Payız semestrinin qış imtahan sessiyası davam edir

 

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova: Bəzi kafedralar testlərin hazırlanmasına daha məsuliyyətlə yanaşmalıdır

Yanvarın 3-də Azərbaycan Tibb Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanların gedişatı ilə bağlı universitetin İmtahan Mərkəzində olduq.

II Müalicə-profilaktika fakültəsinin 1-ci və 2-ci kurslar üzrə dekan müavini Sevinc Məhərrəmova 2-ci kurs tələbələrinin imtahan verdiklərini bildirdi: “Tələbələr seçim fənnindən imtahan verirlər. Seçim fənni iki blokdan – “Dinamik anatomiya” və “Təkamül genetikası”ndan ibarətdir. Onlar hansı fəndən imtahan verəcəklərini özləri müəyyənləşdiriblər. Bu gün 2-ci kursda təhsil alan 428 tələbə imtahanda iştirak edəcək. İmtahan verənlər arasında ingilis dili bölməsində təhsil alanlar da var. Hazırda sakit və şəffaf şəraitdə imtahan gedir. Yaradılmış şəraitdən tələbələrimiz razılıq edir. İndiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb”. Biz imtahan zallarında olarkən nəzrətçilərin qaydalara uyğun fəaliyyət göstərdiklərini müşahidə etdik. İmtahan nəzarət qrupunun rəhbəri Pəri İsaqova nəzarətçilərin hər gün təlimatlara uyğun şəkildə imtahan zallarında öz vəzifələrini yerinə yetirdiklərini bildirdi. Eləcə də onların əcnəbi tələbələrin bəziləri ilə bağlı qayda pozuntusu aşkar etdiklərini, bu barədə lazımi tədbirlər görüldüyünü də diqqətimizə çatdırdı.

Mühafizəçilərdən Bəxtiyar Həziyev və Xatirə Mürsəliyeva da öz vəzifələrini məsuliyyətlə icra edirdilər. Onlar telefon və digər qadağan olunmuş vasitələrin içəriyə keçirilməməsi üçün tələbələri yoxlayırdılar.

Ünsiyyətdə olduğumuz tələbələr də imtahan prosesinin gedişindən razılıq etdilər. İmtahan zalından çıxan II Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Hacı Şabanovun fikirlərini öyrəndik: “Dinamik anatomiya fənnindən imtahan verdim. Mümkün 100 baldan 99 bal toplayaraq müvəffəqiyyət qazandım. İndiyədək 3 imtahan vermişəm və kəsirim olmayıb. Yaxşı hazırlaşdığım üçün inanıram ki, o biri imtahanlardan da nəticələrim uğurlu olacaq”.

İran vətəndaşı Salar Vahid Baghimin də II Müalicə-profilaktika fakültəsinin 2-ci kursunda təhsil alır. İmtahan zalından sevinclə çıxdığı hiss olunur. İmtahanı müvəffəqiyyətlə verdiyini deyir. Prosesin təşkilindən, universitetdə tədrisin səviyyəsindən, müəllimlərdən razılıq edir.

Sonra İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərovadan imtahan prosesi ilə bağlı ətraflı məlumat aldıq. O qeyd etdi ki, imtahan əziyyətli və ağır prosesdir: “Testlərin hazırlanmasından başlamış, sistemdə yerləşdirilməsi və tələbəyə təqdim olunanmasınadək bir mərhələ keçirik. Heç bir texniki problemimiz yoxdur. Gördüyünüz kimi, normal şəkildə imtahanlar gedir. Amma bəzən bizdən asılı olmayan səbəbdən problemlərlə də üzləşirik”. Bu haqda danışan Ü.Cəfərova bildirdi ki, bəzi kafedralarda testlərin hazırlanmasına məsuliyyətlə yanaşmırlar: “Bu səbəbdən bəzən yanlış suallara rast gəlinir. Hazırda Dinamik anatomiya və Təkamül genetikası fənlərindən imtahan götürürük. Amma hərəsindən bir sual yanlış düşüb. Bununla bağlı apellyasiya şikayəti verilib. Ailə təbabəti kafedrasının testlərində də qüsurlar var idi. Yaxşı olar ki, istər adını çəkdiyim, istərsə də digər kafedralar testləri hazırlayanda dəfələrlə yoxlasınlar. Mövcud vəziyyət diqtə edir ki, testlər təkmilləşdirilsin, təkrar suallar aradan qaldırılsın”.

Ü.Cəfərova xatırlatdı ki, təhsil nazirinin müvafiq əmrinə əsasən fevralın 1-dək imtahanlar başa çatdırılacaq: “Üzrlü səbəbdən iştirak etməyənlər üçün fevralın 3-4-ü, 7-8-i imtahanlar keçirilməsi nəzərdə tutulub. Paralel olaraq xaricdə yaşayan tələbələrimiz üçün onlayn imtahanlar təşkil etmişik. Onlar da imtahanlara qatılır və yüksək göstəricilər nümayiş etdirirlər”.

Apellyasiya komissiyasının sədri, professor Eldar Qasımov isə bu semestrdə müraciətlərin çoxluğundan şikayətləndi: “Pandemiyaya görə tələbələrin müəllimlərlə görüşünə izacə verilmir. Ona görə də müraciətlər elektron qaydada ünvanımıza göndərilir. Hansı tesdən şikayət olunursa, onun surətini çıxarıb ekspertə göndəririk. Ekspert rəy verəndən sonra nəticə barədə şikayətçiyə məlumat verilir. Ötən illər ümumi sessiya vaxtı Apellyasiya Komissiyasına təxminən 1400-ə yaxın müraciət olurdusa, indi imtahan başlayandan 15 gün ərzində 2005 ərizə almışıq. Müraciətlərin əsaslı olub-olmamasına baxılır. İnanıram ki, növbəti semestrə qədər kafedralar bundan nəticə çıxaracaqlar”.