Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov: “Universitetimiz 2021-ci ildə bir çox nailiyyətlər əldə edib”

“Universitetimiz 2021-ci ildə bir çox nailiyyətlər əldə edib. Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibəti ilə ölkəmizdə tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşına fəxri adların verilməsi barədə sərəncam imzalayıb. ATU-nun 3 əməkdaşına “Əməkdar elm xadimi”, 4 əməkdaşına “Əməkdar müəllim”, 4 əməkdaşına isə “Əməkdar həkim” fəxri adları verilib.

 

Ölkə başçısının digər sərəncamı ilə universitetin 10 əməkdaşı “Tərəqqi” medalına layiq görülüb.

Həmçinin 90 illik yubileylə əlaqədar ATU-nun fərqlənən əməkdaşları Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və “Fəxri fərmanı” ilə təltif ediliblər.

Vətən müharibəsi zamanı universitetimizin əməkdaşları, o cümlədən Hərbi tibb fakültəsinin şəxsi heyəti, müəllimləri, rezidentləri, kursant və feldşerləri qələbənin qazanılması üçün ön və arxa cəbhədə var gücləri ilə çalışıblar.  Prezident İlham Əliyevin sərəncamına əsasən, Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində “Vətən uğrunda” medalı ilə təltif edilib. ATU-nun 30 nəfər tələbəsi Vətən müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə fəal iştiraklarına və ümumi fəaliyyətlərinə görə mükafatlandırılıblar”.

Bu fikirləri ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov yola salmaqda olduğumuz 2021-ci ilin yekunları haqda danışarkən deyib. O, Azərbaycan Tibb Universitetinin fəaliyyətinin təkcə fərdi nailiyyətlərlə məhdudlaşmadığını da bildirib:

 

- İlk dəfə olaraq SCİmago beynəlxalq reytinq qrupuna daxil edilən universitetimiz 2021-ci ildə ümumi göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yeri tutub. Tədqiqat göstəricilərinə görə, ATU-nun reytinqi 529-cu yerdən 517-ci yerə yüksəlib ki, bu da universitetimizin əməkdaşları tərəfindən Web of Science, Scopus və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır.

Dünya tibb müəssisələri arasında Azərbaycan Tibb Universiteti 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur.

Universitetimizin ən mühüm uğurlarından biri də tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi məqsədi ilə Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (İndependent Agency For Accreditation and Rating - IAAR) ilə müqavilə imzalamasıdır. Müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur. Bu isə diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir. Hesabat ilində ilk dəfə olaraq ATU-nun adı mərkəzi İngiltərədə yerləşən Qlobal Xəstəliklər Reyesterinə daxil edilib. Bu reyesterdə 50 inkişaf etmiş dövlətdə bariatrik cərrahiyyə sahəsində aparılan əməliyyatların, qeydə alınan və müalicə edilən xəstəliklərin dəqiq sayı və dürüstlük əmsalı əks olunur.

Universitetimizin tələbələri arasında gənc tədqiqatçılar da çoxdur. Onlar dünyada baş verən yenilikləri maraqla izləyir, Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerli və beynəlxalq konfranslarda mütəmadi olaraq çıxış edirlər.

 

- Səhiyyə sisteminin əsas funksiyası əhalinin bütün kateqoriyalarına keyfiyyətli tibb yardım göstərməkdir. Bu baxımdan, böyük elmi potensialı olan Tibb Universitetinin əməkdaşlarının fəaliyyətini necə qiymətləndirmək olar?

- Əminliklə deyə bilərəm ki, əməkdaşlarımızın fəaliyyəti çoxsahəli və uğurludur. Əsas diqqət ilk növbədə səhiyyənin aktual problemlərinə yönəldilib. Belə ki, ATU-nun klinikaları pandemiya müddətində koronaviruslu xəstələri qəbul edib, 44 günlük Vətən müharibəsi dövründə isə ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimizin müalicə və reabilitasiyası ilə məşğul olublar. Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin həkimləri Vətən müharibəsinin ilk günündən səfərbər olunub, 118 yaralının gözündə cərrahiyyə əməliyyatı aparıblar. Qulaq, burun və boğaz kafedrasının əməkdaşları 100-ə qədər xəstəyə qulağın akustik və barotravması ilə bağlı yardım göstəriblər. Ümumiyyətlə, Qulaq-burun-boğaz üzvlərinin yaralanmasına görə xəstələr üzərində 20 rekonstruktiv əməliyyat, audioloji diaqnostika və müalicə tədbirləri aparılıb. Uşaq cərrahlığı kafedrasının əməkdaşları  Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi tərəfindən göndərilən müxtəlif cərrahi xəstəlikləri olan çoxsaylı xəstələrə cərrahi müdaxilə ediblər.

Bundan əlavə, ayrı-ayrı kafedraların əməkdaşları yerli və beynəlxalq əhəmiyyətli layihələrdə müxtəlif mövzular üzrə təqdimat, tələbələrin və rezidentlərin elmi-tədqiqat işlərinə cəlb edilməsi istiqamətində xüsusi fəallıq göstəriblər. 2021-ci ildə elmi-tədqiqat işlərinin nəticələri 18 metodik ədəbiyyatda, 4 Azərbaycan və 4 Avrasiya patentində öz əksini tapıb.

 

- ATU-nun beynəlxalq elmi əlaqələri hansı səviyyədədir? Nəticələr sizi qane edirmi?

- ATU-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də beynəlxalq əlaqələrin genişləndirilməsidir. Hazırda dünyanın 90-a yaxın elm və təhsil qurumları ilə müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmaları əhatə edən əməkdaşlıq əlaqələrimiz var.

Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimi, t.ü.f.d. Günel Əyyubova ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun əməkdaşlığı ilə həyata keçirilən Fulbright qrantının Azərbaycan üzrə qalibi olub.

Türkdilli ölkələri əhatə edən Mövlana mübadilə proqramı üzrə Türkiyənin beş universiteti ilə müqavilə imzalanıb. Məqsəd Türkiyə və digər xarici ölkələrin qabaqcıl universitetləri ilə əməkdaşlığı dərinləşdirmək, magistr və rezidentlər arasında qarşılıqlı mübadilə aparmaq, təhsil proqramlarını bir-birinə uyğunlaşdırmaqdır.

Son illər ərzində ATU-nun beynəlxalq əlaqələri daha da genişlənib, qardaş Türkiyənin onlarla universiteti ilə ikitərəfli memorandumlar imzalanıb. Sənədlərdə qarşılıqlı layihələr, tələbə mübadilə proqramında iştirak, beynəlxalq standartlara uyğun tədrisin təmin olunması üçün müştərək təlimlərin təşkili və digər məsələlərlə bağlı fəaliyyətlər nəzərdə tutulub.

İran, Pakistan, Almaniya, Polşa, Çex və Böyük Britaniyadan gələn nümayəndə heyətləri ilə görüşlərdə də tibb təhsili sahəsində tətbiq olunan yeniliklər, rezidentlər üçün nəzərdə tutulmuş ikiillik proqram müzakirə olunub.

Azərbaycana birgə yardım təşkilatının (UAFA) ölkəmizdəki direktoru Qven Börçelin başçılıq etdiyi nümayəndə heyəti də ATU-da olub. Xatırladaq ki, UAFA 23 il ərzində həm Azərbaycanın daxilində, həm də beynəlxalq sosial siyasətdə uşaqların, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə diqqət yetirən qurum kimi formalaşıb.

Bütün bunları nəzərə alaraq, nəticələri qaneedici saya bilərik. Amma bu istiqamətdə qarşıdakı illərdə görəcəyimiz işlər də az deyil.