ATU-nun əməkdaşları və tələbələri 8 Mart bayramı münasibətilə bütün qadınları təbrik edir
1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən tikiş fabriklərinin birində çalışan yüzlərlə qadın etiraz aksiyası keçirirdi. Aksiyanın səbəbi kişilərə nisbətən az maaş almaları, iş saatlarının çox olması və pis şəraitdə işləmələri idi. Son nəticədə etirazçılar ciddi cəzalandırılır, o cümlədən 129 qadın oda atılaraq yandırılır.
Hadisədən 53 il sonra - 1910-cu ildə alman siyasətçisi, Almaniya Kommunist Partiyasının yaradıcılarından hesab olunan Klara Setkin 8 martı Beynəlxalq Qadınlar Günü kimi qeyd etmək təklifini irəli sürür. Bu təklif qəbul olunur və zaman ötdükcə populyarlıq qazanır.
Sovet dövründə geniş şəkildə qeyd olunan bu bayram ölkəmiz müstəqillik əldə etdikdən sonra da öz aktuallığını itirmədi. Bunu dövlətimizin və Azərbaycan kişilərinin xanımlarımıza olan diqqətinin bariz nümunəsi hesab etmək olar.
Bu bayram münasibətilə biz də universitetimizdə çalışan və təhsil alan 8 xanımın təəssüratlarını öyrəndik.
İkinci ildir ki, bu bayramı qürur hissi ilə keçiririk
Əsaslı kitabxananın direktoru Ziyafət Eminova yurd həsrətli xanımlarımızdandır: “Özüm Qubadlı rayonundanam. 30 ilə yaxın idi ki, heç bir bayramı ürəkdən qeyd edə bilmirdik. Amma artıq ikinci ildir ki, 8 Martı o biri bayramlar kimi sevinc, qürur hissi ilə keçirirəm. Bunun üçün Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu qarşısında baş əyir, qazilərimizə isə cansağlığı arzulayıram. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım başda olmaqla, bütün ana və bacıları, o cümlədən universitetimizin oxucularının xidmətində dayanan və əksəriyyəti qadınlardan ibarət olan kitabxananın zəhmətkeş xanımlarını ürəkdən təbrik edirəm. Növbəti bayramımızı doğma Qarabağda keçirməyi arzulayıram. 88 yaşlı anam Sevən xanımın simasında bütün anaların bayramı mübarək olsun”.
ATU-nun Kadrlar şöbəsinin müdiri Raifə Aslanova 8 Martın gəlişinə çox sevinir: “Çünki hamı əhatəsində olan xanımlara diqqət və qayğı göstərir, xoş sözlər söyləyir. Fikirləşirsən ki, bu cür bayramlar tez-tez olardı. Xanımlar özlərinə qarşı diqqət hiss edəndə, əhval-ruhiyyələri yüksəlir. O zaman bişirdikləri xörək də dadlı-ləzzətli olur, gördükləri işlərdən də sanki “gül ətri” gəlir. Xanımlarımızın hamısı yaraşıqlı və cazibədardır. Onlar gözəl ana, bacı, nənə, həyat yoldaşı olurlar. Qadınların qədir-qiymətlərinin bilinməsi kişilərdən asılıdır. Mən Azərbaycan xanımlarını, universitetimizin xanım əməkdaş və tələbələrini səmimi qəlbdən təbrik edir, hamısına xoşbəxtlik, subaylara isə həm də ailə qurmağı arzu edirəm”.
Xanımlarımız hər gün xoş sözlər eşitməyə layiqdir
Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva bizim cəmiyyətdə qadınların çox böyük rola malik olduğunu bildirir: “Hələ uşaqlıqdan görürdük ki, xanımlar 8 Martda daha baxımlı, əhval-ruhiyyələri isə yüksək olurdu. Onlara müxtəlif hədiyyələr, gül-çiçəklər verilir, haqlarında xoş sözlər deyilirdi. Arzu edirəm ki, təkcə martın 8-də deyil, hər gün xoş sözlər eşidək. Yadımdadır, ilk dəfə təbrik etdiyim anam olub. Bunun üçün xüsusi hazırlaşmış, onu çox təmtəraqla təbrik etmişdim. Özüm isə ilk dəfə bayram təbrikini atamdan görmüşəm. Biz iki bacıyıq. Hər il martın 8-də səhər tezdən atam anamızı və bizi təbrik edərdi. Gözümüzü açardıq ki, bizə hədiyyə edəcəyi gül dəstələrini gətirib. İndi bu estafeti həyat yoldaşım davam etdirir. Mən də klinikamızda çalışan bütün xanımların bayramını təbrik edirəm”.
ATU-nun İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova deyir ki, mart ayını çox sevir: “Bu ay gələndə təbiətdə oyanış hiss olunur. Səhər tezdən quşların səsini eşitmək insanın ruhunu dincəldir. Mənə elə gəlir ki, yenilənirəm. Bu ay bayramlar ayıdır. Bizim bayramımız da mart ayında qeyd olunur. Düşünürəm ki, elə qadının varlığı özü bayramdır. Çünki qadın dünyaya övlad gətirir, ailəni idarə edir, hər cür zəhmətə qatlaşır. Bir ailədə ana dünyasını dəyişirsə, sözün əsl mənasında ailə yetim qalır. Çünki ata ananı əvəz edə bilmir. Amma bizim qadınlarımız bəzən gənc yaşlarında həyat yoldaşlarını itirəndə, evdə atanın yükünü də öz çiyinlərinə götürür, övladlarını idarə edirlər. Millətimin qadınları olduqca fədakardır. Xanımlarımızı sevməli, dəyərləndirməli və qədrini bilməliyik”.
