Mahir Səfərov: Keyfiyyətli və müasir stomatoloji xidmətə dəyər verən pasiyentlər klinikamızı seçməkdə yanılmırlar
Müsahibimiz ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur.
- Mahir müəllim, əvvəlcə klinikanın maddi-texniki imkanları, kafedra işçiləri də daxil olmaqla burada fəaliyyət göstərən tibbi personal haqqında məlumat verməyinizi xahiş edərdik.
- Nəzərinizə catdırmaq istərdim ki, ATU-nun Tədris Stomatoloji Klinikasının bazası, əsasən Ortopedik stomatologiya, Terapevtik stomatologiya və Uşaq stomatologiyası kafedraları, həmçinin stomatoloji yardim söbələri ilə təşkil olunub. Pandemiya ilə əlaqədar bir müddət dərslərə fasilə verilsə də, artıq tədris prosesi öz axarına düşüb. Kafedralarda dərslər müntəzəm olaraq həm əyani, həm də distant formada keçirilir, paralel olaraq praktik dərslər də tədris planına əsasən aparılır.
Klinikanın Stomatoloji yardım şöbəsində isə kafedraların profillərinə uyğun ortopedik, terapevtik, ortodontik və cərrahi işlər görülür. Burada çalışan həkimlərin hamısı yüksək səviyyəli, sertifikasiyadan keçmiş təcrübəli mütəxəssislərdir. Təsərrüfat hesabı ilə işləməyimizə, pandemiyanın yaratdığı bəzi çətinliklərə baxmayaraq, ortaya çıxan problemləri universitet rəhbərliyinin və kollektivin dəstəyi ilə zamanında həll edə bilirik.
Klinikanın maddi-texniki bazasının yaxşılaşdırılması və ən müasir avadanlıqlarla təchizatı universitetimizin rektorunun daim diqqət mərkəzindədir. Elə bu diqqətin nəticəsidir ki, bu günlərdə stomatologiyanın vacib sahəsi sayılan rentgen müayinələrinin aparılması üçün 3D kompüter tomaqrafiya aparatı alınaraq klinikada quraşdırılıb. Kafedralarda tədris proqramına uyğun olaraq yeni avadanlıqla bağlı hər bir müəllimin kompyuter sisteminə individual olaraq 3D proqramı yazılacaq və dərs zamanı tələbələrin bu müayinə metoduna yiyələnməsi ücün tam şərait yaradılacaq ki, bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək. Poliklinika şöbəsində də bu aparatla rentgen müayinəsi aparmaqdan ötrü həkim-stomatoloqlar ücün kompyuter sisteminə proqram hazırlanır və onlar bu sahədə təkmilləşdirilir. Bu rentgen müayinə metodu tədris proqramına salındığından, kafedra əməkdaşları və həkimlərimizlə yanaşı, rezidentlərimiz, tələbələrimiz də 3D rentgen müayinəsinə yiyələnəcəklər. Bundan başqa, digər ən müasir stomatoloji avadanlıqlar da tibbi personalın istifadəsindədir. İstər elmi, istərsə də texniki yeniliklər klinikamızda uğurla tətbiq edilir.
Müasir stomatologiyaya aid bütün aparatlarımız var
- Məlumdur ki, ölkəmizdə stomatoloji xidmət üzrə fəaliyyət göstərən özəl klinikalar, ixtisaslaşmış kabinetlər çoxdur. Bu nöqteyi-nəzərdən pasiyentlər hansı üstünlüklərinə görə ATU-nun Stomatoloji Klinikasını seçməlidir?
- Əvvəla, bu bizim statusumuzdur. Yəni ATU-nun rəsmi klinikası olmağımız. İkincisi, tariximizdir. Xatırladım ki, indiki Tədris Stomatoloji Klinikası əvvəllər Bakıda ilk açılan stomatoloji poliklinikalardan biri olub və 4 saylı poliklinika kimi tanınıb. Yaddaşlarda, xatirələrdə də öz ənənələri ilə qalıb. Yəni bura nostalji hisslərlə müraciət edənlər də çoxdur. Bunlarla yanaşı, əsas fərqimiz burada peşəkar həkimlərin, respublika miqyasında tanınan mütəxəssislərin çalışmasıdır. Klinika əvvəlki nüfuzunu qoruyub saxlamaqla yanaşı, həkimlərimizin peşəkarlığı və daha yüksək səviyyəli stomatoloji xidmət sayəsində əlavə üstünlüklər qazanıb.
