ATU Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilib

 

 Rektor, professor Gəray Gəraybəyli son illər qurumun bir sıra istiqamətlərdə uğurlu fəaliyyətinin nəzərə çarpdığını vurğulayıb

 

Böyük Elmi Şuranın 2021-ci ildəki son iclası dekabrın 28-də keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi doğum günü – 60 illik yubileyi münasibəti ilə universitetin kollektivi adından təbrik edib, ona möhkəm can sağlığı arzulayıb.

Şura üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edən rektor, universitetin beynəlxalq əlaqələrinin günü-gündən genişləndiyini bildirib: “Bu yaxınlarda Ukraynanın Xarkov Milli Tibb Universitetinin (XMTU) Azərbaycan Tibb Universiteti ilə imzaladığı memorandum çərçivəsində professor-müəllim heyətinin mübadiləsi həyata keçirilib. Universitetimizin 4 əməkdaşı XMTU-nun tələbələrinə onlayn dərslər keçib. Bu mühazirələr Xarkov Tibb Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və auditoriyada olan tələbələr tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı universitetimizin əməkdaşlarına təşəkkür sertifikatları göndərilib”.

Sertifikatları professor Aytən Məmmədbəyli, doktor Azadə Ələkbərova, Anatomiya və tibbi terminologiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Anar Abdullayev və Patoloji fiziologiya kafedrasının əməkdaşı Məlahət Talışinskayaya təqdim edən professor G.Gəraybəyli bundan sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Rektor  “2020-2021-cı illərdə Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında” hesabat məruzəsi ilə çıxış etməsi üçün sözü komitənin sədri, dosent Cahangir Qasımova verib.

C.Qasımov son illər ərzində ATU Həmkarlar İttifaqı Komitəsinin yeni klinikaların açılışı, bir sıra şöbələrin yaradılması ilə əlaqədar öz sıralarını daha da  genişləndirdiyini söyləyib. Bildirib ki, ATU HİK hazırda öz sıralarında 4000-ə yaxın üzvü birləşdirən ən iri ali məktəb təşkilatlarından birinə çevrilib: “Hazırda ATU HİK rəhbərliyi altında 6 fakültə, 4 klinika, 1 Elmi-Tədqiqat Mərkəzi və 1 İnzibati-təsərrüfat işçiləri həmkarlar ittifaqı təşkilatı, 58 qrup təşkilatı fəaliyyət göstərir. XII konfransda 25 nəfərdən ibarət Həmkarlar İttifaqı Komitəsi seçilib”.

O, komitənin rektorluqla münasibətlərini müvafiq qanunlar və Əmək Məcəlləsinə əsasən bağlanan kollektiv müqavilə əsasında qurduğunu, bağlanmış  müqavilədə əməkdaşlarımızın sosial-iqtisadi problemlərinin həlli, məzuniyyətlər, qadın əməyi və digər sahələrdə əlavə imtiyazların nəzərdə tutulduğunu vurğulayıb.

ATU HİK sədrinin sözlərinə görə, axırıncı hesabat-seçki konfransından bu günə qədər komitənin 17, rəyasət heyətinin 53 yığıncağı keçirilib, bu yığıncaqlarda 221-dən çox məsələ müzakirə edilib: “Ali məktəb həmkarlar ittifaqı təşkilatı kimi son nəticədə bu müzakirə və tədbirlər bütövlükdə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti, universitetdə tədris, elmi-tədqiqat və inzibati-təsərrüfat işlərinin təkmilləşdirilməsinə xidmət göstərir. Universitet Həmkarlar İttifaqı Komitəsinin yığıncaqlarında müzakirə olunan məsələlər zamanı görülən müsbət işlər qabaqcıl təcrübə kimi tövsiyə olunub, nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görülüb”.

