N.Ələkbərova: “Tibbi xidmətin keyfiyyəti həkimlərin peşəkarlığından asılıdır”
Tibb xidməti sahəsində işlərin düzgün qurulması, keyfiyyətli şəkildə aparılması və effektiv nəticənin əldə olunması mürəkkəb məsələdir. Bu sahədə uğur qazanmağın bir yolu ilə tibbi marketinqin düzgün formalaşdırılmasından keçir. Bu barədə bizə müsahibəsində Azərbaycan Tibb Universitetinin ictimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova məlumat verib. Nigar xanımın sözlərinə görə, səhiyyə iqtisadiyyatı elmi məhz bu məsələləri araşdırır və tibb mütəxəssislərinə effektiv yolları təqdim edir:
“Tibb sahəsində sahibkarlığın malik olduğu spesifiklik və xüsusiyyətlər bu sahədəki xidmətlərin təbliğindən marketinqdə istifadə üçün differensiallaşdırılmış strategiyanı müəyyənləşdirir. Sahibkarlığın məhz bu növünün xüsusiyyətləri onun yüksək rəqabət şəraitində səmərəli işini əvvəlcədən müəyyənləşdirir.
Tibb sahəsində işin düzgün qurulması bu sahədəki işçilərin keyfiyyətli xüsusiyyətlərindən asılıdır. Onların sırasına həkimlərin peşəkarlığı da aiddir. Çünki həkimin peşəkarlığından yalnız tibbi xidmətin keyfiyyəti yox, həm də xəstələrin sağlamlığı (bəzən isə həyatı) asılı olur. Bu bazar seqmentində həkimlər bir növ məhsul kimi çıxış edirlər. Məhz onların zəhməti sayəsində müxtəlif tibbi məhsullar əmələ gəlir. Buna görə də ilkin müayinə, diaqnozun qoyulması və müalicə zamanı həkimlər mövcud qaydalara ciddi şəkildə əməl etməklə yanaşı, çoxsaylı müxtəlif amilləri də nəzərə almalıdırlar. Çünki ilkin müayinə zamanı üzə çıxmayan bu amillər bəlkə də xəstəliyin əlamətləri yox, birbaşa səbəbləri ola bilər. Tibbi məhsulun formalaşdırılması zamanı həkimin fəaliyyəti nəticənin, daha doğrusu baş məqsəd olan pasiyentin vəziyyətinin yaxşılaşmasına yönəlməlidir”.
N.Ələkbərova vurğulayır ki, həkimin işinin effektivliyi yalnız onun şəxsi imicinə deyil, həm də bütövlükdə işlədiyi klinikanın və ya tibb müəssisəsinin nüfuzuna birbaşa təsir göstərir. Bu məsələdə müştəri məmnuniyyətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir, ona görə də klinikanın müştəriləri, ziyarətçilər və xəstələrin psixoloji narahatlığını azaltmağa yönəlik tədbirlər görülməlidir. Axı səmimi söhbət zamanı xüsusi psixoloji yanaşma adətən insanlardakı stressi aradan qaldırmağa kömək edir:
“Tibb müəssisələrində dövlət və özəl klinikalar birgə, müştərək formada fəaliyyət göstərə bilirlər. Müəssisənin məlumatlarının idarə edilməsi özünəməxsus yanaşma tələb edir - inkişafın strateji planlaşdırılması və rəqabət qabiliyyətinin hesablanmasında seqment düzgün müəyyənləşdirilməli və bazar şərtlərinə əməl edilməlidir. Bu, bütün marketinq və analitik proseslərin əsaslandığı bir məqamdır”.
Müsahibim N.Ələkbərova mövzu ilə bağlı belə bir məsələyə də diqqət yetirməyi vacib bilir: Hansısa bir reklam kampaniyası hazırlayarkən bu sahədəki rəqiblər haqqında məlumatlı olmaq, onların sahib olduğu bazar payı barədə, istehlakçıların ehtiyacı, mövcud seqmentdə hansı səviyyədə olması yerləşmə haqqında etibarlı məlumatlar həm vaxta deyil, həm də vəsaitlərə qənaət edə bilər. Onun sözlərinə görə, səhiyyə sektorunda effektiv və keyfiyyətli təbliğatın aparılması üçün müxtəlif növ və formalarda marketinq strategiyaları mövcuddur. Effektiv marketinq nəticəsində müxtəlif amilləri və riskləri nəzərə almaq şərtilə hazırlanan uzunmüddətli və yüksək keyfiyyətli marketinq planı ortaya çıxır:
Tibbi marketinqin hansı növləri önəmlidir?
“Gəlin, tibbi marketinqin bəzi növləri haqqında ən vacib məqamları gözdən keçirək. İlk olaraq marketinqin ən əsas növü – təşkilat marketinqindən başlayaq. Marketinqin bu növü ümumilikdə bütün səhiyyə müəssisəsinin təbliğini nəzərdə tutur. Konkret bir məhsul formasında təqdim olunan bu marketinq nəticəsində yaxşıca formalaşdırılmış və tanınmış brend də ortaya çıxa bilər. Qeyd edək ki, dayanıqlı brendin formalaşdırılması – uzun müddət tələb edir. Şirkət bu müddət ərində bazardakı boşluğu doldurmaqla öz yerini isbatlamış olur.
Digər növ - mütəxəssislərin tibbi marketinqi: bu sahədə brendin formalaşdırılması üçün imicin yüksəlməsinə yönələn tədbirlər görülməlidir. Bu məsələdə tibbi müəssisə və pasiyentlər arasında əsas bənd qismində həkim çıxış edir. Mütəxəssislərin marketinqi klinikada çalışan həkimlərin nüfuzunun və ixtisasının artırılmasına yönəlib. Çünki adətən pasiyentlər konkret həkimin uğurlunu bütünlükdə müəssisənin (klinikanın) uğuru ilə eyniləşdirirlər. Elə həkim seçərkən də, adətən tanışların fikirlərinə və internetdə oxuduqları rəylərə əsaslanırlar.
Məkanın marketinqi: bu marketinq növü konkret yerlərdə fəaliyyət göstərən və xəstələrin tezliklə sağalması üçün çalışan müxtəlif sanatoriyalar, ixtisaslaşmış müalicə təşkilatları üçün uyğundur. Kurort və sanatoriya müəssisələrinin rekreasiya xüsusiyyətləri stressin aradan qaldırılmasına, istirahətə, müalicəyə və bədənin tarazlığının bərpasına kömək etməlidir.
İdeyaların tibbi marketinqi: Tibbi xidmətlər sahəsində bu, klinika əməkdaşlarının hazırladığı innovativ müalicə üsulları, və ya hansısa zonada əlçatanlığı problem olan laboratoriya testlərinin təbliği ilə əlaqədar ola bilər”.
Azərbaycan Tibb Universitetinin ictimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova qeyd edir ki, informasiya texnologiyalarının tərəqqisi və sürətli inkişafı sayəsində bu gün hədəf auditoriyasına müxtəlif yollarla çatmaq mümkündür:
Tibbi marketinqdə populyar tendensiyalar
“Son illərdə tibbi marketinqdə sürətlə populyarlaşan tendensiyalar sırasında bunları qeyd etmək olar: Instagram – burada tibbi xidmətləri reklam etmək, “Story” bölməsində və ya canlı yayımda məlumatlar paylaşmaq olar; “VoiceCall” texnologiyaları və ya Whatsapp üzərindən həkimlə uzaqdan məsləhətləşmələr; Youtube – müayinə, diaqnostika və əməliyyatların videolarının paylaşılması; Facebook – aktiv şəkildə məsləhətləşmələr, çat söhbəti və s. kimi alətlər getdikcə böyük populyarlıq qazanır.
Tibb sahəsinin texnoloqları müxtəlif marketinq texnologiyalar və üsullarından istifadə etməklə müştəri bazasının əhatə dairəsini artırırlar. Hələlik yerli bazarda bu sahədə nümunələr o qədər də çox olmadığına görə, bir neçə beynəlxalq misal çəkmək istərdim. Məsələn, Carilion klinikasının Twitter şəbəkəsində yaratdığı #YESMAMM heşteqi ilə başlatdığı kampaniya böyük əks-səda doğurmuşdu. Bu heşteq altında istifadəçilər süd vəzisinin xərçəngi ilə bağlı istənilən sualı mütəxəssislərə ünvanlayır, klinikada müayinəyə yazılırdılar, və ya sadəcə bu cür xəstələri dəstək məqsədilə kampaniyanı izləyirdilər.
