ATU-nun Onkoloji Klinikasında müayinə və müalicə üçün hər cür şərait var

Nigar Mehdiyeva: Bədxassəli şişlərin erkən mərhələdə aşkar edilməsi müalicənin effektini artırır


Müsahibimiz ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, Süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, dosent Nigar Mehdiyevadır.
 

- Nigar xanım, ilk olaraq klinikanın maddi-texniki bazası, həkim personalı və xəstələrə göstərilən tibbi xidmətlər haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
 

- Bildiyiniz kimi, klinikamız 2007-ci ildə fəaliyyətə başlayıb. ATU-nun Onkologiya kafedrasının klinik bazasıdır. Gələcəyin onkoloqlarını yetişdirən klinikada bütün sahələr üzrə mütəxəssislər çalışır. Burada həm kafedra işçiləri, həm də 160-a yaxın sırf klinika personalı xəstələrə tibbi xidmət göstərir. Bu xidmət sahələrinə stasionar şöbələr, poliklinika-diaqnostika şöbəsi, laboratoriyalar daxildir. Klinikamızda onkoloji xəstələrin müayinəsi və müalicəsi üçün əlverişli şərait mövcuddur. Rentgenoloji, kompüter tomoqrafiyası, mammoqrafiya, endoskopiya, kardioqrafiya, ultrasəs müayinələri ilə yanaşı, patomorfoloji laboratoriyada ən müasir aparatların köməyi ilə sitoloji, histoloji və immunohistokimyəvi müayinələr də yüksək səviyyədə aparılır.
 

- Klinikanın şöbələr üzrə işi necə tənzimlənir və hansı şöbəyə müraciətlər daha çoxdur? Cərrahi əməliyyatların gedişi barədə nə deyərdiniz?
 

- Klinikamızda demək olar ki, bütün sahələr üzrə xəstələrin stasionar, ambulator müalicə və müşahidəsi aparılır. Müasir avadanlıqlarla təchiz edilmiş 4 əməliyyat otağımızda hər sahəyə uyğun əməliyyatlar icra olunur. Torako-abdominal şöbədə ağciyər, qida borusu, mədə, yoğun bağırsaq, qaraciyər və mədəaltı vəzində müxtəlif həcmli mürəkkəb cərrahi əməliyyatlar aparılır. Şöbənin əməkdaşları professor Ramiz Bayramovun rəhbərliyi altında daim öz üzərində işləyir, ən müasir standartlara uyğun diaqnostika və müalicə metodlarına yiyələnirlər.
Ginekoloji şöbədə doktor Lalə Məmmədovanın nəzarəti ilə kiçik çanaq boşluğu orqanlarının bəd və xoşxassəli şişlərinə görə laparotomik və laparoskopik üsulla cərrahi müdaxilələr həyata keçirilir.
Süd vəzi onkologiyası şöbəsində süd vəzi xərçənginin cərrahi müalicəsi, o cümlədən geniş spektrdə orqansaxlayıcı və rekonstruktiv əməliyyatları icra edilir.  Süd vəzi xərçənginin ildən-ilə artmağına baxmayaraq, onun müalicəsində çox böyük nailiyyətlər əldə olunub. Əvvəllər standart sayılan radikal mastektomiya əməliyyatı son dövrlərdə kiçik həcmli əməliyyatlarla əvəz edilir.
Baş-boyun şöbəsində professor Namiq Əmirəliyev və başqaları tərəfindən qırtlaq və qalxanvarı vəzin xərçənginə görə əməliyyatlar və protezləşdirmə uğurla aparılır. Mütəxəssislərimiz respublikamızda bu əməliyyatları ilk aparanlardandır. Qırtlaq xərçəngi əməliyyatlarından sonra səs protezlərinin qoyulması da icra edilir.
Klinikamızın direktoru, akademik Əhliman Əmiraslanov ölkəmizdə dayaq-hərəkət sistemi şişlərinin müalicəsinin banilərindən biridir. Onun tələbələrindən olan dosent Elnur İbrahimov Dayaq-hərəkət sistemi cərrahiyyəsi şöbəsinə rəhbərlik edir. Hal-hazırda klinikamızda sümük şişlərinə görə müxtəlif həcmli rezeksiya və endoprotezləşdirmə, ətrafların amputasiya və ekzartikulasiyaları, çanaq sümüklərinin rezeksiyaları uğurla həyata keçirilir.
Ambulator-diaqnostika şöbəsinin işinə dosent Tamara Quliyeva nəzarət edir. Cərrahi və konservativ müalicənin düzgün təyin edilməsi üçün bir neçə USM, mammoqrafiya, kompyuter tomoqrafiyası, rentgenoloji kabinetlər, klinik və biokimyəvi laboratoriya mövcuddur.
Dosent Elçin Hüseynovun rəhbərlik etdiyi Kimyəvi dərman terapiyası şöbəsində bədxassəli şişlərin ən müasir beynəlxalq protokollara uyğun kimyəvi dərman müalicəsi aparılır. Bunun üçün tələb olunan preparatların böyük qismi dövlətimiz tərəfindən verilir.

