildirib. Onun fikrincə, ölkəmizdə dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var:
- Azərbaycanda əczaçılıq müəssisələrinin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var. Əvvəla, Azərbaycan dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslarımız var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər. Digər tərəfdən, Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirilə bilər. Onu da qeyd edim ki, hələ Sovet hakimiyyəti illərindən Azərbaycanda biologiya sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində güclü ənənələrimiz mövcuddur. Bu sahədə elmi-tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərməkdədir.
-Əczaçılıq sənayesinin çox spesifik bir sahə olduğunu və burada dövlət nəzarətinin mütləq olduğunu nəzərə alsaq, belə müəssisəsinin hansı formada yaradılması daha uyğun olardı?
-Əlbəttə, əczaçılıq sənayesində alıcıların həddən artıq çox olduğunu nəzərə alsaq, bu işdə dövlətin iştirakı vacibdir. Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyiriksə, yenə də burada dövlətin dəstəyi lazım gələcək. Hətta belə bir müəssisə hansısa şirkətin ortaq payı ilə yaradılsa, dövlət yenə də bu layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacaq. Çünki dərman istehsal zavodu yüksək gəlir gətirməyə başladıqda, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. İkinci tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək. Belə bir layihənin sosial faydasından danışdıqda isə əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar.
- Azərbaycanda səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması üçün hansı metodların tətbiqi tələb olunur?
-Bu məsələdə ilk növbədə həm daxili, həm də xarici özəl investisiyaları cəlb etməyə çalışmaq lazımdır. Dövlət tərəfindən belə addımların atılması zəruridir, çünki bu sahəyə investisiya axınını təmin etmək üçün cəlbedici sərmayə mühiti yaratmağa ehtiyac var. Qeyd etmək istərdim, Azərbaycanda bu sahədə son illər çox mühüm addımlar atılmaqdadır.
İş orasındadır ki, səhiyyə dinamik inkişaf edən bir sahə olduğuna görə, tez-tez yeni avadanlıqlar, dərmanlar, diaqnostika və müalicə texnologiyaları ortaya çıxır. Bu sahədəki hər bir mütəxəssis daim yenilikləri izləməli, özünüinkişaf etdirməlidir. Bu məqsədlə dövlət tərəfindən daima müəyyən təlim və təcrübə proqramlarının keçirilməsi stimullaşdırılır. Bunlarla yanaşı, tibbi texnikadan effektiv istifadənin stimullaşdırılmasının əhəmiyyətini də qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycanda həm dövlət, həm də özəl klinikalar çoxsaylı bahalı və müasir tibbi avadanlıq alıblar. Bu istiqamətdə də dövlət tərəfindən görülmüş tədbirlər diqqətəlayiqdir.
-Məlumdur ki, ölkəmizdə tanınmış təbii müalicəvi bitki və minerallarla zəngin olan məkanlar var. Bu faktdan tibb xidmətləri bazarının təkmilləşdiriməsi üçün necə istifadə etmək olar?
Doğrudan da, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında turizmi prioritet istiqamətlərdən biri kimi seçib. Bu, 2016-cı ildə dövlət başçısı tərəfindən təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapıb. Hazırda ölkəmizdə Naftalan müalicəvi sanatoriyası, Naxçıvanda duz mağarası, Şabranda müalicəvi suyun əsasındakı sanatoriyalar uğurla fəaliyyət göstərir.
Hesab edirəm ki, Strateji Yol Xəritəsindəki müvafiq kursa əsasən, müalicəvi turizmin inkişafı perspektiv istiqamətlərdəndir. Amma bu proseslərdə də ən azından ilkin mərhələdə dövlətin iştirakı mütləqdir. Bunu üçün həm tibb, həm də turizm mütəxəssislərinin, həmçinin icra orqanları və yerli özünüidarə qurumlarının iştirakı ilə hədəf proqramları hazırlanmalıdır. Müalicəvi turizmin inkişafı həm də Azərbaycan hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətin əsas istiqaməti olan regionların inkişafına da ciddi töhfə verə bilər
Yuxarıda qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Azərbaycanda tibbi xidmətlər bazarında dövlət tərəfindən əlverişli biznes mühitinin yaradılır və bu bazarda güclü rəqabət yaradacaq. Bu da adıçəkilən bazar seqmentində biznes strukturlarının effektiv fəaliyyətinə yol açacaq.