“Müəllimin vəzifəsi soruşmaq, incitmək, sıxmaq deyil, öyrətməkdir”

ATU-da tədris prosesinin yeni səviyyəyə qaldırılması Böyük Elmi Şuranın növbəti iclasında diqqət mərkəzində olub

 

Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra “Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” barədə Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevin hesabat məruzəsi dinlənilib.

Ölkə başçısı İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilimizin, pedaqoji elmimizin inkişafında yeni bir mərhələ açdığını vurğulayan S.Əliyev bu günlərdə Azərbaycan Tibb Universitetinin tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsini qürurverici bir hadisə kimi dəyərləndirib. Bu münasibətlə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin bir qrup universitet əməkdaşı ilə görüşü zamanı akkreditasiya prosesinin əhəmiyyəti haqda danışdığını bildirib: “Rektor ali məktəbin beynəlxalq nüfuzu üçün mühüm önəm kəsb edən akkreditasiyanın uğurla keçməsi münasibətilə universitet əməkdaşlarını təbrik edib, bu prosesin layiqli şəkildə sona çatdırılmasında əməyi olan hər kəsə təşəkkürünü çatdırıb. Görüşün sonunda ATU-nun beynəlxalq akkreditasiya prosesinə hazırlıq və proqramların özünütəhlil hesabatlarının hazılanmasında fərqlənən universitet əməkdaşları təşəkkürnamə ilə təltif olunub”.

S.Əliyev 2020/2021-ci tədris ilindən Ali təhsilli tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya, magistratura səviyyəsi üzrə isə Səhiyyə sahəsində menecment və Klinik psixologiya ixtisasları üzrə də qəbul aparıldığını deyib: “Bununla yanaşı, mövcud ixtisaslarn yeni tədris ili üçün standartı hazırlanıb və təsdiq edilib. Belə ki, yeni standartlarda cərrahi və terapevtik yönlü fənlərin profilləşməsinə üstünlük verilib, həm də bəzi fənlərin standartdan çıxarılması, bəzi yeni fənlərin əlavə olunması nəzərdə tutulub ki, bu da kafedralarda struktur dəyişikliklərinin aparılması zərurətini yaradıb”.

Hesabat məruzəsində cari tədris ilinin payız semestrinin imtahan sessiyasının ayrı-ayrı fakültə və kurslar üzrə nəticələri də öz əksini tapıb: “İmtahan sessiyasını 6331 nəfər tələbə müvəffəqiyyətlə başa vurub. Onlardan 958 nəfər (14.4%) sessiyanı “əla” qiymətlərlə, 3534 nəfər (53.2%) “əla” və “yaxşı” qiymətlərlə, 1839 nəfər (27.7%) qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə 303 nəfər (4.5%) tələbənin akademik borcu (F) qalıb. Onlardan 217 nəfərin yalnız 1 fəndən, 45 nəfərin 2 fəndən, 41 nəfərin 3 fəndən akademik borcu var”.

Məruzəçinin sözlərinə görə, rektorun əmri ilə payız semestrinin imtahan sessiyası dövründə virtual test mərkəzində aparılan imtahanlarda kafedraların müdirləri və digər əməkdaşları iştirak etməli idi: “Lakin heç də bütün kafedra müdirləri və əməkdaşları imtahanın gedişində iştirak etmədi. Əgər iş belə davam edərsə, gələcəkdə kafedralara ayrılan dərs yükündə müəyyən korrektələr olunacaq. Yəni saatlar yalnız testlərin hazırlanmasına və yenidən işlənilməsinə veriləcək. Bu da ola bilər ki, bir sıra kafedraların dərs yükünə mənfi təsir göstərsin. Düşünürəm ki, heç də bütün kafedralarda çalışan professor-müəllim heyəti tələbələrin gündəlik bilik səviyyəsinin təyin olunmasına eyni meyarlarla yanaşmır. Tələbələrin də qeyd etdiyi kimi, aşağı kurslarda gündəlik sorğularda qiymətlər “qısqanclıqla”, yuxarı kurslarda isə “əliaçıqlıqla” yazılır. Bütün bu halları aradan qaldırmaq və ortaq nöqtəni tapmaq üçün ayrı-ayrı təcrübəli müəllimlərin iştirakı ilə kredit sistemi ilə tədrisin təşkilinə, biliyin qiymətləndirilməsinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsinə və digər universitetlərin də professor-müəllim heyətini dəvət etməklə qabaqcıl təcrübənin öyrənilməsinə böyük ehtiyac var”.