 

- Dəqiq diaqnozun qoyulması üçün klinikanın nəzdində fəaliyyət göstərən laboratoriyaların rolunu necə qiymətləndirmək olar?
 

- Erkən və adekvat diaqnostika istənilən xəstəlikdə, xüsusən də onkoloji xəstəlik zamanı çox mühüm rol oynayır. Xəstəlik nə qədər erkən müəyyən edilərsə, onun müalicəsi də bir o qədər uğurlu olar. Yuxarıda da qeyd etdiyim kimi, mövcud diaqnostik vasitələrimiz apardığımız müalicəyə uyğundur. Ən son nəsil aparatlarla təchiz edilmiş laboratoriyalarımız üçün daim yeni reaktivlər alınır. Morfoloji müayinələrdə reaktivlərin ən müasir növləri də əlçatandır. Süd vəzi xərçənginin erkən diaqnostikasında ilk, mühüm rol oynayan skrininq metodu asan, rahat, az vaxt aparan, amma maksimal informasiya verən mammoqrafiya metodudur.
Ümumdünya statistikasına görə, son illərdə bədxassəli şişlərlə xəstələnmə və ölüm göstəriciləri sürətlə artır. Nəzərə çarpan artım süd vəzi, ağciyər, kardioezofageal və yoğun bağırsaq, ginekoloji orqanların xərçəngi göstəricilərində müşahidə edilir. Qadınlar arasında ən geniş yayılan xəstəlik süd vəzi xərçəngidir. Bədxassəli şişlərlə xəstələnmə kontingentində, təəssüf ki, cavanlaşma gedir. İş təcrübəsində bu xəstəliklərə 20-25 yaşlarında, hətta nadir hallarda olsa da, 18 yaşında da rast gəlirik. Bu fakt da onkoloji xəstələrin müalicəsində yeni yolların tədqiqini tələb edir.

 

- Yuxarı kurs tələbələri ilə praktiki dərslərin və rezidentlərlə işin səviyyəsi necədir?
 

- Bizim kafedrada müalicə-profilaktika fakültəsinin V-VI, stomatologiya və hərbi tibb fakültələrinin V kurs tələbələri tədris alır. Mövcud şəraitə görə, bir il ərzində onlara onlayn dərslər keçdik, mühazirələr oxuduq. İndi isə ənənəvi əyani tədris bərpa olunub. Tələbələrimiz aktiv olaraq Tələbə Elmi Cəmiyyətinin işində iştirak edir, məruzələrlə çıxış edir, məqalələr yazırlar. Eyni zamanda hər il kafedramıza rezidentlər gələrək ayrı-ayrı şöbələrdə rotasiya keçir, seçdikləri ixtisas üzrə klinik bacarıqlarını yüksəldirlər. Bütün gənc mütəxəssislərimiz seçdiyi müəyyən bir istiqamət üzrə elmi tədqiqat işi aparıb uğurla müdafiə edirlər.
 

- Pandemiyanın klinikanın fəaliyyətinə mənfi təsiri varmı? Onkoloji xəstələr koronavirusa yoluxmaq baxımından risk qrupuna daxildirmi və hansı qoruyucu tədbirlər görülür?


- Təbii ki, onkoloji xəstələr immuniteti zəif olan xəstələrdir. Onların müxtəlif infeksiyalara, o cümlədən COVID-19-a yoluxma ehtimalı yüksəkdir və əksər hallarda sağlam insanlara nisbətən bu infeksiyanı daha ağır keçirirlər. Bununla belə, klinikamız pandemiya dövründə bağlanmadı. Kimyəvi dərman terapiyası, planlı cərrahi müdaxilələr protokollar üzrə aparılırdı.
Amma yoluxmanın qarşısını almaq üçün bütün tədbirlər görülmüşdü. Bu müddətdə sosial məsafənin gözlənilməsinə, qoruyucu vasitələrdən istifadəyə və klinikaya xəstə axınının tənzimlənməsinə xüsusi fikir verdik. Elə indi də xəstələr arasında hər hansı şübhəli simptomlar müşahidə edilərsə, dərhal yoxlanılır. İnfeksiyaya yoluxan şəxs təcili evə buraxılır, onunla təmasda olanları karantinə götürmək üçün müvafiq qurumlara müraciət olunur.

 

- Bədxassəli şiş xofunu yaşayan insanlara nə tövsiyə edərdiniz?
 

