Professor Eldar Əliyev: Cərrahi müdaxilənin növünü düzgün seçməli, əməliyyat texnikasına diqqətlə riayət etməliyik
Dekabrın 27-də ATU-nun I Cərrahi xəstəliklər kafedrasının, Rezidentura və magistratura şöbəsinin, eləcə də Tədris Cərrahiyyə Klinikasının dəstəyi ilə "Mən əməliyyatları necə edirəm?" layihəsi çərçivəsində hibrid formada növbəti vebinar keçirilib.
I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və Uşaq cərrahlığı kafedrasının assistenti Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə koordinatoru Namiq Xəlilovun moderatorluğu ilə baş tutan vebinarda I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Adıçəkilən layihənin həm həkimlər, həm də rezidentlər üçün faydalı olacağını, ayda 2 dəfə keçirilməklə, 6 ay davam edəcəyini bildirərək, vebinarın işinə uğurlar arzulayıblar.
Vebinarda I Cərrahi xəstəliklər kafedrasının professoru Eldar Əliyevin "Mən pararektal fistulaları necə əməliyyat edirəm?" mövzusunda məruzəsi dinlənilib.
Rezidentlərə və gənc həkimlərə ustad dərsi keçən peşəkar cərrah bu xəstəliyin rastgəlmə tezliyinə görə proktoloji xəstəliklər içərisində 4-cü yerdə olduğunu, düz bağırsaq xəstəliklərinin 30-35 faizini təşkil etdiyini, əməliyyatdan öncə həmin bölgənin anatomiyasını və topoqrafiyasını diqqətlə öyrənməyin vacibliyini vurğulayıb. Onu da bildirib ki, bu xəstəliyin müalicəsindən sonrakı dövr fəsadsız ötüşmür: “Yəni üç xəstədən birində yenidən residiv baş verə bilər və belə çıxar ki, biz əməliyyatı yaxşı etməmişik. Eyni zamanda digər səbəblərimiz də var. İstər-istəməz, bu bölgədə əməliyyat edən zaman sfinkter əzələlərinin müəyyən hissəsini kəsirik. Amma əgər xarici sfinkter əzələsinin 30 faizdən çoxunu kəssək, sfinkter çatışmazlığı olacaq və xəstə ciddi faktorlara görə sosial cəmiyyətdən təcrid edilmək məcburiyyətində qalacaq. Belə halların baş verməməsi üçün pararektal fistulaların müalicəsində əsas vəzifəmiz həm irinli yolu ləğv etmək, həm də sfinkteri qorumaqdır. İkisini də mükəmməl yerinə yetirə bilsək, nəticə uğurlu alınar”.
E.Əliyev kəskin paraproktitin davamı olub, düz bağırsaq ətrafı toxumaların iltihabı nəticəsində meydana çıxan bu cərrahi patologiyaya daha çox kişilərdə rast gəlindiyini söyləyib. Onun sözlərinə görə, müxtəlif əməliyyat üsullarından bəzilərinin mənfi tərəfləri də olur. Ona görə də şəraitə uyğun üsulların seçilməsi məqbuldur: “İlk növbədə fistulanın gedişi, onun dərinliyi, sfinkterə münasibəti nəzərə alınmalıdır. Düzgün taktika, müasir müayinə üsulları imkan verir ki, dəqiq məlumat toplanılsın və əməliyyat uğurla keçsin. Çalışmalıyıq ki, əməliyyatdan sonra xəstəliyin yenidən əmələ gəlmə ehtimalı, sfinkterin zədələnməsi, irinli iltihabi ağırlaşmalar mümkün qədər az olsun. Buna isə həm cərrahi müdaxilənin növünü düzgün seçməklə, həm də əməliyyat texnikasına diqqətlə riayət etməklə nail ola bilərik”.
Professor fistulaların əməliyyatı zamanı fərdi yanaşmanın zəruriliyini də diqqətə çatdırıb. Rezidentlərə və gənc həkimlərə xatırladıb ki, ideal bir üsul yoxdur: “Yeni üsullar, o cümlədən azinvaziv üsullar var ki, onların da göstəriciləri tam qaneedici deyil. Həmçinin bahalı üsullardır və xüsusi cihazların tətbiqinə ehtiyac yaranır. Həkimin məqsədi məlum üsullardan xəstə üçün ən münasib olanını tətbiq etməklə sonda nəticələri yaxşılaşdırmaqdır”.
E.Əliyev şəxsi təcrübəsini vebinar iştirakçıları ilə bölüşərkən bildirib ki, bu əməliyyatı etməzdən öncə fistulanın xəritəsini kağız üzərində cızır: “Daha çox görüntüləmə üsulları ilə fistulanın haradan başlayıb harada qurtardığını, hansı toxumaların içərisindən keçdiyini əvvəlcədən öyrənirəm. Onun xəritəsini cızdıqdan sonra müəyyən edirəm ki, bu əməliyyatı hansı istiqamətdə və necə aparacam. Son vaxtlar daha çox seton müalicəsindən, liqatura qoymaq üsulundan istifadə edirəm”.
Əməliyyat zamanı digər üsullardan da bəhrələndiyini vurğulayan peşəkar cərrah nəticələrdən razı qaldığını, hələ ki öhdəsindən gələ bilmədiyi fistula olmadığını deyib. Bundan əlavə, o, xəstələrə bir və ya bir neçə təkrar əməliyyata zərurət yarana biləcəyini xatırlatdığını da söyləyib.
I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı, cərrahi profilli digər kafedraların rezidentlərinin də qatıldığı vebinarın sonunda mövzuya dair suallar cavablandırılıb.