Elçin Abdinov: Bu xəstəlik təkcə tibbi deyil, həm də çox böyük iqtisadi, sosial və psixoloji bir problemdir
Piylənmə bu gün əsrimizin bəlası kimi bütün dünyanı narahat edən, həyat keyfiyyətini aşağı salan, ömrün 12-14 il qısalmasına səbəb olan bir xəstəlikdir. Dünyada və ölkəmizdə piylənmənin vəziyyəti ilə bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi-bariatrik cərrahı, II Cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Elçin Abdinov bəzi məqamlara aydınlıq gətirib.
Məlumat üçün bildirək ki, E.Abdinov ölkəmizdə ilk bariatrik cərrahi əməliyyatların icrasını həyata keçirən və piylənmənin kompleks müalicəsini aparan mütəxəssislərdəndir: “Günümüzdə piylənmə müalicə oluna bilən bir xəstəlikdir. Bu xəstəlik təkcə tibbi deyil, həm də çox böyük iqtisadi, sosial və psixoloji bir problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi statistik məlumata görə, piylənmənin ən çox yayıldığı ölkələrin başında 38,2%-lə ABŞ durur. Sonra Meksika 32,4% ,Yeni Zellandiya 30,7%, Bolqarıstan 30%, Avstraliya 27,9% gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da piylənmə ilə bağlı vəziyyət ürəkaçan deyil. Əhali arasında piylənmə çox sürətlə artmaqdadır. ÜST həyəcan təbili çalaraq bildirir ki, əgər bu templə davam edərsə, yaxın onillikdə dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək.
Bu xəstəliyin müalicəsində hazırda tibbə məlum olan bütün konservativ müalicə üsullarının effektivliyi 97-98% hallarda uğursuz olur. 2-3% halda əldə olunan nəticələr isə çox qısamüddətlidir. Bu baxımdan da belə tip insanları yorucu və üzücü konservatıv müalicə üsullarına yönəltmək yanlşdir və sağlamlıq, vaxt, maliyyə itkisindən başqa bir şey deyil. Hal-hazırda bütün dünya piylənmənin qənaətbəxş, üzünmüddətli effektiv müalicə üsulu kimi bariatrik cərrahi əməliyyatları qəbul edir. Bu gün fəxrlə deyə bilərəm ki, ölkəmizdə də bariatrik cərrahiyyə tibbin yeni istiqaməti olmasına baxmayaraq, sürətlə inkişaf etməkdədir. 10 ilə yaxın bir müddətdə qazandığımız nailiyyətlər qabaqcıl ölkələrin 25-30 ilə əldə etdiyi nəticələrə bərabər tutula bilər”.
E.Abdinov əməliyyat üçün xəstəxana və həkim seçiminin necə olması, eləcə də bu bəladan əziyyət çəkənlərin sadəcə bir əməliyyatla qurtularaq daha keyfiyyətli bir həyat qazanmaq şansından da danışıb: “Bu gün insanlar əməliyyat üçün xəstəxana axtaranda hotelçilik xidməti olanlara üstünlük verirlər. Əlbəttə, bu önəmli bir amildir. Lakin sağlamlıq mövzusunun hotelçilik xidmətlərindən də vacib olan şərtləri var. Xəstəxananın imkanları, peşəkar həkim və klinik şəraiti, texniki və elmi səviyyənin yüksək olması, xəstəxananın problemi aradan qaldıra bilmək imkanı, xidmət və qulluğun vəziyyəti - bütün bunlar bizim klinikamızda ən müasir formada, dünya standartlarına uyğun təşkil olunub".
Bu problemdən əziyyət çəkən həmkar əməkdaşlara da tibbi yardım etdiklərini söyləyən həkim deyir ki, klinikamızda tibb bacısı işləyən 39 yaşlı bir pasiyentimiz artıq çəki səbəbindən çətin günlər yaşayırdı: “O, xanım bizə güvəndi və “mədəkiçiltmə” əməliyyatı ilə 120 kilodan 72 kiloya düşdü. Bu günlərdə tərəfimizdən əməliyyat olunan klinikamızın tibb bacısı indi sağlamlığına qovuşmağın sevincini yaşayır. İki övlad anası olan həmin pasiyentimiz bir il əvvəl artıq çəki üzündən həm psixoloji, həm də orqanizmin metabolizmi baxımından olduqca sıxıntılı bir vəziyyətdə idi. Əvvəllər endokrinoloqan müalicə alan bu xəstədə son dövrlər həm də II tip şəkərli diabet xəstəliyi də ağırlaşmışdı. Konservativ üsullardan istifadə edərək göstərdiyi bütün mübarizələrə baxmayaraq arıqlamağı bacara bilməyəyən həmin tibb bacısı ən sonda çarəni bu üsulda tapdı”.
E.Abdinov əlavə edib ki, “mədəkiçiltmə” əməliyyatı ilə bağlı onlara müraciət edənlər çoxdur və bariatrik əməliyyat olunan minlərlə xəstədə müsbət nəticələr var. Müraciət edənlərin “mədəkiçiltmə” əməliyyatına uyğun gəlib-gəlməməsi haqda sualımıza cavab olaraq, cərrah bildirib ki, əgər pasiyentin göstəriciləri uyğundursa, başqa problem yoxdur.