“Mən ön kolporafiya, levatoroplastika əməliyyatını necə edirəm?” mövzusunda vebinar keçirilib
"Mən əməliyyatları necə edirəm?" layihəsi çərçivəsində növbəti vebinar keçirilib. Tədris Cərrahiyyə Klinikasında baş tutan tədbiri layihənin rəhbəri, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov açaraq vebinarın mövzusunu diqqətə çatdırıb.
Klinikanın direktoru, professor Surxay Hadıyev bu cür ənənəvi vebinarların əvvəllər də keçirildiyini, amma professor Məlahət Sultanovanın Rezidentura və magistratura şöbəsinə rəhbərliyi dövründə daha da intensivləşdiyini vurğulayıb. Qeyd edib ki, artıq öz sahəsində püxtələşmiş, tanınmış mütəxəssislərin cərrahi əməliyyat təcrübəsini rezidentlərlə bölüşməsi bir məktəbdir: “Bunları kitablarda tapmaq mümkün deyil. Standartdan kənar hallarla rastlaşanda, ancaq şəxsi təcrübə köməyə gəlir. Cərrahiyyə əl işidir. Cərrahiyyədə kimin başı əlindən qabaqda işləyirsə, o, yaxşı cərrahdır. Əməliyyatın düşünülməsi, planlaşdırılması, texnologiyası, gedişatında yaranan fəsadlar və onların qarşısını almaq, əməliyyatdan sonra xəstəyə necə qulluq etmək səriştəsi təcrübədə qazanılır”.
Qarşılıqlı təcrübə zamanı öyrənən tərəfin də hazırlıqlı olmasının vacibliyinə toxunan professor S.Hadıyev, klinikanın rəhbərliyi adından təşkilatçılara minnətdarlığını bildirib və vebinarın işinə uğurlar arzulayıb.
Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov və Uşaq cərrahlığı kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə koordinatoru Namiq Xəlilov da çıxış edərək nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsi baxımından bu cür layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Bundan sonra layihə çərçivəsində I Cərrahi xəstəliklər kafedrasının dosenti Solmaz İmanovanın “Mən ön kolporafiya, levatoroplastika əməliyyatını necə edirəm?” mövzusunda məruzəsi dinlənilib. İlk növbədə mövzunun aktuallığına diqqət çəkən məruzəçi inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda əhalinin bütün yaş kateqoriyaları arasında çanaqdibi orqanlarının patologiyası, onların sallanma sindromunun geniş yayıldığını bildirib. Onun sözlərinə görə, cərrahi müalicə üsullarının seçilməsinin çətinlikləri, cərrahi müalicənin əlverişli nəticələrinə rastgəlmə tezliyinin qənaətbəxş olub-olmaması, cərrahi ağırlaşmaların yüksək başvermə göstəriciləri, xəstələrin tibbi-sosial reablitasiya müddətinin aylarla davam etməsi, əmək qabiliyyətinin enməsi və yaxud itməsi, həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi bu konseptual problemin əsas amillərindəndir.
S.İmanova qeyd edib ki, hamiləlik keçirmiş qadınlarda daha çox rast gəlindiyi üçün bu patologiya ciddi tibbi-sosial problem kimi qiymətləndirilir: “Bu problem xəstələri həm fiziki-sosial və mənəvi əzablara düçar edir, həm də onların cəmiyyətdən təcrid olunmasına səbəb ola bilir. Bu patologiyadan əziyyət çəkən hər 3 xəstədən biri urodinamik, 2-sindən biri isə defekasiya pozğunluqları ilə rastlaşır”.
S.İmanova bu patologiyanı əmələ gətirən əsas faktorları da diqqətə çatdırıb: “Birləşdirici toxumanın çatmazlığı, anadangəlmə displaziyalar, çoxsaylı doğuşlar, doğuş travmaları, müvafiq bölgədə travmalar və cərrahi əməliyyatlar patologiyanın yaranmasına səbəb olur. Eyni zamanda qarındaxili hipertenziyaya səbəb olan bir çox amillər (ağır fiziki iş, xroniki qəbizlik, ağciyər xəstəlikləri və s.) çanaq dibinin əzələ-bağ aparatının zəifləməsi ilə nəticələnir”.
Məruzəçi çanaq dibinin sallanması sindromu ilə bağlı olan sistosele və rektosele patologiyaları haqqında da ətraflı məlumat verərək bu patologiyaların müayinə üsullarından, aradan qaldırılması yollarından, illərlə apardığı təcrübənin maraq doğuran məqamlarından söhbət açıb. Bildirib ki, əsas müayinə üsullarından biri Defekoqrafiya (evakuasion proktoqrafiya) - defekasiya prosesinin rentgenoloji müayinəsidir. Bu müayinə üsulu vasitəsilə qadınlarda ən çox rast gəlinən, xüsusən də doğuşdan sonra xanımların əziyyət çəkdiyi rektosele, çanaq dibinin sallanma dərəcələri, düz bağırsağın selikli qişasının prolapsı və invaginasiyası kimi problemlər dəyərləndirilir.
Xatırladaq ki, bu müayinə üsulu ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2014-cü ildən tətbiq olunur.
Vebinarın sonunda mövzu ilə bağlı rezidentlərin sualları cavablandırılıb.