Klinikamızın sahəsi genişdir, kabinetlərimizin sayı çoxdur. Bu həcmdə işləri öz gücümüzlə aparmaq bir qədər çətin olsa da, öhdəsindən demək olar ki gəlirik. Kabinetlərimizin hamısı təmir olunub, stomatologiyaya aid bütün aparatlarla təmin edilib. Dişlərin müalicəsi, ağardılması və ortopedik göstərişlə yonulma prosesi ən müasir səviyyədə aparılır. Əvvəlki illərdən fərqli olaraq hal-hazırda sement sistemli plomb materiallarından deyil, işıqla bərkiyən helioplomblardan istifadə olunur. Yəni müasir stomatologiyaya aid bütün elmi və texnoloji yeniliklərdən bəhrələnə bilirik. Elmi dərəcəli mütəxəssislərimizin, professorların, dosentlərin, kafedra müəllimlərinin praktik həkimlərlə birgə çalışması da klinikamızın reytinqinə müsbət təsir göstərir. Ona görə də hesab edirəm ki, keyfiyyətli stomatoloji xidmətə dəyər verən pasiyentlər bizim klinikanı seçməkdə yanılmırlar.
- Artıq 2 ildir ki, bütün klinikalar pandemiya şəraitində fəaliyyət göstərir. Əsas risk qrupuna aid olan stomatoloqların koronavirusdan qorunması istiqamətində hansı tədbirlər görülür?
- Hamımıza məlumdur ki, istər pandemiya, istərsə də pandemiyadan əvvəlki dövr olsun, həkim-stomatoloqlarin əsas müayinə və profilaktika obyekti ağız boşluğu olduğundan onların daha çox virusa yoluxma ehtimalı var. Bu baxımdan stomatoloqlarımız infeksiyalara yoluxma təhlükəsinə görə əsas risk qrupuna daxil edilirlər. Belə bir deyim də var: “Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlanır”. Diqqətinizə catdırım ki, ən çox infeksiya və mikroflora ilə zəngin olan orqan ağız boşluğudur, ağız boşluğu stomagen infeksiya mənbəyidir. Ona görə də stomatoloqlarımızı tək koronavirusdan deyil, bütün infeksiyalardan qorumaq üçün bütun qabaqlayıcı vasitələrdən maksimum istifadə etməyə çalışırıq. Gördüyünüz kimi, klinikaya daxil olan pasiyentlərin hərarəti yoxlanılır, maskaların taxılmasına, əllərin tibbi işlənilməsinə və ayaqlara baxillərin geyinilməsinə ciddi nəzarət olunur. Xüsusi tibbi məhlulların sayı artırılıb və praktik həkimlərimiz onlardan daha çox istifadə edirlər. Ancaq görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, risk həmişə var. Təəssüf ki, həmkarlarımızdan koronavirusa yoluxanlar, hətta bu virusdan dünyasını dəyişənlər də oldu. Əlbəttə, pandemiya şəraitində bütün mümkün vasitələrdən istifadə etmək vacibdir. Lakin istənilən halda koronavirusdan qorunmağın ən etibarlı yolu peyvəndləmədir ki, klinikamızda calışan əməkdaşların demək olar ki, hamısı peyvəndin 3-cü, hətta 4-cü dozasını qəbul edib.
Diş xəstəlikləri ağrısız, təhlükəsiz, ən effektiv üsullarla müalicə olunur
- Daha çox rast gəlinən stomatoloji xəstəliklər hansılardır? Bu xəstəliklərə qarşı aparılan profilaktik və müalicə tədbirlərini qənaətbəxş hesab etmək olarmı?
