Rektor, professor Ahmet Kızılay: “Hazırda dünyada ikinci yerdəyik, amma hədəfimiz birinci olmaqdır”
Fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin İnönü Universitetinin birgə təşkilatçılığı ilə VII “Bakı-Malatya Orqan transplantasiya günləri” onlayn konfransı öz işinə başlayıb. ATU-nun professoru Nuru Bayramov və İnönü Universitetinin professoru Burak İşıkın moderatorluğu ilə başlanan bu mötəbər konfransda açılış üçün söz ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə verildi.
Rektor ənənəvi hal almış bu tədbirin iştirakçılarını salamlayaraq, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi: “Bizim müttəfiqliyimiz, deyərdim ki, artıq dünyada bir örnəyə çevrilib. Bizim universitetlə İnönü Universiteti və eləcə də Qaraciyər Nəqli İnstitutu (QNİ) arasındakı çoxillik əlaqələr də bu münasibətlərin bir nümunəsidir. Bildiyiniz kimi, bizim əlaqələrimiz 2010-cu ildən qurulub. İnstitutun direktoru, professor Sezai Yılmazın rəhbərliyi ilə həkim briqadası ölkəmizə gələrək, qaraciyər transplantasiya əməliyyatlarını həyata keçirməyə başlayıb. 2012-ci ildə İnönü Universitetinin sabiq rektoru, professor Cemil Çelik ilə ATU-nun sabiq rektoru, akademik Əhliman Əmiraslanov tərəfindən saziş imzalandı və bununla da iki universitet arasında əməkdaşlıq rəsmiləşdirildi. 2018-ci ildə isə İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay Bakıya təşrif gətirdi və müqaviləmiz yeniləndi. Hazırda istər İnönü Universiteti, istərsə də Qaraciyər Nəqli İnstitutu ilə əlaqələrimiz yüksək səviyyədədir. Elmi və praktiki istiqamətdə əməkdaşlığımız təqdirəlayiq şəkildə davam edir. 2015-ci ildən başlayaraq, hər il fevral-mart aylarında professorlar Sezai Yılmaz və Nuru Bayramovun həmsədrliyi ilə “Bakı-Malatya Orqan transplantasiya günləri” adlı beynəlxalq konfrans keçirilir. Hazırda Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə 4 doktorluq dissertasiyaları ya tamamlanıb, ya da son mərhələdədir. İnstitutda, həmçinin hər il beynəlxalq tədris kursları keçirilir. Bu kurslarda gənc transplantoloqlar, tibb bacıları iştirak edir. Bu kursların birində eyni gündə 5 canlı qaraciyər transplantasiyası əməliyyatı icra olundu. Bu əməliyyat Ginnesin Rekordlar Kitabına daxil olub. Həmin əməliyyatda ATU-nun əməkdaşları da iştirak edib. İndiyədək ölkəmizdən 15-dən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1 aydan 12 ayadək ixtisasartırma kursları keçib”.
Professor G.Gəraybəyli ATU-nun keçirdiyi yubiley konfranslarında İnönü Universitetinin əməkdaşlarının aktiv iştirak etdiyini və əlaqələrin günü-gündən geniş vüsət aldığını da bildirib. O, ATU-nun sonuncu Elmi Şurasında professor Sezai Yılmazın “Qonaq professor” fəxri adına layiq görüldüyünü qeyd edib. Bu münasibətlə həm öz adından, həm də universitetimizin professor-müəllim heyəti adından S.Yılmazı təbrik edib. Rektor iki universitet arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Sonra İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay çıxış edib: “2018-ci ildə ATU-nun hörmətli rektoru, professor Gəray Gəraybəyli ilə müqaviləni yenilədik. Diqqətinizə çatdırım ki, İnönü Universiteti Türkiyənin sağlamlıq sahəsində ən qabaqcıl universitetlərindəndir. Qaraciyər nəqlinin ilk dəfə 2002-ci ildə Sezai Yılmazın rəhbərliyi ilə həyata keçirilməsinə başlanılıb. 20 ildir ki, qaraciyər nəqli əməliyyatı xəstəxanamızda uğurla icra edilir. Bu günədək 3200-dən çox qaraciyər nəqli olub. Ötən il isə xəstəxanamızda 231 qaraciyər nəqli əməliyyatı aparılıb. Bununla da Türkiyə və Avropada 1-ci, dünyada isə 2-ci yerdə qərar tutmuşuq. Hədəfimiz isə dünyada 1-ci yerə yüksəlməkdir, yəni ildə 500 qaraciyər nəqli etmək. Xəstəxanamızda hər cür şərait var. Beynəlxalq əlaqələrimiz də hər il genişlənməkdədir. Hazırda dünyanın 20 ölkəsindən olan mütəxəssislər qaraciyərlə bağlı təcrübələrini artırmaq üçün bizimlə əməkdaşlıq edir. Bildiyiniz kimi, ATU ilə sıx əməkdaşlığımız mövcuddur. Professor Nuru Bayramovu təkcə ATU-nun müəllimi deyil, həm də İnönü Universitetinin müəllimi kimi qəbul edirik. 5 qaraciyər nəqli aparılan əməliyyatın Ginnesin Rekordlar Kitabına düşdüyünü hamımız bilirik. N.Bayramov həmin əməliyyatların birinə rəhbərlik edirdi. Əlaqələrimiz hər il daha da dərinləşir”.
Çıxışlardan sonra konfransın elmi hissəsinə start verilib. Dr. Kutay Sağlamın “İntrahepatek (periferal) xolangiokarsinomlarda cərrahi müalicə”, professor Sezai Yılmazın “Hilar xolangiokarsinomlarda rezeksiya-qaraciyər transplantasiyası”, professor Tevfik Tolga Şahinin “Ksenotransplantasiyada son aktual təcrübələr”, dr. Elvin İsazadənin “Kök hüceyrə transplantasiyasında təcrübəmiz”, t.ü.f.d Təranə Bayramovanın “Qaraciyər transplantasiyası və hamiləlik”, dos. Dr. Volkan İncenin “HCC və qaraciyər transplantasiyasında expondinq kriteriyalar”, t.ü.f.d Anar Namazovun “Böyrək transplantasiyasında 7 illik nəticələrimiz”, dos. dr. Koray Kutlutürkun “Hepatik arteriya rekonstruksiyasında extraanatomik yanaşmalar: Splenik arteriya və ya sol qastrik arteriya ilə qoyulan hepatik arteriya anastomazları” mövzularında məruzələri maraqla dinlənilib.
Konfrans işgüzar şəraitdə, sual-cavablarla öz işini başa çatdırıb.