Tarixən Azərbaycan kişisi xanımlara dəyər verib
Hərbi tibb fakültəsinin Hərbi cərrahiyyə kafedrasının müəllimi, tibb xidməti kapitanı Sevinc Orucova çalışdığı kollektivdə kişilərin üstünlük təşkil etdiyini diqqətimizə çatdırdı: “Tarixən Azərbaycan kişisi, türk kişisi xanımlara, o cümlədən həyat yoldaşına dəyər verib. Hazırda Müdafiə Nazirliyinin Akademiyasında dil kursu keçirəm. Biz bu qrupda iki xanımıq. Bizə xüsusi diqqət göstərir, xoş sözlər deyir, hədiyyələr verirlər. Azərbaycan zabiti sözün əsl mənasında centlemendir. Digər işlədiyim kollektiv isə həkimlərdən ibarətdir. O kollektivdə də xanımlar eyni diqqət və qayğı ilə əhatə olunurlar. Gözəl, sağlam düşüncəli övladların, o cümlədən vətənpərvər zabitlərin yetişməsində Azərbaycan qadınlarının rolu müstəsnadır. Biz belə layiqli övladların qəhrəmanlığını Vətən müharibəsində bir daha gördük. Vətənimizə qorxmaz, cəsarətli, vətənpərvər övladlar bəxş etdiyinə görə, başda şəhid və qazi anaları-bacıları olmaqla, bütün Azərbaycan xanımlarını təbrik edirəm. Heç şübhəsiz, universitetimizdə çalışan nəcib xanımlar və tələbələrimiz də təbriklərimin sırasındadır”.
İnformasiya sistemlərinin təşkili və idarəolunması mərkəzinin əməkdaşı Cəmilə Quliyeva da martın 8-də əhval-ruhiyyəsinin yüksəldiyini, diqqət və qayğı ilə əhatələndiyini görməyin xoş olduğunu bildirir: “Heç olmasa, 8 Martda kişilər zaman ayıraraq, öz analarını, həyat yoldaşlarını, qızlarını və yaxın çevrələrində olan xanımları təbrik etməlidirlər. Yadımdadır, bizə uşaq bağçasında və məktəbdə oxuduğumuz illərdə anamıza təbrik məktublarını necə yazmağı öyrədərdilər. Hər kəs ürək sözlərini yazardı. Bu da bizi anamızı təbrik etməyə həvəsləndirərdi. Həmin günə anamızdan xəlvət xüsusi hazırlaşar, ona zərf hazırlayardıq. Zərfdə xoş sözlər yazar, rəngbərəng kağızlardan bəzəklər, ürək və çiçəklər düzəldərdik. İlk təbrik etdiyim anam olub. Hədiyyəmi görüb, çox sevinmişdi. Mənə elə gəlir ki, bu bayram gələndə, sanki yaz gəlir. Çünki insanların üz-gözlərində bir sevinc hiss olunur. Bütün Azərbaycan xanımlarının həmişə gülərüz, sevincli olmalarını arzu edirəm”.
Xanımlarımızın öz bayramının olması çox gözəldir
İctimai səhiyyə fakültəsinin tələbə dekanı Fidan Həsənlinin sözlərinə görə, diqqət və sevgi göstərilən hər bir bayram özəldir: “Xüsusilə də 8 Mart bayramı... Başda şəhid və qazi anaları olmaqla bütün analarımızı və o cümlədən məni dünyaya bəxş edən Nuranə xanımı səmimi qəlbdən təbrik edirəm. Həyatımızın hər bir mərhələsində bizə dəstək olan, uğurlara ruhlandıran xanımlarımızın özləri, əslində ən çox diqqətə ehtiyac duyanlardır. Məhz onlar bu diqqətdən və sevgidən stimul alıb uşaq böyüdür, ailənin möhkəmlənməsi üçün əllərindən gələni edirlər. Ona görə də, xanımlarımızın hər biri xoş sözlərə, gözəl diləklərə layiqdir. Çünki hər bir xanım gələcəyin anasıdır. Mən də çox şanslıyam ki, ailəmdə, oxuduğum universitetdə və işlədiyim kollektivlərdə həmişə diqqət, qayğı və sevgi görmüşəm. İnanıram ki, bu, gələcək həyatıma da müsbət təsirini göstərəcək”.
II Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Burçin Kaya 8 Martda özünü daha inamlı, hər şeyin öhdəsindən gələ biləcək gücdə hesab edir: “Özümə güvənim daha da artır. Qadının kişi ilə bərabər hüquqlara malik olduğunu bir daha hiss edirəm. Bu gün dünya çapında hər sahədə uğur qazanmış qadınların yad edilməsi, onların nümunə kimi gələcək nəsillərə tanıdılması təqdir olunmalı haldır. Hansısa gənc xanım hansısa sahədə uğur qazanmış, tanınmış bir şəxsi özünə ideal seçə, ona bənzəməyə çalışa bilər. Xanımlarımızın öz bayramının olması çox gözəldir. İlk dəfə mən də çoxları kimi anamı təbrik etmişəm. Bu bayramda xalqımıza görkəmli simalar bəxş etmiş anaları da yada salıram. İlk dəfə bu bayramı ikinci Vətənim Azərbaycanda qeyd edirəm. Bu baxımdan, təbriklər də fərqlidir”.