- Stomatoloji xəstəliklər tarixinə nəzər salsaq görərik ki, ağız boşluğu xəstəlikləri içərisində ən çox rast gəlinən dişlərlə bağlı problemlərdən yaranan fəsadlardır. Daha sonra diqqət çəkən xəstəliklərdən tez-tez müşahidə olunan ağızın selikli qişa xəstəlikləridir ki, klinik təzahürlərin xüsusiyyətlərini bilməklə, bu məsələdə diaqnostika və müalicə işlərinin düzgün istiqamətdə aparılması istənilən ixtisasa malik həkim-stomatoloqun gündəlik praktikasında mühüm əhəmiyyətə malikdir. Ağız boşluğunun selikli qişa xəstəlikləri digər stomatoloji xəstəliklər arasında nisbətən daha az öyrənilmiş problemlərdən sayılır. Bu xəstəliyin etiologiyası, patogenezi, klinik əlamətləri və müalicəsinin əsas məsələləri indiyə qədər tam həll edilməyib. Müalicə yalnız müəyyən mülahizələr, müxtəlif dövrlərdə tibbi universitetlərdə, tibbi akademiyalarda çalışan alimlərin verdiyi təsnifatlar əsasında aparılır. Müasir dövrdə isə internet resurslarından yararlanaraq, dünyada baş verən yeniliklər haqqında daha tez məlumat alırıq. Aparılan araşdırmalar da göstərir ki, selikli qişada əmələ gələn xəstəliklərin gedişi də, klinikası da tamam dəyişib. Dişlərlə bağlı problemlər isə selikli qişadakı problemlər qədər çətin deyil. Kariyes, mina qatının zədələnməsi, diş pulpasının iltihabı və digər diş xəstəlikləri ağrısız, təhlükəsiz, ən effektiv üsullarla müalicə olunur. Diş yalnız müalicəsi mümkün olmayanda çıxarılır. Bundan sonra isə implantlar, çıxan və çıxmayan protezlər vasitəsi ilə həm kosmetik, həm də estetik baxımdan bərpa olunur.
Həkim-stomatoloqlarımız təkcə ağız boşluğunun sağlamlığını qorumaqla, dişləri müalicə və bərpa etməklə kifayətlənmir, eyni zamanda pasiyentlər arasında vaxtaşırı maarifləndirmə işi aparırlar. Düşünürəm ki, bu istiqamətdə aparılan profilaktik və müalicə tədbirləri qənaətbəxşdir.
- Universitet klinikası olaraq burada həm də tədris aparılır. Kadr hazırlığı baxımından tələbələr və rezidentlərlə iş necə qurulur?
- Rezidentura və magistratura şöbəsində aparılan bölgüyə uyğun olaraq rezidentlər klinikamızın bazasında yerləşən kafedralarda rotasiya keçirlər. Burada çalışan təcrübəli müəllimlərimiz onlarla işləmək məsuliyyətini öz üzərilərinə götürüblər. Bazamızda klinik bacarıqlarını artırmaq üçün rezidentlərə hər cür şərait yaradılıb. Onlar ortopedik və terapevtik stomatologiya, uşaq stomatologiyası, eləcə də cərrahiyyə ixtisasları üzrə mənimsədikləri bilikləri təcrübədə tətbiq edirlər. Həmçinin tədris korpusundakı xüsusi stomatoloji avadanlıqlardan istifadə etməklə sərbəst şəkildə pasiyent qəbul edə bilirlər. Əminliklə deyə bilərəm ki, klinikamızda hazırlıq keçən bütün rezidentlərimiz rezidenturanın sonunda tam formalaşmış həkim-stomatoloq kimi fəaliyyətə başlayırlar. Yuxarı kurs tələbələrinə də imkan yaratmışıq ki, təhkim olunduqları həkimlərin köməyi ilə praktik vərdişlərini artırsınlar. Əvvəlki dövrlərdə tələbələr 1 il müddətində internatura keçirdilər. Bu bir stomatoloji məktəb idi. İndi isə rezidentura sisteminin tətbiqi, hazırlıq müddətinin 3 il olması klinik bacarıqların keyfiyyətini daha da yüksəldib.
Beynəlxalq səviyyəli mütəxəssislər klinikamızda kurs keçəcək
- Stomatologiya həm də ən çox yenilənən sahədir. Yerli mütəxəssislərimiz dünyada tətbiq olunan yeni üsul və vasitələrdən, yüksək texnoloji imkanlardan yetərincə yararlana bilirmi? Yaxın gələcəkdə nələri planlaşdırırsız?
