“Məzunlarımızın işlədikləri qurumların istəkləri nəzərə alınmalıdır”

Böyük Elmi Şurada Əczaçılıq fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlıq səviyyəsi müzakirə olunub

 

ATU-nun Böyük Elmi Şurasının növbəti ənənəvi iclası noyabrın 30-da keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq, gündəlikdə duran məsələlərin müzakirəsindən öncə sözü Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyniyə verib.

 

Respublikada dövlət qurumları ilə yanaşı, ictimai sektorun da uğurla fəaliyyət göstərdiyini söyləyən Rauf Zeyni şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, qeyri-hökumət təşkilatlarının hesabatlarında bu məsələlərə məsuliyyətlə yanaşan, ölkə başçısının çağırışlarına müsbət reaksiya verən qurumların və şəxslərin adlarının da öz əksini tapdığını və vətəndaş cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini bildirib. Forumun rəhbəri belə şəxslərdən birinin də ATU-nun rektoru, professor Gəray Gəraybəyli olduğunu vurğulayıb və tibbi təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığına görə Milli QHT Forumu adından layiq görüldüyü Fəxri fərmanı rektora təqdim edib.

Professor G.Gəraybəyli fəaliyyətinə verilən bu qiymətə görə təşəkkürünü bildirib.

Bundan sonra rektor elmi şuranın üzvlərinə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) Xarici Ekspert Komissiyasının Azərbaycan Tibb Universitetində təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə keçirdiyi yoxlamalar haqqında məlumat verib. Bildirib ki, universitetin 90 illik tarixində ilk dəfə beynəlxalq akkreditasiya prosesinə qoşulmuşuq və ATU-nun tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib: “Yoxlamanın nəticələri haqqında danışmaq hələ tez olsa da, universitetimizdə müşahidə etdikləri patriotluğun komissiya üzvlərində xoş təəssürat yaratdığını indidən əminliklə deyə bilərəm”.

 

Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə “Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarşısında duran vəzifələr” barədə fakültənin dekanı, dosent Kamandar Yaqubovun hesabat məruzəsi dinlənilib. Fakültənin tarixi inkişaf yolu haqqında qısa məlumat verən dekan 7 kafedranın fəaliyyət göstərdiyi fakültədə hazırda 15-i professor, 46-sı dosent, 28-i baş müəllim, 6-sı müəllim, 19-u assistent olmaqla 114 nəfərdən ibarət professor-müəllim heyətinin çalışdığını diqqətə çatdırıb.

 

K.Yaqubov müəllimlərin elmi-pedaqoji səviyyəsinin yüksəldilməsində elmi-tədqiqat işlərinin vacib rolundan da danışaraq, professor-müəllim heyətinin elmi fəaliyyətinə daim diqqət yetirildiyini vurğulayıb: “Fakültə əməkdaşları respublikamızda və bir sıra xarici ölkələrdə keçirilən elmi konfranslarda, konqres və simpoziumlarda məruzələrlə çıxış etmişlər. 2017-2021-ci illər ərzində fakültənin tabeliyində olan kafedraların əməkdaşları tərəfindən ölkə daxilində 743, xaricdə isə 300 məqalə, tezis və patent çap etdirilmiş, həmçinin 6 dərslik, 25 dərs vəsaiti hazırlanmışdır”.

 

Fakültə əməkdaşlarının müxtəlif universitetlərlə müştərək apardıqları tədqiqatlar, iştirak etdikləri beynəlxalq konfranslar barədə də elmi şura üzvlərini məlumatlandıran dekan cari tədris ilində, eləcə də 2017-2021-ci illərdə fakültədə təhsil alan tələbələrin statistikasını açıqlayıb.

Yüksək ixtisaslı həkim mütəxəssislərin hazırlanması prosesində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasının əhəmiyyətini önə çəkən K.Yaqubov qeyd edib ki, Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi istedadlı və bacarıqlı tələbələri elmi işə yönəltmək, onların elmi və praktiki tədbirlərdə iştirakına şərait yaratmaqdır.

 

Hesabat məruzəsində gənc tədqiqatçıların Rusiyanın Soçi və Yaroslavl şəhərlərində keçirilən “Yaxşıların seçimi. İrəli getmək lazımdır” adlı II Beynəlxalq ali məktəblərarası GxP sammitində qrup halında iştirakından bəhs edən dekan, fakültə Tələbə Elmi Cəmiyyətinin “Zəfər günü”nə həsr olunmuş veb konfransı haqqında da elmi şura üzvlərinə ətraflı məlumat verib. O, konfransa ATU-nun tələbələri və müəllim-professor heyətindən əlavə, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universitetinin tələbələri və müəllim-professor heyətinin, eləcə də universitetimizin təhsillərini Almaniya və Türkiyədə davam etdirən məzunlarının da qatıldığını bildirib.

