Qaliblər ali və orta ixtisas təhsili müəssisələri arasında keçiriləcək yarışa lisenziya qazanıblar
ATU-nun İdman Kompleksində Gənclər Gününə həsr edilmiş şahmat yarışı keçirilib.
Yarış öncəsi “Təbib” idman klubunun sədri Qələndər Aslanov 25 il əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Gününün bir çox ölkələr arasında ilk dəfə Azərbaycanda qeyd edildiyini xatırladıb. O, ulu öndərin gəncliyə və gənclərə göstərdiyi etimadın prezident İlham Əliyevin qərarları ilə artıq öz təsdiqini tapdığını söyləyib. Qeyd edib ki, gənclərin mənəvi inkişafı, vətənpərvər tərbiyəsi, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir: “Gənclərlə bağlı bütün məsələlərin məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsilinə diqqəti artırmaqdır. Bu gün ölkəmizdə gənclərin inkişafı üçün atılan addımlar sayəsində Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini də məhz bu gənclərimiz təmin etdilər. Müharibədə döyüşməklə yanaşı, insan həyatını xilas edən də hərbi həkimlərimiz oldu. Onların böyük əksəriyyəti ATU-nun məzunları idi. Universitetimiz 18 şəhid verdi. Eyni zamanda ölkə üzrə 1000 nəfərə yaxın peşəkar idmançımız da müharibədə iştirak etdi, onlardan 320 nəfəri şəhidlik zirvəsinə ucaldı”.
Şəhidlərimizin xatirəsi anıldıqdan sonra təqvim planına əsasən idman tədbirlərinin ilboyu davam edəcəyini bildirən klubun sədri, tələbə idmançılarımızla birlikdə universitetimizin adını həm ölkədaxili, həm də beynəlxalq idman yarışlarında qaliblər sırasına yazdırmağa çalışacaqlarını vurğulayıb. Onu da bildirib ki, Gənclər Gününə həsr olunmuş bu yarışın qalibləri “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında martın 5-6-da keçiriləcək şahmat yarışında iştirak etmək üçün lisenziya qazanacaqlar.
Bundan sonra Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlayan yarışda ATU-nun müxtəlif fakültələrindən qızlar və oğlanlardan ibarət 24 tələbə öz gücünü sınayıb. Yarış dairəvi sistemlə keçirildiyinə görə, qaliblər 7 nəfərlə yarışaraq finala yüksəliblər. Zaur Balayev 1-ci, Cəmil Abışov 2-ci, Elvin Namazlı isə 3-cü yeri qazanıblar.
Yarışın sonunda qaliblər medal və diplomlarla təltif ediliblər.