Digər nümunə - “United Healthcare” təşkilatının “We Dare You To...” (Sizə meydan oxuyuruq...) devizi ilə onlayn məsləhətlər, təklif ediblər. Hər ay təşkilatın veb saytındakı sorğular, müsabiqələr formasında interaktiv kampaniya aparılıb, sağlam həyat tərzi ilə yanaşı, həm də təşkilatın özü brendini tanıdıb.
Mütəxəssis bildirir ki, müasir dövrdə mobil tətbiqlərdən də geniş istifadə olunur. Dünyada daha çox istifadəçi internetə mobil cihazlar vasitəsilə qoşulur. Məsələn, ürək-damar sahəsi ilə məşğul olan klinika sağlamlıq gündəliyi formasında tətbiq hazırlatdıra bilər. Bura istifadəçilər gündəlik durumları – təzyiq, ürək ritmi, nəbzin göstərişləri və digərlərini yaza bilərlər. Düzdür, bu cür tətbiqin yaradılması müəyyən maliyyə vəsaiti tələb edir, amma çox effektiv marketinq üsuludur.
Digər bir üsul – xidmət səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təklif çox olduğuna görə, artıq pasiyentlər təkcə tibbi xidmətlərin keyfiyyətinə yox, həm də öz rahatlıqlarına önəm verirlər. Ona görə də klinikanın işini təşkil edərkən, işçiləri yığarkən bu məsələni diqqətə almaq olar. Nəzərə almaq lazımdır ki, əgər pasiyentə ona uyğun olmayan vaxtda müayinəyə gəlmək təklif olunsa, o, çox güman digər klinikaya üz tutacaq. Elə klinika daxilində də xəstənin özünü rahat hiss etməsi üçün yaxşı şərait yaratmaq lazımdır. Bura əməkdaşların davranışı, mehriban münasibət, təmizlik, interyer və s kimi məqamlar aiddir. Bütün bunlar görülən işlərə və qurumun imicinə təsir göstərir.
Həmsöhbətimiz sağlamlıq üçün qadjetlərdən də söz açıb. Onun sözlərinə görə, bu müasir rahat qurğular bütün dünya üzrə çoxsaylı pasiyentlərə imkan verir ki, həkimə getmədən öz durumunu nəzarət etsinlər. Artıq qərb səhiyyəsində belə metoddan gen-bol istifadə olunur. İndi bu cür qadjetlərin istehsalçıları iri klinikalarla əməkdaşlıq edirlər. Klinikada həkim öz xəstəsinə konkret firmanın fitnes-qolbağını təklif edir, bununla da həm pasiyentin puluna, vaxtına qənaət edir, o da yenidən həkimə getmək məcbur olmur:
“Əslində, effektinə görə bu tip marketinqi əvəzləyəcək yeni nəsə tapmaq çətindir. Paradoksal olsa da, istehsalçılarla klinika arasında belə əməkdaşlıq hər iki brendin reklamıdır, onların nüfuzuna yaxşı təsir edir və son nəticədə effektiv marketinq üsulu kimi dəyərləndirilə bilər.
Son dövrlərdə inkişaf edən daha bir sahə də - teletibbdir. Müasir kommunikasiya kanalları vasitəsilə pasiyentlər məsafədən həkim məsləhəti ala bilirlər. Ekspertin fikrincə, bu məsələ yaxın gələcəkdə çoxsaylı pasiyentlərin öz vaxtına qənaət etməsinə imkan yaradacaq. Bu, xüsusilə də iri şəhərlərin, meqapolislərin sakinləri üçün aktualdır. Onlar analiz cavanın əldə etmək, həkim məsləhəti almaq üçün şəhərin bir başında digərinə getmək məcburiyyətində qalmayacaqlar. N.Ələkbədorva bildirir ki, artıq tibbi marketinq növləri arasında teletibb getdikcə daha çox tibb müəssisəsini əhatə edir:
“Xatırladım ki, COVID-19 pandemiyasının ən gərgin dövründə həkim çatışmazlığını aradan qaldırmaq üçün məhz telesəhiyyənin köməyilə uzaqdan məsləhət sistemi tətbiq olunurdu.
Yekunda onu da deyim ki, tibb sahəsində tətbiq olunan marketinq texnologiyaları özəl və dövlət şirkətlərini artıq dayanıqlı tanınmış brend səviyyəsinə çıxara bilər”.