Tempus proqramının MUMEENA layihəsi başa çatır
Artıq 3 ildir ki, Azərbaycan Tibb Universiteti Avropa Birliyinin TEMPUS programının MUMEENA layihəsinin iştirakçısıdır. Bu layihə Şərqi Avropa qonşu ölkələrində Tibb Təhsilinin Müasirləşdirilməsini nəzərdə tutur. Layihənin əsas məqsədi Azərbaycan, Gürcustan, Ukrayna universitetlərinin inteqrasiya olunmuş kurrikulumlarının təkmilləşdirilməsi, tədris və təhsilə yeni yanaşma və yeni məzmunun gətirilməsidir. Layihə çərçivəsində Avropa Tibb Təhsili Assosiasiyası və Tibb təhsili üzrə Dünya Federasiyası standartlarının tətbiqi nəzərdə tutulur. Bunlar arasında Geriatriya, Səhiyyənin Təşkili, Təcrübəyə əsaslanan tədris və Tədqiqat vərdişləri metodologiyaları yer alır.
MUMEENA layihəsi çərçivəsində indiyədək Tibb Universitetində tədqiqat bacarıqları, Situasiyaya bağlı klinik əsaslandırma (klinik təfəkkürün inkişaf etdirilməsi) üzrə bir neçə seminar keçirilib. Layihənin dəstəyi ilə ATU-da Müəllimlərin təlim mərkəzi yaradılmış, metodik vəsaitlər çap olunmuşdur. Həmçinin, ATU-nun müəllimləri Boyuk Britaniyanın Lids universiteti, Niderlandın Utrecht universiteti, İspaniyanın Granada universiteti, İtaliyanın Katolik universitetində, Tbilisi Dövlət Tibb universitetində, Ukrayna Milli Bohomolets universitetində uyğun seminarlarda istirak ediblər.
Tibb Universiteti 2013-cü ilin oktyabr ayında MUMEENA layihəsinin növbəti konfransına ev sahibliyi edib. Konfrans zamanı partnyor universitetlərdən 30-dan artıq nümayəndə ATU-nun qonağı olub, son illərdə ölkəmizdə səhiyyə və tibb təhsilində baş vermiş irəliləyişlərin şahidi olublar.
Koordinator universitetlərin iştirakı ilə keçirilən daha bir tədbir 25-28 iyun 2014 il tarixində ATU-nun Tədris Cərrahi klinikasında baş tutub. Bu zaman İtaliyanın Roma Katolika Universitetinin professoru Federika Volf və İspaniyanın Granada Universitetinin professoru Xose Peinado, Nederland Krallığı Uterxt Universitetinin professoru Olle Ten Kate və Mariya Van Lun təlim və nümunəvi dərs keçiblər. Seminarlarda ATU-nun müəllimləri, rezidentləri və tələbələri aktiv iştirak ediblər. Xarici qonaqlar Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və ATU-nun Elmi işlər üzrə prorektoru professor İbrahim İsayev, Tədris şöbəsinin müdiri dos Nəsimi Qasımov, Cərrahi klinikanın rəhbərliyi ilə görüşlər keçirmiş, gələcək əməkdaşlıq məsələləri barəsində müzakirələr aparıblar. Qonaqlar həmçinin ATU-nun məzun gecəsində iştirak ediblər.
Qeyd edək ki, Tempus proqramının tərkib hissəsi olan MUMEENA layihəsi başa çatıb. Bir daha xatırladaq ki, İtaliyanın Roma Katolik universitetinin koordinatorluğu ilə reallaşan bu layihədə Böyük Britaniyanın Lids Universiteti, Niderlandın Utrecht Universiteti, İspaniyanın Granada Universiteti, Tbilisi Dövlət Tibb Universiteti, Tbilisi Dövlət Universiteti, Ukrayna Milli Bohomolets Universiteti, İvano-Frankovsk Milli Tibb Universiteti, Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti iştirak edirdilər.