Rezidentlərin növbəti ənənəvi seminarı keçirilib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında II Mamalıq və ginekologiya kafedrasının rezidentləri üçün növbəti ənənəvi seminar keçirilib. Klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov adıçəkilən kafedrada indiyədək 100-ə yaxın rezidentin öncədən planlaşdırılmış mövzular üzrə məruzələr hazırladığını deyib.

Ənənəvi seminarların əhəmiyyətindən danışan kafedranın müdiri, professor Hicran Bağırova qeyd edib ki, hər həftə stasionarda yatan xəstələrin klinik təhlili aparılır. Eyni zamanda rezidentlər ginekologiyanın aktual problemlərininə dair maraqlı məruzələrlə çıxış edirlər. Kafedra müdiri bildirib ki, impakt faktorlu jurnallarda dərc edilən məqalələrin də müzakirə olunduğu bu cür seminarlar təkcə tələbələrin, rezidentlərin deyil, həkimlərin də qarşılıqlı fikir mübadiləsi aparmasında böyük rol oynayır. O, davamlı olaraq aparılan seminarların gələcəkdə daha da təkmilləşdiriləcəyini vurğulayıb.

Bundan sonra kafedranın rezidenti Vüsalə Tağıyeva Mama-ginekologiya şöbəsində müxtəlif diaqnozlarla yatan xəstələrin klinik təhlilini apararaq onların əməliyyat öncəsi, əməliyyat zamanı və əməliyyatdan sonrakı durumu haqqında məlumat verib. Aşkarlanan patologiyaların aradan qaldırılması üçün görülən tibbi tədbirləri, aparılan müayinələrin histoloji nəticələrini diqqətə çatdırıb.

Həmçinin rezidentlərdən Məryəm Qardaşovanın “Prenatal anomaliyaların diaqnostikası və genetik interpretasiyası”, Lamiyə Əliyevanın “Betamazon ilə RDS profilaktikasının doğuş sonrası nəticələri” (SCİ jurnalından 2021 çıxışlı məqalənin müzakirəsi) və Arzu Fərhadovanın “Erkən doğuşun müalicəsində Nifedipin və Atosibanın təsirləri” mövzusunda (SCİ jurnalından 2021 çıxışlı məqalənin müzakirəsi) məruzələri dinlənilib.

Müzakirələrdə professor-müəllim heyəti də iştirak edib. Kafedranın dosentləri Səfa Bağırova, İradə Tağıyeva və Mama-ginekologiya şöbəsinin müdiri, uzman həkim Turab Canbaxışov rezidentlərə öz tövsiyələrini veriblər.

Məruzəçilər sonda seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıblar.