Tibbi Mikrobiologiya və immunologiya üzrə yeni dərslik çap edilib

 

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi Mikrobiologiya və immunologiya kafedrasının professorları Emma Ağayeva, Akif Qurbanov və dosent Vidadi Nərimanovun müəllifliyi ilə yeni dərslik çapdan çıxıb.

 

Tibbi mikrobiologiya və immunologiya üzrə praktik məşğələləri təqdim edən bu dərslik üç fəsildən ibarətdir. I fəsildə mikroorqanizmlərin morfologiyası, ultrastrukturu və onların morfologiyasının öyrənilmə üsullarına həsr edilib. Burada mikrobioloji müayinənin ilk üsulu olan mikroskopik üsul, müxtəlif mikroorqanizm qruplarının tanınmasında onun tətbiqi və s. bu kimi digər məsələlər işıqlandırılıb.

 

II fəsil mikroorqanizmlərin qidalanması, tənəffüsü və çoxalması, kultivasiya prinsipləri, xarici mühit amillərinin, o cümlədən fiziki, kimyəvi və bioloji amillərin mikroorqanizmlərə təsirinin öyrənilməsi üsullarına həsr olunub. Burada mikroorqanizmlərin kultivasiya və identifikasiya üsulları və vasitələri təsvir edilib, kultural (bakterioloji və virusoloji) müayinə üsulunun prinsipləri şərh olunub.

 

III fəsil mikroorqanizmlərin patogenlik amilləri, onların təyin edilmə üsulları, orqanizmin spesifik və qeyri-spesifik müdafiə amilləri, antigenlər və anticisimlər, seroloji reaksiyalar, onların prinsipi, texnikası, qiymətləndirilməsi və diaqnostikada tətbiq imkanlarına həsr olunub. Bunlarla yanaşı, bu fəsildə bioloji müayinə üsullarının da prinsipləri şərh edilib.

 

Hər bir fəslə mövzuya uyğun məşğələlər əlavə edilib. Burada qısa nəzəri məlumatlar, metodik tövsiyələr (praktik işlərin yerinə yetirilməsi ardıcıllığını və qaydaları), mövzuya aid terminlər və onların qısa şərhi verilib. Bundan əlavə, tələbələrin sərbəst işi - nəzəri və praktik materialların mənimsənilməsindən sonra müəllimin nəzarəti altında tələbələrin icra fəaliyyəti, mövzuya aid nəzəri və praktik bilikləri qiymətləndirmək, eləcə də aralıq və yekun imtahanlara hazırlaşmaq üçün nəzərdə tutulan yoxlama testləri daxil edilib.

 

Kitabda məşğələlərin bu formada tərtibi tələbələrin müvafiq mövzulara dair praktik bacarıqlar əldə etməsinə kömək etməklə yanaşı, fənni tədris edən müəllimlərin də dərslikdən praktik rəhbərlik kimi istifadəsinə də imkan verəcək.