C.Qasımov onu da vurğulayıb ki, ATU HİK-in qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial-iqtisadi problemlərinin həllinə köməklik etməklə bağlıdır: “2020-2021-ci illər ərzində 323 nəfər əməkdaşa 45 150 manat həcmində maddi yardım göstərilib. 2020-ci ildə yardım alan 236 əməkdaşdan 222 nəfəri Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında işləyən əməkdaşlar olub. Çünki 2020-ci ilin mart ayında bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasının yayılması nəticəsində iki klinikamız fəaliyyətini dayandırmış, infeksiyaya yoluxmuş xəstələrin qəbuluna başlamışdır. Universitet Həmkarlar İttifaqı Komitəsi təkcə əməkdaşlara yardım verməklə kifayətlənməmiş, o cümlədən hər iki klinikaya öz köməkliyini əsirgəməmişdir”.

Hesabat məruzəsində komitənin 44 günlük Vətən müharibəsindəki fəaliyyəti də öz əksini tapıb: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna ATU HİK-in büdcəsindən 2000 manat vəsait köçürülüb. O cümlədən Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında müalicə alan qazilərimizin ərzaq təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə 7 gün müddətində 5000 manat məbləğində ərzaq yardımı göstərilib. Noyabrın əvvəlində Zəfər Günü münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən universitetimizin şəhidlərinin ailələrinə 300 manat və 9 nəfər Vətən müharibəsi iştirakçısının hər birinə 100 manat məbləğində mükafatlar verilib. I Qarabağ döyüşlərində şəhid olmuş üç əməkdaşımızın həyat yoldaşı və ya övladını, Vətən müharibəsində şəhid olmuş iki əməkdaşımızın övladını, yəni beş şəhid ailəsini ATU HİK öz himayəsinə götürmüş və ayrılan yardımlar Həmkarlar İttifaqı Komitəsinin xərclər smetasına daxil edilmişdir ki,  onlar bu yardımı mütəmadi ala bilsinlər”.

Azərbaycan Tibb Universitetində vətənpərvərlik mövzusunda tədbirlərə həmişə xüsusi önəm verildiyini deyən C.Qasımov rektorun göstərişi ilə Aprel döyüşlərində iştirak etmiş qazilərimizlə görüş keçirildiyini və onlara universitet adından xüsusi hədiyyələr təqdim edildiyini xatırladıb: “Belə görüşlər Vətən müharibəsində iştirak etmiş qazilərimizlə də təşkil olunub. Bu cür tədbirlər tələbələrimizin vətənpərvər ruhda yetişməsinə müsbət təsir edir. Bunun bariz nümunəsi olaraq Hərbi tibb fakültəsini bitirmiş məzunlarımızın II Qarabağ döyüşlərindəki qəhrəmanlığını göstərmək olar”.

Qeyd edilən yardım və mükafatların yalnız Həmkarlar İttifaqı Komitəsinin büdcəsi hesabına verildiyini söyləyən C.Qasımov, komitənin təqdimatı ilə universitetin xüsusi vəsaiti hesabına 2020-ci ildə 22 nəfərə fəxri fərman və bir aylıq əmək haqqı məbləğində mükafat, 4 nəfərə maddi yardım, 2021-ci ildə isə 52 nəfərə fəxri fərman və pul mükafatı, 8 nəfərə maddi yardım göstərildiyini də bildirib.

Komitə sədri məruzəsində əməkdaşların sağlamlığı və əməyinin mühafizəsi, iş şəraitinin yaxşılaşdırılması, mənzil şəraiti, istirahəti, müalicə və asudə vaxtının təşkili, həmçinin tədris binalarının və yataqxanaların yeni tədris ilinə və qış mövsümünə hazırlığı məsələlərinə də geniş yer ayırıb.

Son iki ildə işinə məsuliyyətsiz yanaşan 4 əməkdaşın işdən azad olunduğunu, 6 əməkdaşa isə töhmət verildiyini xatırladan C.Qasımov bildirib ki, həmkarlar ittifaqı təşkilatları, fakültə dekanları, eləcə də nizam-intizam komissiyası bu cür məsələlərə diqqəti artırmalıdır.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonunda yerləşən “Şəfa” istirahət ocağı haqqında da qısa məlumat verən komitə sədri, Nabranda yerləşən “Təbib” idman-sağlamlıq düşərgəsində əməkdaşlarımıza göstərilən yüksək səviyyəli xidmətdən də bəhs edib.

