İctimai nəzarət şurasının üzvləri imtahan prosesini izləyiblər
Yanvarın 25-də Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri – Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, İctimai Nəzarət və Məsləhət Şurasının tələbə-koordinatoru, I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Orxan Təsivanlı ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar. Şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova ətraflı açıqlama verib. O bildirib ki, əvvəl fənnin kredit yükündən asılı olaraq, internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olur və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı: “Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir. Ona görə də sualların qoyuluşunda dəyişiklik etdik. Artıq testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salmışıq. Tələbələrin şikayətləri daha çox bəzi suallarla bağlı olur. Bu sualların əsaslısı da, əsassızı da var. Əgər bütün testlər düzgün, proqrama, ədəbiyyatlara uyğun yazılsa, heç apellyasiya şikayətinə də ehtiyac qalmaz".
Ü.Cəfərovanın sözlərinə görə, bir sualın səhv olması yetərlidir ki, ən azı 30 tələbə Apellyasiya Komissiyasına şikayət etsin: "Çünki proqramın xüsusiyəti elədir ki, imtahan prosesinə eyni vaxtda 100-150 tələbə qoşulur. Bu zaman hansısa səhv artıq 150 tələbə üçündür. Yaranan problem bir mənalı şəkildə tələbənin xeyrinə həll olunur".
İmtahan Mərkəzinin müdiri bildirib ki, bu semestrdən VI kursda açıq sual tipli test suallarının salınması tələbələrin işini xeyli qəlizləşdirib, onların çoxu əlaçılıqdan düşüb. Bu isə keyfiyyət dəyişikliyinin nəticəsidir.
İmtahanların gedişini izləyərkən o da məlum olub ki, artıq I kursdan tələbəyə internetdə yerləşdirilmiş sualların yalnız 5-10-u düşə bilər. Qalan suallar tələbənin dərs müddətində mənimsədiyi suallardır. Yəni əvvəllər olduğu kimi, testi əzbərləyib imtahana girmək, müəllimlə təmas yoxdur.
Əsas yeniliklərdən biri də universitetin saytına düzgün cavabı olmayan nümunəvi testlərin yerləşdirilməsidir. Cavablar İmtahan Mərkəzi tərəfindən xüsusi proqramla qarışdırılır. Bütün bunlar isə "Elektron universitet"in, Türkiyədə və başqa Avropa ölkələrində mövcud olan modul proqramın tətbiqi ilə həyata keçirilir. Müəllim avtomatlaşdırılmış tam obyektiv və şəffaf qiymət yazır. Semestrin sonuna bir gün qalmış sistem bağlanır. Bundan sonra müəllim tələbənin qiymətini, davamiyyət göstəricisini dəyişə bilməz. Eyni zamanda bu sistem vasitəsi ilə imtahan gedə-gedə toplanan balların, hətta sualların statistikasını aparmaq mümkündür.
Tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsiri vurğulanıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğu bildirilib.
Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin fikirlərini də öyrəniblər. Tələbələrdən Günel Cəfərova, Xaliq Qəhrəmanov, Aysel Əmirova, Əsgər Süleymaanov və Zeynəb Musayeva testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini deyiblər. İmtahana nəzarət qrupunun rəhbəri Pəri İsaqova, nəzarətçilərdən Nüşabə Şıxəliyeva, Pərvanə Aydınova, Aygün Kərimova imtahanın gedişində hələ heç bir problemin olmadığını, nadir hallarda rast gəldikləri köçürmyə cəhdin qarşısını vaxtında aldıqlarını söyləyiblər.
Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlara diqqət yetiriblər. ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Eldar Qasımov imtahanlar başlayandan bəri 3000-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsaslı, bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variantı göstərir, əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdırlar”.
Şuranın üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ.Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib.
İmtahan prosesinin gedişindən razı qalan şura üzvləri, burada müşahidə etdikləri yenilikləri daha geniş ictimaiyyətə çatdıracaqlarını da vurğulayıblar.