Gələcəyin epidemioloqları ATU-da hərtərəfli hazırlanır

 

Professor İbadulla Ağayev deyir ki, ölkəmizdə vaksinasiya prosesi çox yüksək səviyyədə aparılır

Epidemiologiya kafedrası ATU-da fəaliyyət göstərən 60-dan artıq kafedradan biridir. Onun əhatə etdiyi sahənin aktuallığı son iki ildə daha çox nəzərə çarpır. Ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan akademik bir qurumun pandemiya dövründə diqqət mərkəzinə gəlməsi təbiidir. Kafedranın tarixinə nəzər salanda da aydın görünür ki, müxtəlif zamanlarda tüğyan edən epidemiyalara qarşı mübarizədə burada çalışan mütəxəssislərin böyük rolu olub.

1943-cü ildə məşhur epidemioloq, tropikoloq və malyarioloq alim, Almaniyanın Hamburq Universitetini bitirmiş professor İsmayıl Axundov tərəfindən yaradılan kafedraya ayrı-ayrı illərdə professor Pyotr Popov, professor, əməkdar elm xadimi Tağı Tağızadə rəhbərlik edib.

1992-ci ildən isə kafedranın müdiri əməkdar elm xadimi, əməkdar müəllim, professor İbadulla Ağayevdir. O bizimlə söhbətində kafedranın keçdiyi inkişaf yolundan söhbət açaraq sələflərini xüsusi ehtiramla xatırlayıb. Eyni zamanda özünün rəhbərliyi ilə kafedrada aparılan nəzəri və praktik işlərdən danışıb.

İ.Ağayev qeyd edib ki, uzun illər əsas elmi problem leptospirozlar, salmonelyozlar və helmintozların epidemiologiyasının öyrənilməsi olub. Onun sözlərinə görə, müasir dövrdə infeksion epidemiologiya ilə yanaşı, qeyri-infeksion epidemiologiya da öyrədilir: “Epidemiologiyanın predmeti epidemik prosesdir. İnfeksiyanın mənbəyi, yayılma mexanizmi və həssas orqanizm epidemik prosesin tərkib hissəsidir. Bu da epidemiologiya elminin predmetidir və məhz bunun əsasında tələbələrlə və müxtəlif ixtisaslı həkimlərlə kafedramızda tədris aparırıq”.

Son dövrlərdə yeni bir sahənin - epidemiologiya və biostatistikanın meydana çıxdığını vurğulayan kafedra müdiri bildirib ki, dünyanın bir sıra ölkələrində bu sahə üzrə tədris aparılır. Bu istiqamətdə kafedranın xarici universitetlərlə sıx əlaqə saxladığını deyən professor İ.Ağayev epidemiologiyanın cəmiyyətdəki rolunun həddindən çox artdığını diqqətə çatdırıb: “Ümumiyyətlə, yoluxucu xəstəliklərin qeyri-yoluxucu xəstəliklərdən böyük fərqi var. Qeyri-yoluxucu xəstəlikləri müəyyən müddət ərzində həm cərrahi, həm də terapevtik vasitələrlə müalicə etmək mümkündür. Amma yoluxucu xəstəliklərin qarşısını almaq çox çətindir. Bunun qarşısını alan əsas elm sahəsi epidemiologiyadır ki, koronavirus epidemiyası dövründə xüsusilə aktuallaşdı”.

Bir mütəxəssis kimi respublikamızdakı epidemioloji durumu müsbət qiymətləndirən İ.Ağayev ölkə başçısı tərəfindən imzalanan sərəncamların öz bəhrəsini verdiyini bildirib: “Azərbaycanda aparılan vaksinasiya tədbirləri dünyanın ən inkişaf etmiş ölkələrində aparılan tədbirlərlə müqayisə oluna bilər. Müvafiq qurumların, epidemioloqların, infeksionistlərin və bütövlükdə fədakar həkimlərin gərgin əməyinin nəticəsidir ki, koronovirusla xəstələnmə sayı sürətlə aşağı düşdü. Vaksinasiya prosesi respublikamızda çox yüksək səviyyədə aparılır”.

Bu prosesdə gələcəyin epidemioloqlarının da fəal iştirak etdiyini deyən professor İ.Ağayev tələbələrin təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən hazırlıq keçdiklərini söyləyib: “Tələbələrimiz Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən başlayaraq, Bakının rayonlarında olan gigiyena və epidemiologiya mərkəzlərinə qədər bir çox müəssisələrə təcrübəyə göndərilir. Həmçinin kafedramızda müxtəlif mulyajlar üzərində vaksinasiyanın aparılması tələbələrə göstərilir. Kafedranın nəzdindəki təsərrüfat hesablı klinik epidemiologiya laboratoriyası xidmətini dayandırsa da, tələbələrimiz və kafedranın müəllimləri elmi işlərini orada davam etdirə bilirlər. Elmi-tədqiqat işləri aparan tələbələr mikroskopun arxasında əyləşərək, yoluxucu xəstəliklərin laborotor üsulları ilə də tanış olurlar. Kafedramızın tədris bazası çox yaxşı vəziyyətdədir və hər bir ləvazimatla təchiz olunub”.

Tarix boyu yoluxucu xəstəliklərin həmişə olduğunu, bundan sonra da olacağını xatırladan epidemioloq ölkədəki epidemioloji durumla bağlı nikbinliyini ifadə edib. O, pandemiya ilə mübarizəyə ilk başlayan ölkələrdən biri olan Azərbaycanda ictimai həyatın tezliklə əvvəlki axarına qayıdacağına əmindir.