Azərbaycan Tibb Universiteti 2021-ci ilin sınaqlarından uğurla çıxmağı bacarıb

 

Təlim-tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov ötən ilin yekunlarına nəzər salır

 

ATU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov yola saldığımız 2021-ci ilin yekunları barədə fikirlərini açıqlayıb və prorektorluğun bu müddət ərzində gördüyü işlərlə bağlı suallarımızı cavablandırıb:

- Hər şeydən öncə qeyd edim ki, 2021-ci il Azərbaycan üçün zəfər ili, yenidənqurma dövrü oldu. Vətən müharibəsində qazandığımız şərəfli qələbə ilə yanaşı, COVID-19 cəbhəsində müharibə davam etdi. İlin əvvəlində bütün ölkəmizdə ağır karantin rejimi tətbiq olundu. Belə olan vəziyyətdə ölkə üzrə təhsil prosesi onlayn və distant formada həyata keçirildi. Hesab edirəm ki, bu ağır sınaqdan Azərbaycan Tibb Universiteti üzüağ və daha az itkilərlə çıxmağı bacardı. Təhsil prosesi davam etdi, buraxılış imtahanları karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil olundu. Eləcə də, tələbələrimizin istəklərinə əsasən, tədris prosesində bir çox yeniliklər tətbiq edildi.

Bu müddət ərzində prorektor vəzifəsinin öhdəliklərinə əsasən, Səhiyyə və Təhsil nazirlikləri, bir çox dövlət qurumları və müxtəlif təşkilatlardan ATU-ya daxil olan müraciətlər, sorğular cavablandırılıb. Bu məktubların hamısı nəzərdən keçirilib, qaldırılan məsələlərlə bağlı tədbirlər görülüb.

Görülən işlərdən bəzilərini vurğulamaq istəyirəm. Diqqətinizə çatdırım ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı məlumatları, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”na dair təklifləri hazırlayıb müvafiq qurumlara təqdim etmişik. Həmin təkliflər arasında ali təhsil müəssisələrində tədris proqramlarına korrupsiyaya qarşı mübarizə ilə bağlı mövzuların salınması da var.

O cümlədən, bu müddət ərzində COVID-19 virusuna qarşı aparılan profilaktik peyvənd işləri ilə əlaqədar məlumatlar mütəmadi olaraq aidiyyəti orqanlara təqdim olunub.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının həyata keçirilməsi ilə bağlı ATU-da ilin ilk yarısında təşkil edilmiş tədbirlər haqqında məlumat hazırlanıb.

- Zülfüqar müəllim, gənclərin həm yüksək səviyyəli təhsil alması, həm də hərtərəfli inkişafı üçün universitetimizdə yaradılmış şəraiti necə qiymətləndirirsiniz?

- Universitetimizin əsas kontingenti gənclərdir. Ona görə də bu istiqamətdə işləri daim diqqətdə saxlayırıq. Ötən ilin aprelində Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Tələbə baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalında iştirak etmək üçün ATU-nun istedadlı tələbələri seçilərək namizədlikləri təqdim olunub. Bundan əlavə, tələbələrimizin “Enactus Azərbaycan Milli Yarışı” müsabiqəsində komanda şəklində iştirakına şərait yaradılıb, onlara hər cür köməklik göstərilib. Bu, beynəlxalq layihə olub, dünyanın əksər ölkələrində reallaşdırılır. Layihə çərçivəsində gənclər komandalar şəklində şəxsi təşəbbüslərinə əsasən müxtəlif biznesyönümlü layihələr üzərində işləyirlər. Ölkə üzrə təşkil olunan yarımfinal və final mərhələlərini keçən qalib komanda dünya kuboku üçün təşkil olunan final mərhələsinə vəsiqə qazanır. Dünya kubokunu qazanan layihələr maliyələşdirilir və inkişaf etdirilir. Azərbaycan Tibb Universiteti bir neçə ildir yarışlarda komanda şəklində iştirak edir və yaxşı nəticələr göstərib.

