Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Revmatoid artritdə metotreksat müalicəsi” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın Revmatologiya şöbəsinin həkim-rezidenti Elvin Ağayev revmatoid artrit xəstəliyi və onun müasir müalicə metodları barədə ətraflı məlumat verib.
Həkim bildirib ki, revmatoid artrit etiologiyası məlum olmayan, oynaqlarda sinovial hüceyrə proliferasiyası və oynaqların zədələnməsi ilə xarakterizə olunan xroniki, autoimmun, sistemik bir xəstəlikdir.
Onun sözlərinə görə, proqressiv gedişi ilə bağlı olaraq müalicəsində erkən dövrdən etibarən, anti-iltihabi təsirə malik xəstəliyi modifiyə edən anti-revmatik dərmanlar yer alır: "Ən çox istifadə edilən metotreksatdır. Metotreksat müalicəsinin effektivliyi və təhlükəsizliyində fol və folin turşusu əlavəsinin önəmli rolu var. Metotreksat aşırı dozası pansitopeniya, mukozit, böyrək çatışmazlığı, mədə-bağırsaq sistemi zəhərlənməsi, alopesiya, baş ağrısı və qızdırma kimi hallarla müşayiət olunur".
E.Ağayev qeyd edib ki, metotreksat verilən revmatoid artrit xəstələrində müntəzəm olaraq ümumi qan analizi, qaraciyər transaminazaları və serum kreatinini yoxlanmalıdır.
Sonda klinikanın professorları və həkim-rezidentlərilə birgə mövu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.