Professor Gəray Gəraybəyli: "ATU-nun formalaşmasında onun əməyi danılmazdır"
Azərbaycan Tibb Universitetində görkəmli alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Aqil Əlirza oğlu Əliyevin 95 illik yubileyinə həsr edilmiş toplantı keçirilib.
Giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əziz xatirəsi ürəklərdə yaşayan böyük alim Aqil Əliyevin keçdiyi şərəfli və nümunəvi həyat yolundan bəhs edib. Görkəmli alimin bu ali təhsil ocağındakı fəaliyyətindən danışan rektor, universitetin formalaşmasında belə alimlərin əməyinin danılmaz olduğunu bildirib: “Elə insanlar var ki, öz həyatını yaşayaraq, başqalarının yaddaşında və tarixdə heç bir iz qoya bilmirlər. Lakin elə insanlar da var ki, onların əməlləri, fərdi xüsusiyyətləri, əvəzsiz xidmətləri həm tarixdə, həm də insanların qəlbində dərin iz qoyur. Belə ziyalılarımızın sırasında Aqil Əlirza oğlu Əliyevin özünəməxsus yeri var”.
Rektor görkəmli alimin bütün həyatını Azərbaycan Tibb Universitetinə bağladığını, ömrünün sonuna qədər burada çalışdığını xatırladıb. Qeyd edib ki, Aqil Əliyevin elmi araşdırmalarının həm sovet, həm də dünya iqtisadiyyatının inkişafına böyük töhfəsi olub. Onun əsərləri ölkəmizdə iqtisadi münasibətlərin formalaşmasına ciddi təsir edib və görkəmli alimin elmi-pedaqoji xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.
Sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev yubilyarın zəngin həyat yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb. 1953-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Həmin ilin may ayından etibarən Azərbaycan Tibb İnstitutunun Siyasi iqtisad kafedrasında işə başlayan A.Əliyev ömrünün sonunadək burada çalışıb. A.Əliyev iqtisad elmləri namizədi, iqtisad elmləri doktoru alimlik dərəcəsinə, dosent və professor elmi adlarına layiq görülüb. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Qeyd olunub ki, professor A.Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi və demoqrafik inkişaf aspektlərinin tədqiqi və s. tutur. Bu problemlər onun 190-a yaxın elmi-tədqiqat əsərində, 13 sanballı monoqrafiya, 6 dərslik və dərs vəsaitində, 3 tədris-metodik göstəricidə öz əksini tapıb. Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə dəyərləndirilib. O, əməkdar elm xadimi fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, eləcə də bir çox medal, fəxri fərman və təltiflərə layiq görülüb.
Tədbirdə professor Aqil Əliyev haqqında xatirələrini bölüşən ATU-nun professorları Vaqif Şadlinski və Surxay Musayev çıxışlarında onun alicənab insan olduğunu, şərəfli bir ömür yolu keçdiyini iştirakçılara çatdırıblar. Qeyd olunub ki, Aqil Əliyev onu tanıyanların yaddaşında sadə, səmimi və xeyirxah bir insan kimi qalıb. Bu böyük alim, gözəl insan, dəyərli ziyalı barəsində söz deməyin nə qədər məsuliyyətli olduğunu söyləyən natiqlər, onunla aralarında olan yaxın dostluq əlaqələrindən, Aqil Əliyevin yüksək insani keyfiyyətlərindən və eləcə də müəllim-tələbə münasibətlərindən ürəkdolusu bəhs ediblər. Onun böyük insan, görkəmli şəxsiyyət olaraq hər birimizin xatirəsində əbədi yaşayacağı vurğulanıb.
Toplantının sonunda ATU-nun rektoru, professor G.Gəraybəyli görkəmli şəxslərin yubileylərinin keçirilməsini ölkə rəhbərinin tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb.