Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə "Bexçet xəstəliyi" mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən klinikanın Revmatologiya və qastroenterologiya şöbəsinin həkim-rezidenti Sevin Həsənzadə xəstəlik və müalicə metodları haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, bexçet xəstəliyi təkrarlanan, oral və genital ülsərlər, göz, dəri, oynaq, damar və sinir sisteminin zədələnməsi ilə gedən, səbəbi bilinməyən multisistematik xəstəlikdir: "Asiyada, İpək Yolu üzərində olan ölkələrdə daha çox rast gəlinir. Bu xəstəlik əsasən 20-40 yaşlarda baş qaldırır. Kişilərdə daha agressiv gedişli olur. Xəstəlik hər pasiyentdə fərqli klinikada gedir, zaman-zaman yüngülləşmə və ağrılaşmalar ola bilər".
Xəstəlik müalicə olunmadıqda, görmə qabiliyətinin 50%-ə qədər itirilməsi ilə nəticələnə biləcəyini vurğulayan həkim, bexçetin yeni diaqnostik metodundan da danışıb: "Bud venasının qalınlığının təyini" bexçet xəstəliyinin yeni diaqnostik metodu kimi geniş şəkildə, xüsusilə bu xəstəliyin erkən mərhələsində, digər əlamətlər ortaya çıxmamış istifadə olunur".
Sonda klinikanın həkim-rezidentləri ilə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.