İmtahanların kompyuterlərlə aparılmasının obyektivlik və şəffaflığın təmin olunması, tələbələr üçün bərabər şəraitin yaradılması, subyektiv təsirlərin aradan qaldırılması, ictimai rəyin müsbət istiqamətdə dəyişməsi baxımından fərqləndiyini söyləyən prorektor, eyni zamanda test üsulunun təkmilləşdirilməsinə də böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Onu da vurğulayıb ki, testlərin düşündürücü olması, tapmaca, əzbərləmə elementlərinin aradan götürülməsi, ilbəil məxfi sualların artırılması, semestr boyu isə təməl və ixtisas fənləri üzrə peşə fəaliyyəti üçün vacib olan bilik və bacarıqların mənimsənilməsi təmin edilməlidir.

S.Əliyev universitetimizin reytinqinə görə ölkə universitetləri arasında yüksək yer tutduğunu məmnunluqla xatırladıb. Bunu sübut edən faktorlardan biri kimi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin ATU-nu seçməsini göstərib.

Çıxışında Apellyasiya Komissiyasının fəaliyyətinə də geniş yer ayıran prorektor qeyd edib ki, komissiyaya daxil olan şikayətlərin xeyli hissəsinin əsaslı olması təəssüf doğurur: “Səbəblər içərisində birinci yeri yenə də kafedralarda tərtib olunan testlərdə buraxılan texniki səhvlər tutur. Apellyasiya zamanı müraciətlərin əksər hissəsinin təsdiqlənməsi bəzi kafedralarda testin hazırlanmasında müəyyən nöqsanlara yol verildiyini göstərir. Ona görə də həmin kafedraların müdirləri, ekspertlər gələcəkdə bu məsələlərə daha diqqətli yanaşmalıdırlar”.

Hesabatda tələbələrin, dinləyicilərin və rezidentlərin ölkələr üzrə statistikası da açıqlanıb. Elmi Şura üzvlərinin nəzərinə çatdırılıb ki, universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə müvafiq dekanlıq təhsil sahəsində dünyanın müxtəlif ölkələri və unversitetləri ilə əlaqələri genişləndirir: “Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ildən-ilə artır. Tədrisin ingilis dilində aparılması xarici ölkə vətəndaşlarının universitetimizə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir”.

Professor Sabir Əliyev kafedraların maddi-texniki bazasının ilbəil yaxşılaşması, yeni dərsliklərin və dərs vəsaitlərin nəşr edilməsi, eləcə də professor-müəllim heyətinin keyfiyyətcə yenilənməsinə baxmayaraq, qarşıda hələ bir sıra mühüm vəzifələrin durduğunu söyləyib, yeni semestrin universitet kollektivi üçün daha uğurlu olacağına əminliyini bildirib.

Bundan sonra çıxış edənlər hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Eldar Qasımov komissiyanın fəaliyyəti haqqında şura üzvlərinə məlumat verib. O, komissiyanın tərkibinə daxil edilən işçilərin əksəriyyətinin müxtəlif səbəblərdən apellyasiyada iştirak etməməsinin böyük problem yaratdığını deyib. E.Qasımov müraciətlərin həddindən artıq çox olmasına, açıq testlərin qiymətləndirilməsində müəyyən çətinliklərin yaranmasına baxmayaraq, prosesi uğurla apara bildiklərini söyləyib və gələcəkdə komissiyanın tərkibini yeniləməyi təklif edib.

Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova aralıq qiymətləndirmə zamanı bəzi çətinliklərlə üzləşsələr də, imtahan prosesində problemin öz həllini tapdığını, kafedraya aid 200-dən çox apellyasiya müraciətinin cəmi 3-nün əsaslı olduğunu bildirib.

ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini Aidə Bəndəliyeva İmtahan Mərkəzində keçirdikləri reydin nəticələrindən danışıb. İmtahan prosesinin çox rahat, şəffaf keçdiyini, burada tətbiq olunan yeniliklərin digər ali məktəblərdə də tətbiq olunması təşəbbüsü ilə çıxış edəcəklərini vurğulayıb.

