Antibiotiklərdən geniş istifadə xəstəliklərin çoxalmasına səbəb olur

 

"Mən əməliyyatları necə edirəm?" layihəsində növbəti vebinar “Furnye qanqrenası”na həsr edilmişdi

Layihənin rəhbəri, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov vebinarın mövzusunu diqqətə çatdırdıqdan sonra kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edərək rezidentlərin klinik səriştələrinin artırılması baxımından bu cür layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlərin bugünkü təqdimatdan faydalanacaqlarını əminliklə bildirərək, vebinarın işinə uğurlar arzulayıb.

Daha sonra lahiyənin təşkilat komitəsinin üzvü, Uşaq cərrahlığı kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə koordinatoru Namiq Xəlilov bu cür mühazirələrin çox faydalı olacağını vurğulayb, rezidentləri yalnız məruzəni dinləməklə kifayətlənməməyə, sual-cavab sessiyasında fəallıq göstərməyə çağırıb.Bundan sonra layihə çərçivəsində 5-ci mövzunun təqdimatı olub. I Cərrahi xəstəliklər kafedrasının professoru Saday Əliyev “Furnye qanqrenası: qədim xəstəliyin aktual aspektlərinə müasir baxışlar” mövzusunda məruzə ilə çıxış edib.

Son zamanlar klinik cərrahiyyədə yumşaq toxumaların irinli iltihabı xəstəliklərinin sayının xeyli artdığını deyən professor qeyd edib ki, bu, ilk növbədə gündəlik təcrübədə istifadə olunan antibiotiklərə qarşı mikroorqanizmlərin həssaslığının azalması ilə əlaqədardır: “Eyni zamanda, heç bir zəruri əsas, müvafiq göstərişlər olmadan əhali arasında antibiotiklərdən istifadə geniş yayılıb. Hazırda müxtəlif spektrli antibiotiklər, antibakterial preparatların klinik cərrahiyyədə geniş tətbiqinə baxmayaraq, yumşaq toxumaların irinli iltihabı xəstəlikləri zamanı ağırlaşmalar, letallıq göstəriciləri heç də azalmağa meyl etmir. Təəssüf ki, son statistikaya görə, xəstəlik bir qədər artıb. Bu baxımdan, nadir hallarda rast gəlinən xüsusi bir xəstəlik forması var. Ədəbiyyatda bunu nekrozlaşdırıcı fassitin bir formatı kimi dəyərləndirirlər. Xayalığın ildırımsürətli və ya spontan qanqrenası adlanır. Bu xəstəliyin 15-dən çox adı olsa da, ilk dəfə fransız həkim Jan Alfred Furnye tərəfindən qeydə alındığına görə “Furnye qanqrenası” adını daşıyır”.

S.Əliyev bildirib ki, bu xəstəliyin əsas xüsusiyyətlərindən biri özünü təbabətdə kritik vəziyyətlərin təzahürü kimi göstərməsidir. Onun sözlərinə görə, xəstəliyin başlanğıcı çox ağır keçir, yerli əlamətlər isə özünü gec büruzə verir: “Xəstəlik əsasən diffuz nekrozlaşdırıcı fassit şəklində başlayır. Xayalığın və aralığın səthi fassiyası iltihablaşır. Hər bir saatda təqribən 2-3 sm ətraflara doğru böyüyür. İlkin olaraq xəstəliyi diaqnozlaşdırmaq o qədər də asan olmur. Çünki bu əlamətləri bir çox digər xəstəliklər zamanı da görmək mümkündür. Bu xəstəliyi ümumi cərrahiyyədə mövcud olan bəzi patoloji hallarla, kəskin bağırsaq keçməzliyi, kəskin peritonit, qanaxma və digər xəstəliklərlə müqayisə edirlər. Müalicə taktikası operativ şəkildə, yubadılmadan, ancaq müvafiq hazırlıqdan sonra aparılmalıdır”.

Bu xəstəlikdən ölüm faizinin çox yüksək olduğunu vurğulayan professor müalicənin klinik protokollar əsasında aparılmasını daha doğru hesab etdiyini diqqətə çatdırıb. O, vaxtında düzgün diaqnoz qoyulmamasının, gecikmiş əməliyyatın müalicənin nəticəsinə neqativ təsir göstərdiyini söyləyib. Qəbul olunmuş təsnifat sistemlərinə uyğun diaqnozun qoyulmamasını da əsas problemlərdən biri kimi dəyərləndirən professor bildirib ki, diaqnozun cərrah, radioloq, endokrinoloq və digər mütəxəssislərdən ibarət komandanın iştirakı ilə dəqiqləşdirilməsi məqsədəuyğundur.

Vebinar geniş diskussiya şəraitində keçib və mövzu ilə bağlı rezidentlərin suallarına aydınlıq gətirilib.