- Ümumiyyətlə, stomatologiya həmişə perspektivli, inkişaf edən sahə olub. Tətbiq olunan hər yenilik dişlərin sağlamlığı ilə yanaşı, həm də ağız boşluğunun estetik, kosmetik nöqteyi-nəzərdən mükəmməl görünüşünə hesablanır.
Diqqətinizə çatdırım ki, pandemiyadan əvvəl stomatoloqlarımız xarici ölkələrə işgüzar səfərlər edir, beynəlxalq simpoziumlara, konfrans və konqreslərə, sərgilərə qatılırdılar. Pandemiya dövründə stomatoloqlarımızın xarici səfərləri məhdudlaşsa da, onlayn görüşlər, təlimlər keçirilir, qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Onu da deyim ki, stomatologiya sahəsinə aid dünyada baş verən ən son yeniliklər çox qısa müddətdə ölkəmizdə, o cümlədən klinikamızda tətbiq olunur. Şəxsi müşahidələrimə görə də deyə bilərəm ki, Azərbaycanda stomatologiya tibb sahəsinin ən proqressiv, ən inkişaf etmiş sahələrindən biridir. Xarici ölkələrə səfərlərim zamanı sərgilərdə ilk dəfə nümayiş etdirilən hansısa yeni avadanlığın, alətlərin və yaxud stomatoloji dərman preparatının, aradan 1-2 ay keçməmiş, respublikamızda tətbiq edildiyinin dəfələrlə şahidi olmuşam.
Son illər uşaq stomatologiyasının böyük vüsətlə inkişaf etdiyini xüsusi vurğulamaq istərdim. Əvvəllər erkən yaş dövründə uşaqlarda diş cərgəsində yaranan qüsurları aradan qaldırılmaq üçün xüsusi ortodontik aparatlardan istifadə olunurdu, bir cox hallarda bu metod effekt vermirdi və sonda yaranmış kosmetik qüsur böyük yaşlarda üz-çənə sisteminin və diş cərgəsinin həm estetik, həmdə funksional fəsadlarını yaradırdı. Nəticədə dişlər yonulur, müxtəlif mürəkkəb ortopedik konstruksiyalara və kosmetik qapaqlara ehtiyac yaranırdı. Artıq breket konstruksiya sisteminin tətbiqi yaranmış qüsurları vaxtında, asanlıqla və dişləri zədələmədən aradan qaldırmağa imkan yaradır. Beləliklə, kiçik yaşlarından başlayaraq pasiyentlərlə düzgün maarifləndirmə işləri aparılarsa, gələcəkdə dişlərin və sağlam orqanizmin bünövrəsi qoyulmuş olar. Necə deyərlər, effektiv nəticələr özünü axırda göstərər.
Müasir stomatologiyanın ən aktual sahələrindən biri də implantologiyadır. İmplant sisteminin inkişaf etmədiyi dövrlərdə pasiyentlərdə göstərişlə dişlərin çıxarılması əməliyyatı aparılırdısa, həmin çıxarılan dişin ətrafında yerləşən sağlam dişlərin ortepedik göstərişlə yonulması zərurəti yaranırdı və mütləq depulpasiya prosesi, yəni sinirin çıxarılması aparılırdı. Hazırda bir və ya iki diş çıxarılırsa və yaxud tam adentiya, yəni dişsiz çənə problemi yaranırsa, həmin hissələrə birbaşa diş implantları yerləşdirilir, üzərinə lazımi konstruksiya seçilib hazırlanır və implant abatmantların üzərinə bərkidilir. Beləliklə dişlər yonulmur, əlavə zədələnmələrin qarşısı alınır.
Yaxın gələcəkdə xarici şirkətlərlə işləyən distribüterlərin köməyi ilə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri klinikamıza dəvət etməyi planlaşdırırıq. Hesab edirəm ki, onların burada həm həkimlərimizə, həm də tələbələrimizə kurs keçmələri olduqca vacibdir. Hələ görüləsi işlərimiz çoxdur. Dünyada stomatologiya inkişaf etdikcə, biz də bu yolla gedərək fəaliyyətimizi təkmilləşdirəcəyik.