 

Fakültə dekanı “Mən əczaçıyam” vebinarında başlıca məqsədin əczaçılıq ixtisasının mahiyyəti, elmi və praktiki istiqamətləri haqqında məlumat vermək və əczaçılıq tələbələrini müasir tələblərlə tanış etmək olduğunu deyib.

 

2020-2021-ci tədris ili üzrə imtahan sessiyasının nəticələrini də diqqətə çatdıran fakültə dekanı çıxışının sonunda əczaçılıq ixtisası üzrə məzunların müxtəlif iş istiqamətlərinə aydınlıq gətirib. Xatırladıb ki, fakültənin məzunları apteklərdə​, əcza-depolarda, ​müxtəlif nazirliklərin, mərkəzlərin, agentliklərin, komitələrin və elmi-tədqiqat institutlarının müvafiq bölmələrində və laboratoriyalarında, həmçinin dərman vasitələri, kosmetik və parfümeriya məhsulları istehsal olunan şirkətlərdə (zavodlarda) çalışa bilərlər. Eyni zamanda, onlar dövlət və özəl klinikalarda klinik-əczaçı kimi işləməklə bərabər, ATU-nun əczaçılıq və digər uyğun kafedralarında, Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasında pedaqoji fəaliyyətlə də məşğul olmaq hüququna malikdirlər.

 

Məruzə ətrafında çıxış edən kafedra müdirləri, professorlar Məhbubə Vəliyeva, Musa Qəniyev və Cavanşir İsayev fakültə dekanının hesabatını qənaətbəxş qiymətləndirərək kafedralarda görülən işlərdən söhbət açıblar. Həmçinin əsas diqqəti mövcud problemlərin həlli yollarına yönəldərək təkliflərini irəli sürüblər.

Müzakirələrə yekun vuran rektor hesabatın maraqlı, təqdimat formasının isə müasir tələblərə uyğun olduğunu bildirərək ümumilikdə dekanlığın fəaliyyətindən razı qaldığını dilə gətirib. Universitetdə ötən il yeni ixtisasların açıldığını, hazırda da yeni ixtisasların açılması üçün Səhiyyə Nazirliyi ilə müzakirələr aparıldığını vurğulayan professor G.Gəraybəyli qeyd edib ki, hər bir ixtisasın, o cümlədən əczaçılığın proqram missiyası olmalıdır: “Bu missiyanın həyata keçirilməsində təkcə kafedraların yox, məzunlarımızın çalışdıqları qurumların iştirakı da vacibdir. İndiki beynəlxalq tələblər baxımından proqramların hazırlanmasında, müəyyən dəyişikliklərin edilməsində yalnız elmi şuraların, kafedraların, tələbələrin iştirakı kifayət deyil. İlk növbədə, məzunlarımızın əməyindən istifadə edən qurumlar bizə sifariş verməlidirlər. Onların hansı bilik və vərdişlərə, bacarıqlara malik əczaçı və yaxud həkim, stomatoloq istədiklərini öyrənərək proqramlarımızı optimallaşdırmalıyıq ki, tibb bazarı üçün yetişdirdiyimiz kadrlar həmin istəklərə uyğun olsun”.

 

Əczaçılıq fakültəsinin tarixi ənənələrə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirdiyini söyləyən universitetin rəhbəri hələ inkişaf prosesinin tamamlanmadığını diqqətə çatdırıb. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində də Əczaçılıq fakültəsinin olduğunu xatırladan rektor bildirib ki, onların məzunlarının hüququ ATU məzunlarının hüququ ilə eynidir: “Yəni bizim magistraturaya da sənəd verirlər. Qəbul olunanları da var. Əlbəttə, bu məsələdə qeyri-bərabərlikdən söhbət gedə bilməz. Biz sağlam rəqabətin şərtlərini qəbul edərək öz proqramlarımızı, tələblərimizi elə vəziyyətə gətirməliyik ki, məzunlarımız bilik səviyyəsinə, gələcəkdə işləmə qabiliyyətlərinə görə üstünlüklərini qoruyub saxlasınlar”.

 

Məruzədə və çıxışlarda toxunulan digər məsələlərə də aydınlıq gətirən rektor fakültə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  

 

Bununla da öz işini yekunlaşdıran elmi şura sonda Mirzə Kazımovu Qidalanma və tibbi ekologiya, Arif Əfəndiyevi  Bioloji kimya, Nadir İsmayılovu Psixiatriya, Rafiq Əsgərovu isə İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru vəzifəsinə seçib. Eyni zamanda dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə də razılıq verib, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçilərini, elmi adları təsdiqləyib.