Əməkdaşımız qida təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

İstənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur. Dünya əhalisinin artım tempini də nəzərə alsaq, ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılmaqla, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə və alət kimi istifadə olunmaqdadır.

 

Bunlar arasında gen mühəndisliyi və genetik cəhətdən modifikasiya olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş yayılıb. Təbii ki, bu vasitələr və elmi-texniki nailiyyətlər istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə edilmədikdə qida sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Eyni zamanda, tələbatın artım tempi istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullarının yer almasına da şərait yaradır.

 

Məhz bu kimi bəşəri problemlərin birgə həlli yollarının təbliği və təşviqi məqsədilə əməkdaşımız, Bioloji kimya kafedrası nəzdində elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hafiz Osmanov Azərbaycanı təmsil edən 8 nəfərdən ibarət heyət ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Elm və Texnologiya komitəsi (COMSTECH), İƏT İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsi (COMCEC – İƏT-i təmsil edən dörd daimi komitədən biridir) və Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Orta Doğu Texniki Universitetinin birgə təşkilatçılığı ilə 30 noyabr-2 dekabr 2021-ci il tarixində “Qida və Qida Təhlükəsizliyi üçün Yeni Yetişdirmə Texnologiyaları” adlı təlim-seminarda iştirak edib. Seminarın gedişatında qida və qida təhlükəsizliyi, sgRNA dizayn və off-hədəflərin aradan qaldırılmas, vektor konstruksiyası, promouterlər – terminatorlar, seçim markerləri, effektiv transformasiya üsulları, effektiv toxuma kulturası üsulları, vektorsuz gen redaktəsi, transgeniklərin seçilməsi, transgensiz gen redaktə edilmiş xəttin inkişafı, əsasnamə və qanunvericilik, kommersiyalaşdırma, sosial-ictimai məsələlər kimi problemlər müzakirə olunub.

 

Buğda, düyü və kartof üçün genom redaktə vektorları və protokolları üzrə təlim ilə başlayan ilk açılış günü pakistanlı prof. dr. Şahid Mansur və Türkiyənin bu sahədə aparıcı mütəxəssislərindən olan ODTU əməkdaşı dr.Emre Aksoy, eləcə də ODTU-nun prorektoru prof. dr. Mehmet Zeyrek qonaqları salamlayaraq təlimi açıq elan edib. Daha sonra Pakistanın Türkiyədəki səfiri Muhammad Syrus Sajjad Qazi, COMSTECH-in baş koordinatoru, prof. dr. Muhammad İgbal Choudhary, İOFS-in Proqramlar və layihələr ofisinin direktoru, prof. dr. İsmail Abdelhamid və COMCEC-in baş direktoru Fatih Ünlü nitq söyləyiblər. Sonrakı gün “Yeni bitki sortlarının kommersiyalaşdırılması və ərzaq bitkiləri üzrə elit genefonda daxil edilməsi üçün yol xəritəsinin hazırlanması”na dair seminar dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərin müzakirəsinə verilib. Sonda məqsəd kənd təsərrüfatında yeni seleksiya texnologiyalarının tətbiqi yolu ilə ərzaq bolluğuna və qida təhlükəsizliyinə nail olmaq üçün İƏT-ə üzv dövlətlərin institusional potensialının və insan resurslarının yaradılması olub. Tədbirdə Azərbaycanı təmsil edən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları - institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov, aparıcı elmi işçi, b.e.d. Şahniyar Bayramov, əməkdaşlar Lalə Aydınlı və Turanə İskəndərova, eləcə də “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanova və həkim Humayat Rüstəmova elmi məruzə ilə çıxış edib, müzakirələrə aktiv qoşulublar.

 

Fasilə zamanı AMEA-nın əməkdaşları genom redaktəsi sahəsində çalışan alimlərlə daha yaxından tanış olmaqla yanaşı, onların fəaliyyət göstərdikləri elmi mərkəzlərlə Azərbaycandakı elmi-tədqiqat institutları arasında əməkdaşlıq, kadr hazırlığı, birgə layihələrin hazırlanması, Avropanın müxtəlif elmi fondlarından qrantların əldə olunması barədə ilkin danışıqlar aparıblar. Eyni zamanda CRİSPR-Cas texnologiyasını daha dərindən öyrənmək üçün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir neçə əməkdaşının COMSTECH-in maliyyə dəstəyi ilə uzunmüddətli təlim kurslarına göndərilməsi barədə də razılıq əldə edilib. Daha sonra qonaqlar Ankara şəhərində yerləşən Biotexnologiyalar Mərkəzi ilə yaxından tanış olublar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.