Tələbələrimizin inkişafına şərait yaratmaq, onların sosial vəziyyətini dəstəkləmək üçün MediClub MMM təşkilatı ilə birgə əməkdaşlıq müqaviləsi çərçivəsində Tibb Universitetinin 26 tələbəsinə 150 manat məbləğində təqaüd ödənilir.

Ötən il ATU-nun gənc müəllimləri və tələbələri arasında Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin olması üçün namizədlər irəli sürülüb. Gənc səfirlər Gənclər və İdman Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTIP) ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində fəaliyyət göstəriblər.

Məlum olduğu kimi, biz tələbələrimizin təlim-tərbiyəsi işinə məsuluq. Bu müddət ərzində yuxarı kurs tələbələri arasında I Mamalıq və ginekologiya kafedrasının əməkdaşları tərəfindən “Sağlam həyat və reproduktiv sağlamlıq” mövzusunda interaktiv tədbir təşkil olunub. Psixiatriya kafedrasının təşəbbüsü ilə psixoaktiv maddələrdən asılılığın ilkin profilaktikası məqsədilə müxtəlif fakültələrin tədris proqramları çərçivəsində gənc nəslin psixoaktiv maddələrə qarşı münasibətinin dəyişməsinə yönəlmiş maarifləndirmə üsulları təbliğ edilib. Bu və digər tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” və “Məişət zorakılığının qarşısının alınması sahəsində birgə Tədbirlər Planı” çərçivəsində həyata keçirilib.

Ölkəmizdə gənclər arasında intihar hallarının artması hər kəsi narahat edir. Bu məsələ ilə bağlı müvafiq orqanlardan daxil olan məktub əsasında zəruri maarifləndirmə işlər aparılıb. Bu barədə Səhiyyə Nazirliyinə də məlumat təqdim olunub.

Həmçinin “Milli Təhsil Texnologiyaları Mərkəzi” ictimai birliyinin “Milli Tərbiyə Konsepsiyası - Milli Profil” konsepsiyası haqqında rəy hazırlanaraq quruma təqdim edilib. Tədris Cərrahiyyə Klinikasında “Hərbi şəraitdə odlu silah yaralanmaları və digər zədələnmələrə yanaşma prinsipləri” mövzusunda seminarın təşkilinə ehtiyac duyulub, bu haqda proqram tərtib edilərək məruzəçilərlə razılaşdırılıb.

- Siz həm də ATU İntizam Komissiyasının sədrisiniz. Komissiyanın fəaliyyəti haqda da məlumat verməyinizi istərdik.

- Ötən il ərzində komissiyanın üzvləri və işçi qrupun tərkibində müəyyən dəyişikliklər edilib. Bu da komissiyanın öz işini daha çevik və daha şəffaf yerinə yetirməsinə yardımçı olub. Pandemiya ilə əlaqədar olaraq qoyulan qaydalara əməl etmək şərti ilə, komissiyanın 5 iclası keçirilib. Bu iclaslarda müzakirə olunan məsələlərlə bağlı tərəfimizdən müəyyən tədbirlər görülüb. Nəticə etibarı ilə, il ərzində 12 nəfərə xəbərdarlıq edilib, 4 nəfərə töhmət, 2 nəfərin isə işinə xitam verilib.

Pandemiya ilə əlaqədar olaraq ötən ilin əvvəlində müəyyənləşdirilmiş qaydalara uyğun olaraq işçi sayı 50 %-ə endirilib, yaşı 65-dən yuxarı müəllimlərin fəaliyyəti müəyyən qədər dayandırılıb, tələbələr onlayn təhsilə keçirilib. Lakin yeni dərs ilindən etibarən bu qadağalar aradan qaldırıldığı üçün, sanitar-gigiyenik qaydalara əməl etmək şərti ilə Tibb Universiteti də əvvəlki rejimdə fəaliyyətini bərpa edib. Odur ki, neqativ halların qarşısını almaq məqsədi ilə universitetimizin intizam komissiyası daha aktiv iş rejiminə keçib.