Məruzə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən rektor tədris prosesini daim diqqətdə saxlamağın vacibliyini nəzərə çatdırıb.Tədris prosesinin təşkilində əsas işin kafedra müdirlərinin üzərinə düşdüyünü vurğulayan G.Gəraybəyli qeyd edib ki, dərsin gedişatı, keyfiyyəti, metodologiyası, qiymətləndirilməsi, testlərin hazırlanması və imtahanların keçirilməsinə böyük məsuliyyətlə yanaşılmalıdır. Apellyasiyanın böyük əmək, eyni zamanda əsəb tələb edən bir proses olduğunu xatırladan universitetin rəhbəri müvafiq qurumlara qısa müddətdə Apellyasiya Komissiyasının tərkibini yeniləməyi tapşırıb. Əgər zərurət yaranarsa, komissiya üzvlərinin sayını artırmağı, tərkibə texniki işçilərin, mütəxəssislərin əlavə olunmasını, bu haqda əsasnamə hazırlanmasını tövsiyə edib.

Universitetimizin beynəlxalq akkreditasiyadan keçməsi kimi ciddi bir hadisə haqqında təbii olaraq çox danışıldığını söyləyən rektor, bu uğurumuza kölgə salmağa çalışanların da olmasından təəssüfləndiyini deyib: “Bəzi adamların bu əlamətdar hadisəni gözdən salmaq cəhdlərinə baxmayaraq, biz çoxsaylı işlər görür, bu istiqamətdə təkmilləşdirmə aparırıq. Artıq Pakistan səfiri ilə görüşüm olub. Türkiyə böyükelçisi ilə də görüşüm gözlənilir. Bu görüşlərdə əsas məqsəd universitetimizdə keçirilmiş akkreditasiyanın nəticələrini müzakirə etmək və xarici tələbələrin ölkəmizə daha çox sayda gəlməsinə nail olmaqdır. Bundan sonra əsas hədəfimiz universitetimizin beynəlxalq reytinqlərə düşməsi məsələsidir. Bütün bunlar tədris prosesinin yeni səviyyəyə qaldırılmasına hesablanıb”.

Professor G.Gəraybəyli bütün sahələrdə olduğu kimi, tibb sahəsində də rəqabət mühitinin yarandığını, bu nöqteyi-nəzərdən Azərbaycanda da həkim olmaq üçün seçim imkanlarının artdığını diqqətə çatdırıb. Ona görə də həkim olmaq istəyənlərin ATU-nu seçməsi üçün reytinq siyahısında daha yüksək yerlər tutmağımızın zəruriliyini önə çəkib.

Rektor yekun nitqində müəllimlərin professional səviyyəsini yüksəltmək istiqamətində aparılan işlərə də toxunub. Bildirib ki, professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsinə yenidən baxılmalıdır. Həmçinin tələbənin biliyinin qiymətləndirilməsinin ən ağrılı məsələ olduğunu diqqətə çatdıran G.Gəraybəyli nəzəri kafedralarda tələbənin daha çox incidildiyini, kliniki kafedralarda isə əksinə, tələbəyə daha çox güzəşt edildiyini vurğulayıb. “Əslində qiymətləndirmənin müəllimin səlahiyyətinə daxil edilməməsi praktikası Avropada çoxdan var, artıq bizdə də tətbiq edilməyə başlanıb. Müəllimin vəzifəsi soruşmaq, incitmək, sıxmaq deyil, öyrətməkdir. Qiymətləndirmə yalnız imtahanı aparan qurumun səlahiyyətinə aiddir. Beynəlxalq təcrübədən yararlanaraq qiymətləndirmə testlərininin keyfiyyətinə də xüsusi diqqət yetirilməlidir”.

Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə də baxılıb. Şura üzvlərinə son günlərdə aparılan kadr dəyişiklikləri haqqında məlumat verilib. Ödənişli əsaslarla təhsil alan əcnəbi dinləyici, tələbə və rezidentlər üçün təhsil haqlarının müəyyənləşdirilməsi barədə məsələ də öz həllini tapıb. Beynəlxalq mübadilə proqramları çərçivəsində dəvət almış tələbələrə xüsusi güzəştlərin edilməsi qərara alınıb. Həmçinin əcnəbi vətəndaşların ATU-ya qəbulunun daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər məqbul sayılıb. Bundan başqa, ATU-nun Elmi Şurasının ATU-da Səhiyyə Nazirliyi və ÜST-ün dəstəyi ilə yaradılacaq yeni geniş profilli treninq mərkəzi haqda qərarı ləğv olunub.

Sonda dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, eləcə də elmi adları təsdiqləməklə öz işini yekunlaşdırıb.