ATU-nun Tədris Terapevtik Klinikasında növbəti seminar keçirilib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə "Osteogenesis imperfecta" (Natamam osteogenez) mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən klinikanın pediatriya şöbəsinin həkim-rezidenti Şükürlü Rəfiqə xəstəlik və müalicə metodları haqqında ətraflı məlumat verib.

Həkim bildirib ki, osteogenesis imperfecta osteoporozun ən çox yayılmış genetik səbəbi olub, birləşdirici toxumanın generəlizə olunmuş xəstəliyidir. Bətndaxili dövrdə inkişaf edən letal formalardan başlayaraq, yetkin yaşlarda aşkarlanan yüngül formalara qədər mövcuddur: "Tip 1 kollagenin kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində baş verir. Tip 1 kollagen dəri və sümük ekstrasellular matriksinin əsas komponentidir. Patologiya zamanı sümük matriksində defektiv tip 1 kollagen, çoxlu 3 və 4 tip kollagen olur. Sümük hüceyrələrində anormal osteoblast differensiasiyası və sümüyü rezorbsiya edən osteoklastların aktivliyinin artması qeyd olunur. Sümüklər yüngül zədədən qırılır. Ağır formalarda uşaqlar çoxsaylı sınıqlarla dünyaya gəlir. Sınıqlarla yanaşı mavi sklera, karlıq da ola bilər".

R.Şükürlü qeyd edib ki, ölkəmizdə də bu xəstəliyə çox rast gəlinir.

"Xəstəliyin bir neçə tipi var. Tip 1-yüngül, Tip 2-perinatal letal, Tip 3-ağır, proqressiv deformasiya edici, Tip 4-orta ağır və s. Natamam osteogenez xəstəliyi genetik xəstəlik olduğuna görə müalicə ancaq simptomatik üsulla aparılır. Bura ştift ilə osteosintez, fizioterapiya, bifosfonat terapiyası, vitamin D3 və kalsiy preparatları daxildir"

Müalicə zamanı ortopedik nəzarətlə yanaşı, fiziki reabilitasiyanın da effektiv olduğunu vurğulayan həkim bildirib ki, bəzi hallarda boy hormou ilə müalicə sümük histologiyasına müsbət təsir edir: "Bisfosfonatlarla müalicə effektivdir. Pamidronat intra venoz şəkildə 2-3 il ərzində periodik təkrarlanan kurslarla verilə bilər. Bəzi tədqiqatlara görə bu müalicə sınıqları azaltmasa da sümük ağrılarını azaldır, həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir, eləcə də sümük sıxlığının artmasına və fəqərəarası məsafələrin azalmasına səbəb olur".

Sonda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.