Vətənpərvərlik mövzusunda görüşlərin, yubiley tədbirlərinin təşkilində ATU HİK-in aktiv iştirakına toxunan komitə sədri qızlardan ibarət “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının daim Həmkarlar İttifaqının diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi ərəfəsində iməciliklərin keçirilməsi, məzunların buraxılış gecələri, Novruz və Yeni il şənliklərində əməkdaşların uşaqlarının iştirakı üçün biletlərin təşkilində komitənin rolunu diqqətə çatdırıb, bundan sonra da ATU HİK-in öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva və Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Paşa Mehdiyev məruzə ətrafında çıxış ediblər. Komitə sədrinin hesabatını yüksək qiymətləndirən natiqlər son illərdə ATU HİK-in gördüyü təqdirəlayiq işlərdən söhbət açıblar.

Professor G.Gəraybəyli son illər ATU-nun Həmkarlar İttifaqı Komitəsinin bir çox istiqamətlərdə uğurlu fəaliyyətini təqdir etdiyini bildirib. Amma bəzi problemlərin hələ də qaldığını və Həmkarlar İttifaqı Komitəsinin onları universitetin rəhbərliyi ilə birgə aradan qaldıracağını diqqətə çatdırıb. Rektor, həmçinin tələbələrin yataqxana ilə təmin olunması məsələsinə də toxunub: “İstər yerli, istərsə də xarici tələbələr otaqlarla təmin olunurlar. Maddi-texniki tərəfdən müəyyən məsələlərdə irəliləyişlərimiz olsa da, tələbələrimizin asudə vaxtlarını səmərəli keçirmələrinin təşkilinə, onlarla söhbətlərin və məsləhətləşmələrin aparılmasına ehtiyac var. Çıxışlar zamanı da səsləndi ki, hər bir yataqxanada Yataqxana Şurası fəaliyyət göstərir. Şuraların fəaliyyətini bir qədər də aktivləşdirməyi məsləhət görərdim”.

Rektor tələbələrin yaşadığı yataqxanaların maddi-texniki və təchizat vəziyyətini yaxşılaşdırmaq istiqamətində lazımi işlərin görüldüyünü, 3 saylı yataqxananın əsaslı təmir olunması barədə qərar verildiyini qeyd edib. Universitetin rəhbəri “Təbib” istirahət mərkəzində son illər aparılan abadlıq-quruculuq işlərindən söhbət açaraq, düşərgədə əvvəllər mövcud olan qazla təminat probleminin artıq aradan qaldırıldığını da diqqətə çatdırıb. O, universitet əməkdaşlarının və tələbələrin qış mövsümündə həftəsonları istirahət etmələri üçün burada idman zalları, qapalı hovuz və s. yaradılmasının vacibliyini də vurğulayıb.

Professor G.Gəraybəyli Həmkarlar İttifaqı Komitəsinin nizam-intizamla bağlı kafedralarda apardığı yoxlamaların effektivliyinə də münasibətini bildirib. Bu cür yoxlamaların davamlı olacağını qeyd edərək, bəzi əməkdaşların gizli şəkildə, univerisitet rəhbərliyinin icazəsi olmadan kənarda fəaliyyət göstərdiklərini nəzərə çatdırıb, bu cür nöqsanlara yol verən əməkdaşların cəzalandırılacağı barədə xəbərdarlıq edib.

Bundan sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılıb. Yusif Kərimovu Farmakoqnoziya kafedrasının məsləhətçi professoru vəzifəsinə seçən, tədris prosesində dəyişikliklər edilməsinə, professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin, “Təbib” qəzeti redaksiyasında çalışan əməkdaşların sosial müdafiəsinin və maddi rifah halının daha da gücləndirilməsi, tədris məşğələlərinin aparılmasına cəlb olunmuş işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərinin artırılmasına razılıq verən Böyük Elmi Şura, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçilərini, elmi adları təsdiqləməklə öz işini yekunlaşdırıb.