Yuxarı tənəffüs yollarının bakteriyaları növbəti seminarın mövzusu olub

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında ənənəvi seminarlar davam edir. Fevralın 9-da “Yuxarı tənəffüs yollarının materiallarının bakterioloji dəyərləndirilməsi və törədici təyinetmə” mövzusunda növbəti seminar keçirilib. Seminardan öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov Mikrobiologiya kafedrasında və laboratoriya şöbəsində də bu seminarların həmişə yüksək səviyyədə aparıldığını deyib.

O, tənəffüs yolları xəstəliklərinə düzgün diaqnozun qoyulmasında pulmonoloqlarla yanaşı, mikrobioloqların, laboraroriya sahəsində çalışan mütəxəssislərin də yaxından iştirak etdiyini bildirib. Bu nöqteyi-nəzərdən dünyada tüğyan edən pandemiya vəziyyətində laboratoriyaların, xüsusilə mikrobioloji laboratoriyaların rolundan danışıb.

Laboratoriya şöbəsinin müdiri, t.ü.f.d Yavər Hacısoy seçilən mövzunun aktuallığını və davamlı təhsilin əhəmiyyətini vurğulayıb.

Bundan sonra TCK-nın Klinik-diaqnostik laboratoriyasının rezidenti Ülfət Əskərzadənin mövzuya dair məruzəsi dinlənilib.

Həkim-rezident Ü.Əskərzadə yuxarı tənəffüs yollarının normal mikroflorası (son terminologiyaya görə mikrobiota), mikroflora nümayəndələri arasında tarazlığın pozulma mexanizmi və tarazlığın pozulmasına şərait yaradan amillər, mikrobioloji dəyərləndirmə üçün nümunələrin götürülmə qaydaları, xəstəxanadaxili (nozokomial) infeksiyaların mikrobioloji dəyərləndirilməsi haqqında şərhlərini seminar iştirakçıları ilə bölüşüb.

O, yuxarı tənəffüs yollarının şərti-patogen olan neyseriyalar, hemolitik və qeyri-hemoltik streptokoklar, hemofiluslar, difteroidlər və anaerob bakteriyalardan təşkil olunduğunu diqqətə çatdırıb: “Flora kommensial və opportunistik bakteriyalardan ibarətdir. Əlverişsiz şəraitdə balansın pozulması opportunistik bakteriyaların artmasına və yuxarı tənəffüs yollarının infeksion xəstəliklərinə səbəb olur”.

Məruzəçi son dövrlərdə xəstəxanadaxili infeksiyaların əhəmiyyətli iştirakçısı olan metisillinə davamlı stafiolokoklar (Methicillin-resistant Staphylococcus aureus-MRSA) haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, burunda MRSA daşıyıcılığının təyini nozokomial infeksiyaya nəzarətin əhəmiyyətli hissəsidir. Məruzəçinin sözlərinə görə, əsnək nümunələri səbəbi bilinməyən boğaz ağrısı, faringit, tonzillit törədicilərinin təyini üçün istifadə olunur. Rutin bakterioloji laboratoriyalarda əsnək nümunələrinin kultivasiyası ilə əsasən Streptococcus pyogenes təsbit edilir.

Seminarın sonunda məruzəçi mövzuyla bağlı ona ünvanlanan sualları da cavablandırıb.