ATU-nun Tədris Cərrahiyyə Klinikasında cərrahiyyə ixtisası üzrə neyrocərrahiyyə, travmatologiya və ortopediya şöbələrinin rezidentləri üçün təlim kursu keçirilib. I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və ATU TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilovun təşkilatçılığı ilə baş tutan təlimi klinikanın direktoru, professor Surxay Hadıyev giriş sözü ilə açıb.
Direktor rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şəraitin olduğunu bildirib, bu cür təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rolu olmasını vurğulayıb. Sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edib. Müasir təhsil sistemini təlimsiz təsəvvür etmədiyini bildirən professor indiyədək dünya ədəbiyyatında əldə olunan nəticələr və protokol qaydaları ilə tələbələrin tanış edildiyini deyib. O hazırda “Mən bunu necə edə bilərəm?” adlı yeni bir istiqamət üzərində işlədiklərini qeyd edib və təlim iştirakçılarına istiqamətin mahiyyəti barədə məlumat verib: “Göstəriciləri yüksək olan tanınmış cərrahları klinikamıza dəvət edəcəyik ki, əməliyyat təcrübələri və nəticələri ilə sizləri tanış etsinlər. Bizim bir neçə beynəlxalq şuralarla əlaqəmiz var. Orada konkret xəstələr müzakirə olunur. Məsələn, bu xəstəyə necə yanaşaq, necə diaqnoz qoyaq, onu necə müalicə edək? Bu kimi məsələlər şurada müzakirə edilir”.
Professor N.Bayramov bu təcrübəni daha da genişləndirmək niyyətləri olduğunu, bunun üçün bir çox cərrahi xəstəliklərin və tanınmış cərrahların siyahısını hazırladıqlarını söyləyib. Onların konkret xəstəliklərlə bağlı təcrübələrini və fikirlərini öyrənəcəklərini, yerli mütəxəssislərin də üzləşdikləri hər hansı xəstə və xəstəliyi müzakirəyə çıxarmaq şansı əldə edəcəyini vurğulayıb.
Sonra assistent Elman Əzimov “Bağırsaq tikişləri” mövzusunda çıxış edib. O, tikişin növləri, cərrahi əməliyyatlar zamanı işlənən saplar, onların xüsusiyyətləri, istifadə olunan iynələr və digər detallarla bağlı geniş məlumat verib. O, fərqli əməliyyatlar zamanı iynə və sapların necə istifadə edilməsi haqda geniş söhbət açıb və bunları monitor vasitəsi ilə nümayiş etdirib.
Təlim işgüzar şəraitdə işini başa çatdırıb.