Ən güclü daxili çirkləndiricilər - polimer tikinti və üzlük bəzək materialları, məişət kimyası preparatlarıdır
Öyrənilib ki, hazırda insanlar yaşayış tərzindən və əmək fəaliyyətinin xüsusiyyətindən asılı olaraq gününün əsas hissəsini (təxminən 52-85%) yaşayış və ictimai binaların otaqlarında keçirirlər. Ona görə də belə qapalı yerlərdə otaqların daxili mühitinin dəyişdirilməsi, xüsusən pisləşməsi insanlar üçün təhlükəsiz ötüşmür. Onların əhvali-ruhiyyəsinə, iş qabiliyyətinə və sağlamlığına bu və ya digər dərəcədə təsir göstərir. Belə yerlərin kimyəvi maddələrlə çirklənməsi hazırda daha mühüm məsələlərdən hesab olunur. Qapalı yerlərin havasını çirkləndirən əsas mənbələrə atmosfer havasına qarışmış zərərli komponentlər, tikinti materialları və otaqların daxili işlənməsində istifadə olunan polimer bəzək materiallarından ayrılan zəhərli maddələr, insan orqanizminin özünün həyat və məişət fəaliyyəti məhsulları aid edilir.
Qapalı yerlərin havası ilə atmosfer havası arasında daim təbii mübadilə prosesi getdiyi üçün xarici mühit havasında olan tozlar və digər zəhərli maddələrə hətta havası kifayət qədər kondensə olunan otaqlarda belə rast gəlinir. Atmosfer havasında və otaqların daxili mühitinin havasındakı kimyəvi maddələrin miqdarının müqayisəsi göstərir ki, kükürd qazı, ozon və qurğuşun buxarlarının miqdarı əsasən xarici mühitdə daha çoxdur. Azot oksidləri, karbon qazı və tozların miqdarı hər iki mühtdə biri-birinə yaxın, amma asetaldehid, aseton, benzol, etil spirti, toluol, etilbenzol, ksilol və digər üzvi birləşmələrin konsentrasiyası isə otaqların havasında atmosferə nisbətən on dəfələrlə çox olur. Görünür, bunun da səbəbi həmin maddələrin mənbəyinin elə otaqların daxilində olması ilə əlaqədardır.
Qapalı yerlərin hava mühitinin ən güclü daxili çirkləndirici mənbəyi polimer tikinti və üzlük bəzək materialları, məişət kimyası preparatları hesab olunur. Hazırda bu qəbildən olan 100-ə qədər müxtəlif materialdan istifadə edilməkdədir. Onlardan dam örtüyü, döşəmə materialı, divarların bəzədilməsi (işlənməsi) və istilik izolyasiyası, hidroizolyasiya işlərində, panellərin hermetizasiyası və üzlənməsi, pəncərə və qapı bloklarının hazırlanmasında geniş istifadə edilir. Polimer materialların tətbiq sahəsinin belə genişlənməsi onların daha yüngül çəkili olması, tikintinin keyfiyyətini daha çox yaxşılaşdırması və ucuz başa gəlməsilə əlaqədardır. Bunlarla yanaşı öyrənilib ki, bütün polimer materiallar özündən insan orqanizmi üçün zərərli olan müxtəlif kimyəvi maddələr ayırır ki, bunlar da qapalı yerlərin havasının fiziki parametrlərinin (yüksək temperatur və rütubət, dəyişilmiş radiasiya fonu, elektromaqnit sahəsi və s.) dəyişilmələrilə birlikdə orqanizmə daha intensiv təsir göstərərək etiologiyası çətin müəyyənləşdirilən xəstəliklərin yaranmasına səbəb olur. Geniş tətbiq olunan polivinilxlorid materiallardan hava mühitinə benzol, toluol, etilbenzol, sikloheksan, ksilol, butil spirti, ağac yonqarından hazırlanmış plitələrdən (rusca ДСП) fenolformal -
dehid əsaslı fenol, formaldehid, ammonyak, şüşə plastikatlardan aseton, metakril turşusu, toluol, butanol, formaldehid, fenol, stirol, lak-boya örtükləri və tərkibində yapışqan olan materiallardan toluol, butilmetakrilat, butil asetat, ksilol, stirol, aseton, butanol, etilenqlikol, kimyəvi liflərdən ibarət xalça məmulatlarından stirol, izofenol, sulfid anhidridi kimi maddələr ayrılır. Bu maddələrin havaya qarışan miqdarı polimer materialların istismar şəraitindən asılı olaraq dəyişir. Sübut olunub ki, həmin kimyəvi maddələrin az konsentrasiyası belə orqanizmin sensibilizasiyasına səbəb olur. Otaqlara çoxlu miqdarda polimer materialların doldurulması insanlarda allergik, soyuqdəymə xəstəlikləri, hipertoniya, nevrasteniya, vegetativ damar distoniyası ilə yanaşı bədxassəli yenitörəmələrin də yaranmasına səbəb olur. Əlbəttə, bu maddələr risk qrupunda olan şəxslər üçün (xüsusən, uşaqlar və qocalar) daha təhlükəlidir. Ona görə də yeni istehsal edilmiş polimer tikinti-bəzək materialları gigiyena mütəxəssisləri tərəfindən müsbət rəy verildikdən sonra tətbiq olunmalı, eyni zamanda, müalicə həkimləri də diaqnostika və müalicə işlərində xəstənin yaşayış mühitini diqqətlə öyrənməlidirlər.
Şahalı Səmədov,
ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının dosenti