- Bir onkoloq kimi insanlarımızı bəzi patologiyalara qarşı ayıq-sayıq olmağa çağırıram. Üzümü gənc həkimlərə tutub deyirəm ki, insanların həyatı çox vaxt sizin ilk istiqamətləndirmənizdən, düzgün şübhələrinizdən asılıdır. Ona görə də mütəxəssislər öz üzərilərində işləməlidir. Belə insanlara tövsiyəm isə odur ki, bədxassəli şiş diaqnozundan qorxmasınlar. Əksinə, qorxu hissinə qalib gəlmək, sadə müayinə vasitələrindən vaxtında istifadə etmək lazımdır. Televiziyada, eləcə də digər kütləvi informasiya vasitələrində geniş surətdə maarifləndirmə işinin aparılması da çox vacibdir. Hər kəsin xalq arasında geniş yayılmış onkoloji xəstəliklər haqqında ümumi bir təsəvvürü olmalıdır. Bir daha təkrar edirəm ki, vaxtında həkim müayinəsindən keçmək sağalmanın əsas şərtlərindəndir. Erkən mərhələdə bədxassəli şişlərin aşkar edilməsi müalicənin effektini artırır. Eyni zamanda aparılan əməliyyatlar da uğurla nəticələnir. 15-20 il bundan əvvəl əməliyyat olunmuş xəstələr var ki, indi də yaşayırlar.
 

Onu da deyim ki, klinikamızda vaxtaşırı xeyriyyə tədbirləri keçirilir. Məlumdur ki, süd vəzi götürülmüş qadınlar psixoloji cəhətdən həssas kontingentdir. Onların ən azı zahiri görünüşlərinin standart olması gündəlik həyatları üçün çox önəmlidir. Bəzi hallarda protezlər əldə etməyə imkan olmur və ya uyğun olan süd vəzi protezləri tapılmır. Bu problemin həllində xoşməramlı iş adamları köməyimizə çatır, xəstələrə tam ölçülmüş yüksək keyfiyyətli protezlər paylayırlar. Özü də bu cür xeyriyyə tədbirləri tamamilə anonimdir. Yəni həmin xeyriyyəçilər adlarının çəkilməsini istəmirlər. Protezlərin qoyulmasında birbaşa iştirak edən 1-2 həkimdən başqa onları heç kim tanımır. O insanların kimliyini biz də bilmirik. Əsas odur ki, bu xeyriyyəçilikdən xəstələrimiz yararlanırlar.
Eləcə də klinikamızın həkimləri vaxtaşırı rayonlara, kəndlərə işgüzar səfərlər edir, ən geniş yayılmış patologiyalar üzrə təmənnasız olaraq xəstələrin skrininqini aparırlar.


- Nigar xanım, Onkoloji Klinikanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı fəaliyyəti haqda nə deyə bilərsiniz?

 

- Bu istiqamətdə mütəmadi tədbirlərimiz olur. Noyabrın 5-də klinikamız Salyan rayon Mərkəzi Xəstəxanası ilə birgə 8 Noyabr Zəfər Gününə həsr edilmiş böyük xeyriyyə tədbiri keçirdi. Şəhid və qazi ailələrinin müayinəsi aksiyasında Onkoloji Klinikada və Bakı şəhərinin digər xəstəxanalarında çalışan 18 ixtisas üzrə 25 həkim iştirak etdi və 149 nəfərin müayinəsi aparıldı. Aksiyada Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Milli Məclisin deputatı Jalə Əhmədova da iştirak edirdilər. Bakı şəhərindən gedən həkim briqadası müxtəlif tərkibli 38 növ olmaqla 150 xəstəni təmin edəcək dərman preparatları, portativ EXO, USM cihazları, spirometriya və referaktometriya avadanlıqları ilə şəhid və qazi ailələrinin müayinə və müalicəsini təmin etdi. Həmçinin əməliyyata ehtiyacı olan xəstələrin ATU-nun Onkoloji Klinikasında əməliyyat olunmaları ilə bağlı tədbirlər gördülər.
Noyabrın 28-də isə yenə bizim klinikanın və Qusar rayon Oki klinikasının birgə təşəbbüsü ilə daha bir aksiya baş tutdu. Bakı şəhərinin müxtəlif klinikalarında çalışan 18 ixtisas üzərə 32 könüllü həkimin iştirakı ilə 200-dən artıq şəhid və qazi ailələrinin müayinəsi həyata keçirildi. Aksiya zamanı Oki klinikasında KT, MRT, USM müayinələri, laborator müayinələr olunmaqla yanaşı, müalicəyə ehtiyacı olan xəstələr həkimlər tərəfindən 65 adda müxtəlif qrupda dərman preparatları ilə təmin edildilər. Həmçinin müxtəlif sahələr üzərə cərrahi əməliyyata ehtiyacı olan xəstələrin tam ödənişsiz əməliyyat olunması üçün qeydiyyatları aparıldı.
Bu cür aksiyaların davamlı olmasını nəzərdə tutmuşuq və növbəti xeyriyyə aksiyasını Beyləqan şəhərində keçirməyi planlaşdırırıq.
Vətənə canını fəda edən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlıqlarını qurban verən qazilərimizə, müharibənin dəhşətlərini görən müharibə iştirakçılarına bacardığımız qədər dəstək ola bilmək bizim üçün böyük şərəfdir.