ATU-nun Elektron mikroskopiya laboratoriyası yerli və xarici elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq edir

İndiyədək 36 mindən çox elektronoqramma çəkilib

 

ATU-nun Elektron mikroskopiya laboratoriyası 2013-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqədə “Respublikada biologiya və tibb sahəsində ultrastruktur tədqiqatların müasir səviyyədə təşkili üçün Transmissiya Elektron mikroskopunun, müvafiq cihaz, avadanlıq və materialların alınması” pilot layihəsi qalib gəldikdən sonra Yaponiyanın JEOL firmasının istehsalı olan JEM-1400 Transmissiya Elektron Mikroskopu (TEM), Almaniyanın LEICA firmasının istehsalı olan Ultracut  EM UC7 markalı ultratomu, Leica EM KMR 3 markalı şüşə bıçaq düzəldəni, lazımi reaktivlər əldə edilib və laboratoriya tam gücü ilə fəaliyyətə başlayıb.

Histologiya, sitologiya və embriologiya kafedrasının müdiri, professor Eldar Qasımov bizimlə söhbətində bildirib ki, fəaliyyəti dövründə laboratoriya ATU-nun 17 kafedrası (Histologiya, sitologiya və embriologiya, I və III Cərrahi xəstəliklər, Onkologiya, Anatomiya və tibbi terminologiya, Farmakologiya, Patoloji fiziologiya, Ağız və üz-çənə cərrahiyyəsi, Mikrobiologiya və immunologiya, Otorinolarinqologiya, I Mamalıq-ginekologiya, Stomatologiya, Urologiya, Uşaq cərrahlığı, Daxili xəstəliklər, Toksikoloji kimya, Farmakoqnoziya) ilə birgə elmi tədqiqatlar aparıb. Eyni zamanda yerli elmi-tədqiqat müəssisələri – Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, AMEA Mərkəzi Nəbatat Bağı, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, AMEA Zoologiya İnstitutu, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA Botanika İnstitutu, Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası, Neft-kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində birgə elmi işlər yerinə yetirilir.

E.Qasımovun sözlərinə görə, 2018-ci ildə ATU ilə Gürcüstanın İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzi və İlia Dövlət Universiteti ilə beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb: “Müqaviləyə əsasən, bu təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin bir hissəsi ATU-nun Elektron mikroskopiya laboratoriyasında yerinə yetirilir. Hazırkı dövrə qədər göstərilən xidmətlərə görə ATU-nun hesabına 6120 dollar ödənilib. Bundan əlavə, əldə olunan elmi nəticələr əsasında ATU-nun əməkdaşları ilə birlikdə 8 elmi əsər dərc olunub ki, onlardan 5-i nüfuzlu Web of Science, PubMed, Scopus və s. beynəlxalq indeksləmə bazalarına daxil olan jurnallara (Developmental Neurobiology – İF-3,9 (Q1); Neuroscience Letters – İF-2,1; International Journal of Developmental Neuroscience – İF-2,3; Micron – İF-1,53) aiddir”.

Elektron mikroskopiya laboratoriyasının fəaliyyəti dövründə (2013-2021) 36000-dən artıq elektronoqramma çəkildiyini söyləyən kafedra müdiri qeyd edib ki, bu müddətdə yerinə yetirilən elmi-tədqiqat işlərindən əldə olunan nəticələr əsasında ümumilikdə 138-dən artıq elmi əsər (80 məqalə, 58 tezis) nəşr edilib (53-ü xaricdə). Bu elmi əsərlərin dərc olunduğu jurnalların 31-i beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə (Web of Science; Scopus, PubMed və s.) daxil olan elmi jurnallardır.

E.Qasımov onu da vurğulayıb ki, SCİmago reytinq sistemində dərc olunan siyahıya əsasən, Azərbaycan Tibb Universiteti buraya daxil edilməklə yanaşı, 2020-2021 illərdə dörd sahə üzrə indeksləşdirilməklə elmi-tədqiqat sahəsində 7533 universitet arasında 517-ci yerə yüksəlib: “Buna səbəb isə ATU əməkdaşlarının son iki ildə indekslənən bazalara daxil olan 32 jurnalda elmi-tədqiqat nəticələrinin nəşr olunmasıdır”.

Xatırladaq ki, professor Eldar Qasımov və ETM-in Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Fuad Rzayevin yerli və xarici universitetlərin alimləri ilə birgə Elektron mikroskopiya laboratoriyasında yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri SCİmago reytinq sisteminə daxil olan əlavə 20 jurnalda da dərc edilib.

Elektron mikroskopiya laboratoriyası Almaniya, Çin,  Rusiya, ABŞ, Kanada, Britaniya, Hollandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Pakistan, Koreya və digər xarici ölkələrin tanınmış alimləri ilə də sıx əməkdaşlıq edir.

Laboratoriyada ATU-nun mikrobiologiya, laboratoriya işi, dermatovenerologiya, mama-ginekologiya, üz-çənə cərrahiyyəsi ixtisasları üzrə təhsil alan 80-dən artıq rezidenti histologiya ixtisası üzrə rotasiya keçiblər. Həmin müddət ərzində rezidentlər Transmission Elektron Mikroskopun (JEM-1400) iş prinsipi ilə yaxından tanış olub, Ultramikrotomda yarımnazik və ultranazik kəsiklərin hazırlanması və boyanması metodikasını mənimsəyiblər. Həmçinin Elektron mikroskopiya laboratoriyasında elmi təcrübələrin yerinə yetirilməsində iştirak ediblər.

Qeyd edək ki, hazırda Elektron mikroskopiya laboratoriyasında bir beynəlxalq qrant layihəsi yerinə yetirilir. Bu layihə əsasında Azərbaycan tərəfdən Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti, Türkiyə tərəfdən isə Yıldız Texniki Universitetinin alimlərindən ibarət müvəqqəti yaradılmış kollektivlərin birgə təqdim etdikləri – “Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi (№ EIF-BQM-5-AzTurk-1-2018-2(32)-410)” mövzusunda elmi-tədqiqat işi həyata keçirilir.

Beləliklə, tərkibində peptid qalığı olan taclı efirlərin və antimikrobial peptid ilə modifikasiya olunmuş taclı efirlərin maqnit xassəli dəmir oksid (Fe3O4) nanohissəcikləri və biouyumlu polimer (PHPMA) ilə komplekslərin əsasında əldə edilən nanosupramolekulyar strukturların bioloji aktivliyi (histoloji və elektron mikroskopik üsullarla) ATU-da öyrənilir.